Yenidən qabaran İsrail-Türkiyə gərginliyində bir daha Azərbaycanın mövqeyi məsələsi...

29-05-2014, 11:26   

"Mavi Mərmərə" olayından sonra pisləşən İsrail-Türkiyə münasibətləri yenidən özünün gərgin mərhələsinə qədəm qoyur. Belə vəziyyət isə hər iki dövlətlə yaxşı münasibətlərə malik Azərbaycan üçün sərəfəli sayılmır. Buna rəğmən, Türkiyə və İsrail arasında son proseslər gərginliyin artan xətt üzrə inkişaf edəcəyini göstərir.
Məsələ burasındadır ki, Türkiyədə Ağır Cinayətlər üzrə 7-ci İstanbul məhkəməsi "Mavi Mərmərə" gəmisinə edilən hücumla bağlı davam edən cinayət işində həmin vaxt İsrail baş qərargah rəisi vəzifəsini daşıyan Rau Aluf Qabiel Aşkinazinin saxlanmasına sanksiya verib."Anadolu" agentliyinin verdiyi xəbərə görə, şəhər məhkəməsi, həmçinin, bu ölkənin Dəniz Qüvvələri komandiri Eliezer Alfred Maro, Kəşfiyyat Xidmətinin sədri Amos Yadlin, Hava Qüvvələri komandiri Avişay Levinin də saxlanmasına qərar verib. Məhkəmə şübhəlilər haqqında "qırmızı bülleten" çıxarılması üçün müvafiq orqanlara müraciət ünvanlayıb.
Adının açıqlanmasını istəməyən bir İsrail rəsmisi isə "AFP"yə verdiyi açıqlamada Türkiyə məhkəməsinin qərarını gülünc provokasiya aadlandırıb: "Türklərin İsrailə vermək istədiyi mesaj budursa, mesaj aydın oldu".
Qeyd edək ki, "Mavi Mərmərə" problemi ətrafında yaranan ziddiyyət hələ də tam çözümünü tapmayıb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsrail ilə "Mavi Mərmərə" zərərçəkənlərinə təzminat ödənməsi ilə əlaqədar hansısa bir mərhələyə varıldığını, ancaq konkret nəticəyə gəlinmədiyini deyib. İndiki vəziyyətdə hər hansı açıqlama verə bilməyəcəyini qeyd edən Davudoğlu bildirir: "Bu cür görüşlər konkret nəticə əldə olunana qədər açıqlanmamalıdır".
İsraildə belə fikirlər səslənir ki, baş verənlər həm də prezident seçkiləri ərəfəsində baş nazir Rəcəb Tayyib Ərdoğanın növbəti gedişi kimi şərh edilə bilər. Təl-Əvivdə belə hesab olunur ki, Ərdoğanın prezident olmaq şansı böyükdür və belə vəziyyət İsrail-Türkiyə münasibətlərinin hələ uzun müddət gərgin bir məcrada qalmasını şərtləndirəcək. İsrail kəşfiyyatının keçmiş rəhbəri Yakov Kedmi Ərdoğanın şəxsiyyəti, xarakteri və niyyətləri haqqında aşağıdakıları bildirib":Ərdoğan Türkiyədə ən güclü siyasətçidir. Onunla Türkiyədə heç kim rəqabət apara bilməz. Avropa təfəkkürü ilə Ərdoğanın hakimiyyət idarə etməsinin nə qədər demokratik olmasını söyləmək çətin olsa da, onun hələ gələcəkdə də Türkiyəni idarə edəcəyini söyləmək mümkündür. O, Türkiyədə yeni qüvvələrlə, o cümlədən Rusiya, Çin və Hindistana istiqamətləndirilən prinsiplərə əsaslanan siyasi strategiya yürüdür. Avropa və Amerikanın bir sıra dövlətlərin daxili işlərinə müdaxilə edərək onların rejimlərini dəyişmək cəhdləri digər dövlətləri narahat edir. Xüsusən də heç bir siyasi şərt qoymayan Rusiya, Çin və Hindistanla müqayisədə Türkiyə daha çox narahatlığını nümayiş etdirir. Beləliklə, Türkiyənin Aİ-dən uzaqlaşması, Aİ, ABŞ və NATO ilə münasibətləri nəzərə alaraq, Türkiyə üçün yeni siyasi fazaya keçid kimi qiymətləndirilə bilər. Əsasən də Sovet İttifaqının dağılması və Rusiyanın hər hansı bir ideoloji ekspansiyadan imtina etməsinə görə Türkiyə Rusiyanı təhlükə olaraq görmür. Lakin Türkiyənin NATO-ya üzv olması məsələsi bu iki dövlət arasında münasibətləri xeyli çətinləşdirir"
Qeyd edək ki, Türkiyənin İsraillə münasibətlərini gərgin həddə saxlaması ABŞ tərəfindən də müsbət qraşılanmır. Vaşinqtonun bu iki dövləti barışdırmaq cəhdləri indiyə qədər fiaskoya uğrayıb. Azərbaycan da sözügedən dövlətlər arasında münasibətlərin pisləşməsini istəmir. Çünki bu iki dövlət arasında yaşananlar Azərbaycana da təsirsiz ötüşmür və müəyyən dərəcədə ölkəmizin də maraqlarına toxunur. Hazırda rəsmi Bakı Türkiyə və İsrail arasında münasibətlərin normal məcraya qayıtmasında maraqlıdır. Lakin yaxın perspektivdə bunun baş tutacağı inandırıcı görünmür. Düzdür, ekspertlər bildirir ki, Türkiyə və İsrail arasında münasibətlərin pisləşməsi Azərbaycana birbaşa təsir göstərməyəcək. Belə ki, hazırda Türkiyə və İsrail arasında olan problemlər Azərbaycana əhəmiyyətli təsirə malik deyil.
Azərbaycanın İsraillə münasibətləri Türkiyə ilə bağlı deyil, yəni Türkiyə və İsrail arasında münasibətlər əsasında qurulmayıb. Bununla belə, ekspertlər Bakının hər iki dövlətlə yaxşı münasibətdə olduğunu nəzərə alaraq, perspektivdə olayların Azərbaycana təsirini istisna etmir. Bu fonda Bakının marağında olan hal İsrail və Türkiyə arasında gərginliyin aradan qalxmasıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.