Ukraynaya görə enerji geosiyasəti köklü dəyişiklik ərəfəsindədir
Qərb - Rusiya münasibətlərinin kəskinləşməsi fonunda enerji amili getdikcə daha qabarıq səviyyədə ön plana çıxır. Ukraynaya görə yaranan bu ziddiyyət fonunda Kiyev enerji amili ilə Rusiyanın sıxışdırılması üçün Qərblə işbirliyinin qurulmasında maraqlı tərəf kimi çıxış edir. Artıq məlumdur ki, Ukrayna mayın 28-də Rusiyadan aldığı qazın qiymətilə bağlı Stokholm arbitraj məhkəməsinə müraciət edəcək.
Ukraynanın energetika naziri Yuri Prodan Berlində Avropa Birliyi, Rusiya və Ukrayana arasında keçirilən üçtərəfli görüş fonunda bildirib ki, Berlindəki görüş zamanı tərəflər növbəti dəfə də razılığa gələ bilməyib: "Berlindəki üçtərəfli danışıqlarda konkret razılıq əldə olunmadı, amma məsləhətləşmələrin davam etdirilməsinə ümid var". O həmçinin bildirib ki, Ukrayna tərəfi, həmişəki kimi, Rusiyaya qazın hər min kubmetrinə görə 268 dollar ödəməyə hazırdır. Qeyd edək ki, mayın 28-ə qədər Ukrayna və Rusiya qaz mübahisəsinə son qoya bilməsə, Ukraynanın "Naftoqaz"ı və Rusiyanın "Qazprom"u məsələni Stokholmdakı arbitraj məhkəməsində aydınlaşdırmağa məcbur olacaq.
Gözlənir ki, Qərbin təsiri ilə məhkəmə Ukraynanın lehinə qərar çıxaracaq. Bu şəraitdə Rusiyanın Ukraynaya qaz satışını dayandırması gözlənir. Qərb bu amili də nəzərə alıb. Artıq Almaniyanın RWE şirkəti Polşadan Ukraynaya qazın revers nəqlinə başlayıb. Revers nəql Polşa ərazisindən keçir. Bu nəql 2012-ci ilin mayında "Naftoqaz"la "RWE Supply & Trading" arasında imzalanan beşillik çərçivə sazişi əsasında həyata keçirilir.
Müqaviləyə əsasən, ixrac həcmləri bir ildə 10 milyard kubmetrə qədər çata bilər.
Polşanın baş naziri Donald Tusk isə bildirir ki, Avropa İttifaqı (Aİ) enerji birliyi yaradaraq öz qaz təchizatını və enerji təhlükəsizliyini təmin etməlidir, çünki qurumun Rusiyadan olan asılılığı onu zəiflədir: "Ukrayna hadisələrinin necə inkişaf etməsindən asılı olmayaraq, bir nəticə aydındır: Rusiya enerjisindən həddən çox asılılıq Avropanı zəiflədir".O, həmçinin, Aİ-nin yeganə nəzarət mərkəzi altında bank birliyi yaratdığını qeyd edib və bildirib ki, Aİ artıq elektrik stansiyaları üçün mərkəzləşdirilmiş şəkildə uran alır. Baş nazirin təklifinə görə, İttifaq eyni yanaşmanı Rusiya qazına da tətbiq etməlidir: "Buna görə də mən enerji birliyinin yaranmasını təklif edirəm. Bu, Avropa İttifaqını öz kökünə qaytarmış olar". Tuskun sözlərinə görə, bu cür birlik bir neçə element üzərində qurulmadır və bunların ən birincisi bütün 28 üzv dövlət üçün enerji alışı ilə məşğul olan yeganə qurumun yaranmasıdır.
Bu arada onu da qeyd edək ki, Kiyevin qazla təmin olunması Polşanın "Gaz System" adlı şirkətinə həvalə edilib. Polşa Ukraynaya qaz satışında da fəallıq göstərir. Qeyd edək ki, rəsmi Kiyev Polşadan ilk dəfə 2012-ci ildə qaz almışdı. O vaxt "Qazprom"la sövdələşmə baha olduğu üçün Ukrayna Avropaya üz tutmuşdu. Lakin sonradan rəsmi Moskvanın qazı daha ucuz satmağa razılaşması Qərblə qaz ticarətinə son qoymuşdu. Məsələnin maraqlı tərəflərindən biri isə odur ki, Ukraynaya qaz verən Qərb ölkələri özləri Rusiyadan kənar mənbələrdən qaz alışı üçün səylərini genişləndirir. Bu xüsusda, həmişəki kimi, üz tutulan əsas ünvanlardan biri qismində Azərbaycan çıxış edir. Elə Ukraynaya qaz ötürülməsi məsələsində fəaliyyətə keçən Polşa da bu xüsusda ölkəmizə böyük ümidlər bağlayır. Polşa baş nazirinin müavini Yanuş Pexoçinski elə bu günlərdə bəyan edib ki, Avropa enerji resurslarının təhlükəsiz ixracının təmin edilməsi ilə bağlı yeni siyasət çərçivəsində Azərbaycanın bu sahədə potensialını mütləq nəzərə almalıdır: "Biz Azərbaycanın Türkiyədən keçən qaz kəmərinin, yəni TANAP-ın tikintisi layihəsinin reallaşdırılması üçün hansı səylər göstərdiyini gözəl anlayırıq. Avropa enerji resurslarının təhlükəsiz ixracının təmin edilməsi ilə bağlı yeni siyasət çərçivəsində Azərbaycanın bu sahədə potensialını mütləq nəzərə almalıdır". Onun sözlərinə görə, Polşa üçün təkcə Azərbaycanla təbii qazın alınması üzrə deyil, həm də qaz kəmərinin tikintisi üzrə əməkdaşlıq daha çox maraq kəsb edir.
Beləliklə, Ukraynaya qaz satan Polşa özü Azərbaycandan qaz alışına xüsusi maraq göstərir. Təbii ki, bu hal da şimal qonşumuzun xoşuna gəlməyəcək. Digər tərəfdən, Ukrayna hələ Viktor Yanukoviç dövründə Azərbaycandan qaz almağa xüsusi maraq göstərib. Rusiya ilə ziddiyyətin dərinləşməsi fonunda Ukraynanın yenidən Azərbaycana da üz tutması gözlənir. Moskva isə bütün bunlara, təbii ki, seyrçi qalmayacaq.