Rusiya şirkətləri Azərbaycandan böyük maliyyə asılılığında...

29-05-2014, 11:27   

Qərbin sanksiyaları rusların Azərbaycana ümidlərini gücləndirir, ilk addımı ARDNŞ, "Rosneft" və "LUKoil" atdı...

Məlum olduğu kimi, Qərbin sanksiyaları Rusiyanın bir çox iri şirkətlərinin də fəaliyyətini iflic həddinə salmaqdadır. Xüsusən də maliyyə baxımından bu şirkətlər ciddi problemlərlə üzləşir. Belə ki, Qərb maliyyə institutları həmin şirkətlərə kredit ayırmağa daha əvvəlki kimi həvəs göstərmir. Belə vəziyyətdə rus şirkətləri yeni maliyyə mənbələri axtarmağa məcburdur. Yeni maliyyə mənbələrindən biri qismində isə Azərbaycan çıxış edə bilər.
Böyük valyuta ehtiyatlarına malik olması Azərbaycana sərfəli şərtlərlə rus şirkətlərinə kredit ayırmağa imkan verir. Artıq ölkəmiz bəzi xarici dövlətlərə belə kredit ayırıb. Bu sıraya rus şirkətləri də əlavə oluna bilər.
Rusiyaya tətbiq edilən sanksiyalar isə bir çox iri şirkətlərin, o cümlədən Azərbaycanda da kifayət qədər yaxşı tanınan "LUKoil"un kreditlərə çıxış imkanlarını məhdudlaşdırıb. Biznesmenlər Qərbin maliyyə institutlarından kreditlər cəlb etməyin getdikcə çətinləşdiyi barədə həyəcan təbili çalır. Bu məsələ Sankt-Peterburq iqtisadi forumu zamanı qaldırılıb. Şirkət rəhbərləri şikayətləniblər ki, Qərbin sanksiyalarından sonra kreditləri xaricdən daha yüksək faizlə almalı olurlar və perspektivdə Rusiyaya kreditlərin verilməsinin dayandırılması təhlükəsi var. Bütövlükdə isə, xarici investorların Rusiya layihələrinə marağı azalır. Qərbin maliyyə institutlarından kredit almaqda ciddi problemlə üzləşmələrindən danışan "LUKoil"un başçısı Vahid Ələkbərovun sözlərinə görə, beynəlxalq reytinq agentlikləri Qərbin maliyyə resurslarına çıxış imkanlarının məhdudlaşdığını əsas gətirərək "LUKoil"un reytinqini aşağı salıblar. Bu isə investorları şirkətə sərmayə yatırmaq planlarını dəyişməyə məcbur edib. V.Ələkbərov bunun xarici siyasət amilləri ilə bağlı olduğunu deyib: "Beynəlxalq reytinq agentlikləri Qərbin maliyyə resurslarına çıxış imkanlarının məhdudlaşdığını əsas gətirərək "LUKoil"un reytinqini aşağı salıblar. Bu da avtomatik olaraq investorları "LUKoil"a yatırım qoymaq planlarını dəyişməyə məcbur edib. Baxmayaraq ki, həmin investorlar az əvvəl "LUKoil" şirkəti ilə əməkdaşlığa ciddi-cəhdlə can atırdılar".
"Qazprom-neft" şirkətinin baş direktoru Aleksandr Dyukov da eyni problemlə qarşılaşdıqlarını deyib. A.Dyukov bildirib ki, şirkət xarici kreditləri daha yüksək faizlə almalı olur. "VTB-Kapital" şirkətinin Direktorlar Şurasına rəhbərlik edən Yuri Solovyov isə deyib ki, Rusiyaya qarşı sanksiyalar Qərb investorlarının ölkədən qaçmasına səbəb olur. Söhbət həm qısamüddətli, həm də uzunmüddətli investisiya planlarının təxirə salınmasından gedir. Y.Solovyovun bildirdiyinə görə, bu tendensiya getdikcə güclənəcək. Xatırladaq ki, Sankt-Peterburq forumunda çıxışı zamanı prezident Vladimir Putin Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların ölkənin milli təhlükəsizliyi üçün təhdid yaratdığını bildirib. Putin Rusiyanın Ukraynaya görə dünyadan təcrid olunmaq istəmədiyini deyib. Belə görünür ki, oliqarxların biznesinin sanksiyalar nəticəsində getdikcə daha çox zərər görməsi Putini də ciddi narahat edir.
Rusiyanın bəzi şirkətləri isə sanksiyaların təsirini minimum həddə salmaq üçün digər ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlıqlarını genişləndirməkdədir. Artıq məlumat verildiyi kimi, Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) və "Rosneft" arasında Azərbaycan, Rusiya və üçüncü tərəf ölkələrdə neft və qaz yatağının tədqiqi və hasilatı ilə məşğul olacaq birgə müəssisənin təsis edilməsi haqqında müqavilə imzalanıb. Bundan əvvəl əldə olunan razılığa əsasən, tərəflər neftin və qazın müxtəlif ölkələrdə, o cümlədən Rusiya və Azərbaycanda neft və neft məhsullarının satışı sahəsində birgə əməliyyatlarda əməkdaşlıq haqqında razılığa gəlib. Daha əvvəl analoji addımı "LUKoil" şirkəti atıb. "LUKoil" şirkəti Xəzərdə hasil etdiyi 30 min ton həcmində neftin Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə sınaq tədarükünü həyata keçirib. İstisna edilmir ki, qarşıdakı müddət ərzində daha çox sayda Rusiya şirkəti azərbaycanla əməkdaşlıq etməyə can atacaq. Çünki indiki şəraitdə bu əməkdaşlıq Rusiya şirkətləri üçün xilas yollarından birinə çevrilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.