Ali məktəblərimiz niyə savadlı tələbə yetişdirə bilmir...- Araşdırma

29-05-2014, 11:15   
Ali məktəblərimiz niyə savadlı tələbə yetişdirə bilmir...
ANS-in əməkdaşı Azərbaycanın ali təhsil ocaqlarının QS reytinqinə düşə bilməməsinin səbəblərini araşdırıb.
Hər hansı bir ali təhsil ocağının tanınma dərəcəsi və onun reytinqi birinci növbədə dünyada məzunlarının tələbatı ilə ölçülür. Dünya universitetlərinin reytinqi “Quacquarelli Symonds” (QS) konsaltinq şirkəti tərəfindən dərc edildiyindən universitetlərin reytinti mediada QS adlanır. Elə bir çox ünlü müəssisə və təşkilatlar bir neçə il öncədən hər hansı mütəxəssisin hazırlanması üçün QS reytinqi yüksək olan ali təhsil ocaqları ilə müqavilə imzalayır.

Dünyanın ən yaxşı ali təhsil ocaqları QS reytinqində elmi-tədqiqat sahəsindəki nüfuzuna, professor-müəllim heyətinin tələbələrin sayına nisbətinə, iş təklif edən qurumların etibarlılığına, sitat gətirmə indeksinə, xarici müəllim və tələbələrin sayına görə təyin edilir. Bu altı kriteriyadan hər hansı biri çatışmadıqda universitetlərin QS reytinqi hazırlanmır.

Qeyd edək ki, 2013-cü ildə QS tədqiqatında 700-dən artıq ali təhsli ocaqları iştirak edib. Onlardan 18-i Rusiyanı təmsil etsə də yalnız biri TOP-200-ə daxil ola bilib.

Buna baxmayaraq Rusiya hökuməti hər il öz ali təhsil ocaqlarının qarşısına ambissiyalı məsələ qoyur, yəni 2020-ci ildə onlardan ən azı 5-i ən yaxşı yüzlüyə daxil olmalıdır.
Azərbaycanda isə bu cür məsələnin ali təhsil ocaqlarının qarşısında qoyulub qoyulmaması haqda informasiya yoxdur. Lakin aydındır ki, QS reytinq tədqiqatında ali məktəblərin iştirak etməsi ölkəmiz üçün vacib ola bilərdi.
Keçmiş əsrin 70-ci illərinə qədər Azərbaycan Neft Akademiyasının məzunları neft və neft-kimya sənayesinin mütəxəssisləri arasında demək olar ki, dünyada ən çox tələb olunanlar sırasında idilər. Dünyanın 40 ölkəsi öz gənclərini Azərbaycan neft institutunda təhsil almaq üçün göndərirdi. Onun auditoriyalarından çıxan mütəxəssislər tək sovet məkanında deyil, işləmək üçün həm də başqa ölkələrə göndərilirdi. Məhz bu ali təhsil məktəbinin məzunlarının fəaliyyəti, apardıqları fundamental tədqiqat nəticəsində Sovet İttifaqının neft emalı və neft-kimya məktəbi yaranmışdı. 1992-ci il mart ayının 21-də Azərdaycan SSRİ-dən çıxdıqdan sonra neft kimya institutun adı Azərbaycan Neft Akademiyası ilə əvəzləndi.
Əslində isə bizim neft institutumuz dünyada hər zaman elə Neft Akademiyası kimi tanınmışdı. Mütəxəssislərimizin yuksək səviyyəli savadı və zəngin təcrübəsi Azərbaycandan uzaq olan ölkələrdə də məlum idi. Havayı yerə demirdilər ki, neft kraliçasıdırsa, Bakı onun taxtıdır.
Bu, adı çəkilən görkəmli məzunlarımızın qısa siyahısıdır: S.A.Orucov - SSRİ qaz sənayesi naziri, N.K.Baybakov – SSRİ Dövlət Plan Komitənin sədri, A.M.Malunsev – Sibirdə neft emal sənayesinin yaradıcısı, X.P. Sırov – neft xalq komissarlığının baş geoloqu (Onun kəşf etdiyi usul Başkırdıstanın Uralətəyi ərazisində neft yataqlarının açılışına imkan vermişdi), İ.Ə.İbrahimov – texniki elmlər doktoru, AMEA-ın həqiqi üzvü, 20 il ərzində AzNKİ-nin rektoru, K.Ə. Kərimov - kosmik uçuşların idarəetmə üzrə Dövlət komissiyanın sədri , qeneral- leytenant, А.Х. Mirzəcanzadə - akademik, Rusiya təbii elmlər akademiyasının həqiqi xarici üzvü (Onun rəhbərliyi altında 300 namizəd və 120 elmlər doktoru hazırlanıb), F. Q. Salmanov – Sibir neftini ilk kəşf edən, geologiya və mineroloqiya üzrə elmlər doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, V.Y.Ələkbərov – iş adamı, Rusiyanın "Lukoyl" şirkətinin prezidenti.

Azərbaycan mütəxəssislərinin zəhməti hesabına "Azneft"in ilk yanğınsöndürən idarəsi yaradılıb. Digər neft regionlarından trest rəisləri anoloji yanqınsöndürən hissələrin yaranması üçün məhz bu quruma xahişlə müraciət edirdilər. Bakıda işlənmiş qaz və neft fontan yanğınlarının partlayış üsülu ilə unikal söndürmə usulu ilk dəfə Maykopda yeddi ay yarım yanan qaz fontanının söndürülməsi zamanı istifadə edilmişdi.

"1957-ci ildə mən Albaniyada işləyirdim. Orada açıq neft fontanlı quyuların birində yanğın baş verdi. Amerika və Çindən gələn mütəxəssislər yanğının qarşısını ala bilmirdilər. Baxmayaraq ki, nüfuzlarını saxlamaq xatirinə çox çalışırdılar. Təşəbbüsləri isə heç bir fayda vermirdi. Albanlar kömək üçün bizim mütəxəssislərə müraciət etdilər. Yalnız Azərbaycandan gələn komanda yanğını cilovlaya bildi". Bunu Neft Akademiyasının 1946-ci il məzunu Kazım Bağırov xatırlayır.
Bu gün 92 yaşlı K.Bağırov fəxr hissi ilə yada salır ki, işlədiyi ölkələrdə mütəxəssislərimizə olan hörmətin şahidi olub. Onun sözlərinə görə ortaya çıxan mürəkkəb problemlərin həlli məhz bizim ustalara etibar edilirdi.

"70-ci illərin əvvəlində Kubada işləyirdm. Müqavilənin rəhbəri azərbaycanlı qazmaçı Calal Məmmədov təyin olunmuşdu. Quyuların istifadə və istismara verilməsi üzrə müavini isə Krasnodardan gələn mütəxəssis idi. O, bir qaz quyusunu istifadəyə və sonra istismara verməli idi. Həmin quyuda problem yarandığından o bağlanmış vəziyyətdə idi. İşin öhdəsindən gələ bilmirdi, orada partlayış ehtimalı vardı. Əslində mən onun tabeçilində olduğum üçün özünü sindırıb mənə müraciət etmək istəmirdi. Digər mütəxəssislərlə birgə işi görmək cəhdləri də uğursus alınırdı. Canını bu işdən qutarmaq üçün quyunun istifadəsi mümkün olmadığına görə müqavilə rəhbərinə məruzə etmişdi. Calal Məmmədov məni dəvət etdi və quyunun öhdəsindən gələ biləcəyimdən xəbər aldı. Bu işi üzərimə götürdüm. Tanınmış həmyerlimiz Sabit Orucovun aerolizasiya usulundan istifadə edərək bu işin öhdəsindən gəldim".

Görəsən, belə olan halda Azərbaycan Neft Akademiyasının dünyanın ən yaxşı ali təhsil ocaqlarının siyahına düşməsinə nə maneçilik törədir?

Bu sualla iqtisadiyyat üzrə ekspert Oktay Haqverdiyevə müraciət etdik. O xüsusi ilə qeyd etdi ki, Neft Akademiyasından savayı digər universitetlərimiz haqda deyə bilərəm ki, onların heç biri müasir QS reytinqini təyin edən tələblərə hələ cavab verə bilmir. Neft Akademiyası isə vaxtı ilə dünyanın ən yüksək tələblərinə cavab verən tanınmış ali təhsli məktəblərindən biri sayılırdı. Təəssüflər olsun ki, son zamanlarda o da keçmişdə qazandığı bir neçə nailiyyətlərini itirib. Bu gün yüksək QS reytinqi əldə etmək üçün Neft Akademiyasına ilk növbədə mane olan səbəblərdən biri də müşahidə edilən rüşvətxorluq və korrupsiya elementlərinin mövcüdluğudur. QS reytinqi üzrə tədqiqat təşkil edən qurumlar bu məsələyə hər tərəfli yanaşır. Azinneftkimya hər zaman olduqca savadlı mütəxəssis hazırlayıb. Amma son illərdə bu göstərici xeyli aşağı düşüb. Keçmiş illərin modelini götürüb bu günkü tələblərlə qiymətləndimək mümkün olsaydı, o zaman dünyanın nəinki 100, bəlkə də ən yaxşı 10 ali məktəbləri siyahısında olardı".

"Ali məktəblərin reytingi təyin olunan zaman onların hansı səvviyədə elmi tədqiqat məsələlərlə məşğul olduğu əsas kriteriyalardan sayılır"- deyə O.Haqverdiyev əlavə etdi: “Misal üçün, ABŞ ali məktəblərini götürək. İş ondadır ki, onlarda Elmi Tədqiqət İnstitutları yoxdur. Elmlə məhz ali məktəblərdə məşğul olurlar. Bu da özünü doğruldur. Gənclərin təfəkkürü elmi işlərin həlli üçün daha səmərəli və effektli olur. Bunun üçün tələbələrə bütün şərait yaradılır. Müasir laboratoriyalar məhz ali məktəblərdə yerləşdirilir. Vaxtı ilə bizdə də Elmi Tədqiqət İnstitutlarının profillərinə uyğun olaraq Ali Təhsil Müəssisələrinə verilməsi barədə təkliflər səsləndirilib. Bunun üçün isə vaxt tələb olunur. Bu cür islahatın həyata keçirilməsinə ən azı 10 il vaxt lazımdır. İstək olan yerdə də bu mümkündür".

Yuxarıda qeyd etdiyimiz kimi hər ali məktəbin nüfuzu iş təklif edənlərin qarşısında qazandığı etibarı, məzunlarının cəmiyyətdə tələbatı ilə təyin edilir. Bu da ilk növbədə müəlimlərin yüksək səviyəli olmasından asılıdır. Təəssüflər olsun ki, ali məktəblərdə istehsalat praktikaları çox zaman formal xarakter daşıyır. Neft Akademiyası dövlətə tabe olduğundan xaricdən peşəkar müəllimlərin dəvət edilməsi hadqa düşünməyə dəyər. Bu da savadlı tələbələrin hazırlanmasında özünün müsbət təsirini göstərə bilər.

Unutmayaq ki, vaxtilə neft sənayesində azərbaycanlı mütəxəssislərə böyük ehtiyac duyulurdu, bu baxımdan mükəmməl savada malik olan tələbələrin yetişdirilməsi günün tələblərindən biridir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.