Pul ödə, sürət məhdudiyyəti olmayan yolda sıx qaza...
Azərbaycanda uzun müddətdir müzakirə predmetinə çevrilən məsələlərdən biri də pullu yolların olmasıdır. Paytaxt Bakıda tıxac probleminin böyüməsi, maşınların sayının sürətlə artması fonunda belə yolların artıq istifadəyə verilməsini dəstəkləyənlərin sayı artır. Ekspertlərə görə, ödənişli yolların çəkilməsi magistral yollarda nəqliyyatın sıxlığını da nisbətən aradan qaldıracaq.
Belə ki, həmin yollarda maksimal sürət həddi olacaq və mənzil başına tez çatmaq istəyən sürücülər müəyyən məbləğ ödəməklə bu yolla daha rahat hərəkət edə biləcək.
Onu da xatırladaq ki, Nəqliyyat Nazirliyi hansı yolların pullu olması və buna nə qədər ödəniş edilməsi istiqamətində araşdırmalar aparır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədr müavini Vaqif Hacıyev isə bu günlərdə bildirib ki, artıq məsələ ilə bağlı yolların çəkilməsinə məsul olan "Azəryolservis" bir neçə yol layihəsi variantını nəzərdə keçirir. Cəmiyyət eyni zamanda beynəlxalq təcrübəni də nəzərə alır. Hazırda yaxın gələcəkdə ödəniş tətbiq ediləcək yollar sırasında Bakı-Quba yoluna alternativ çəkilən yeni Gəndob-Rusiya sərhədi yolunun 60 km-nin, "İpək Yolu"na paralel çəkiləcək yolun, eləcə də Hacı Zeynalabdin Tağıyev qəsəbəsi-Sahil qəsəbəsi avtomobil yolunun pullu olması variantı nəzərdən keçirilir.
V.Hacıyev hesab edir ki, bu sahədə yeni qaydalar təkmilləşdirilməli və hazırlanmalıdır: "Bu mürəkkəb məsələdir. Hazırda bunun üzərində iş gedir. Nə vaxtsa belə yolun olmasını təmin etməyi düşünürük. Ödənişli yollar alternativ olan yollarda olacaq. O yolun bütün tələblərə cavab verməsi lazımdır. Məsələn, yolda qəza hadisəsi bu yolun ucbatından baş verərsə, bütün xərclər yolun boynunda qalacaq, o cümlədən yolun qorunması, saxlanması, yüksək səviyyədə təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər nəzərə alınmalıdır. Bu bir günün işi deyil".
Pullu yolların çəkilişində Azərbaycan beynəlxalq əməkdaşlığa da xüsusi önəm verir.
Bu fonda xatırladaq ki, Asiya İnkişaf Bankı (AİB) hələ ötən il Azərbaycanda ödənişli yolların tətbiq olunması imkanlarının araşdırılması barədə yerli və xarici tərəfdaşlara tanışlıq hesabatı təqdim edib. Hesabata görə, son illər hökumətin yol alt sektoruna böyük həcmdə investisiya qoymasına baxmayaraq, yol şəbəkəsinin yeniləşdirilməsi prosesi və yollarda artan nəqliyyat göstərir ki, yol şəbəkəsinin davamlı inkişaf etdirilməsi və məqbul səviyyədə saxlanması üçün daha artıq maliyyə vəsaitinin ayrılması vacibdir. Hazırda donorlar özəl sektorun iştirakı ilə daha keyfiyyətli xidmətin göstərilməsi və yolların saxlanması üçün ayrılan vəsaiti artırmaq məqsədilə birbaşa və ya dolayı gəlir əldə etmək imkanları axtarır. "Ödənişli Yollar" haqqında araşdırmanın məqsədi ödənişli yolların tətbiqi üçün prioritet yol hissələrini və özəl sektorun iştirakının səmərəliliyi müəyyənləşdirmək, Azərbaycanın mövcud normativ-hüquqi bazası əsasında özəl sektorun yol alt sektorunda davamlı iştirakının mümkünlüyünü öyrənməkdir.
Bütün bunlar isə yaxın tezlikdə pullu yollar təcrübəsinin Azərbaycanda da tətbiq olunacağını deməyə əsas verir. Xatırladaq ki, belə yollar təcrübəsi dünyada, xüsusən də ABŞ və Avropada geniş yayılıb. MDB ölkələrində də bu təcrübədən istifadə edənlərə rast gəlinir. Məsələn, şimal qonşumuzda belə yollardan istifadə genişlənməkdədir. Bu cür yollar daha rahat və təhlükəsiz olması ilə seçilir.
İqtisadçı-ekspert Azər Mehtiyev isə bildirir ki, pullu yollardan istifadəyə görə yığılan vəsait həmin yolların davamlı yaxşı vəziyyətdə saxlanmasına, yaxşı xidmət göstərməsinə şərait yaradacaq. O, digər yollardan fərqli olaraq, pullu yolların saxlanmasında iştirak edən insanlara buradan yığılan pullar hesabına maaş ödəniləcəyini qeyd edib: "Pullu yolların tətbiq olunduğu istiqamətdə mütləq alternativ yollar olmalıdır. İnsanların pulsuz yollardan istifadə etmək imkanı olmalıdır.
Pullu yollardan istifadə etməyə hər kəsin imkanı çatmaya bilər. Bu təcrübənin tətbiqi insanların rahatlığına xidmət edəcək. Pulsuz yollar daha uzun olduğuna, avtmobillə daha çox yükləndiyinə, daha keyfiyyətsiz xidmət göstərildiyinə görə insanların bir qismi əlavə ödəniş hesabına daha rahat pullu yollardan istifadə edə biləcək. Pullu yollar alternativlik imkanı yaradacaq. Pullu yollar həmçinin digər yolların salınması, tıxacların aradan qaldırılması, yolların bir hissəsinin xərclərində dövlətin yükünün azaldılması baxımından əhəmiyyət kəsb edir".