...4 yaşlı qız hovuza düşüb öldü…
Azyaşlı çirkab kanalına düşərək boğuldu...
3 yaşlı qız su nohurunda batdı...
Son vaxtlar informasiya lentlərində adi, kriminal xronikaya aid quru xəbər formasında verilən, əslində isə hər birinin arxasında dəhşətli faciə dayanan bu kimi xəbərlərə tez-tez rast gəlirik.
Əksər hallarda bu cür faciəli ölümlərə heç kim diqqət yetirmir, yaxud hamı ən yaxşı halda hadisə ilə bağlı araşdırma aparıldığı barədə standart açıqlamalarla kifayətlənir. Və çox keçmir ki, daha bir azyaşlının hansısa rayonda, yaxud paytaxtda açıq-aşkar məsuliyyətsizlik və səhlənkarlıqdan xəbər verən bu cür hadisələr nəticəsində öldüyünə dair xəbəri eşitməli oluruq.
Bəs 4 yaşlı uşağın su quyusuna düşüb ölməsini, yaxud 3 yaşlı körpənin çirkab quyusunda boğulmasını, 2 yaşlının qaynar süd qazanına düşüb yanmasını doğrudanmı faciəli qəza, yaxud təsadüf sayıb üstündən keçmək olar? Doğrudanmı azyaşlıların bu cür ölümü Azərbaycanda avtomobil qəzalarında hər gün az qala 8-10 nəfərin ölməsi kimi adiləşib? Bəs həmin azyaşlıların valideynləri hara baxırdı və 3-4 yaşlı uşağı metrlərlə dərinliyi olan su quyusunun, yaxud kanalın kənarında nəzarətsiz buraxıb onları göz-görə ölüm riski altına atanda təhlükəni niyə nəzərə almırdı?
Virtualaz.org saytını azyaşlıların tez-tez bu cür faciəli şəkildə həlak olmasının arxasında dayanan böyük məsuliyyətsizliyə və səhlənkarlığa diqqəti cəlb etməyə də bu dəhşətli statistikanın get-gedə artması məcbur edib. Çünki belə faciəli hadisələrdən biri də mayın əvvəllərində Ağsuda qeydə alındı. Azyaşlı qız yaşadığı evin həyətindəki su nohuruna düşərək öldü...
Bu, may ayında baş verən ilk belə hadisə deyil. Təkcə bu ay ərzində Yasamalda, Ağcabədidə, Tərtərdə 4 azyaşlı valideyn diqqətsizliyinin qurbanı olub.
Son bir ilin xronikasına nəzər salıb belə faciəli hadisələrə dair xəbərləri bir yerə cəmləyəndə isə daha dəhşətli mənzərə alınır. Belə faktlardan bir neçəsini sadalayaq.
Bu ilin martında Ağcabədi rayonunda azyaşlı Əliş Əzizov yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılıb. Uşaq aldığı xəsarətdən dünyasını dəyişib.
Ötən ilin iyulda İsmayıllı rayonunun Gəraybəyli kəndində azyaşlı Nəzrin Axundlunun və Əhən kənd sakini azyaşlı Zöhrə Şərifovanın üstlərinə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilən hər iki uşaq orada dünyasını dəyişib.
Yenə də həmin ayda 3 azyaşlı - Həsən, Rauf və İbrahim adlı uşaqlar göldə boğulublar.
Sabunçu rayonunda azyaşlı uşaq su kanalına düşüb. Azyaşlının meyiti batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bu il martın 28-də Naftalanda azyaşlı Sənan Məmmədov su quyusuna düşərək boğulub.
Apreldə isə Ucarda azyaşlı uşaq faciəli şəkildə ölüb. Kənd sakini, azyaşlı Şahin Qurbanov ehtiyatsızlıqdan həyətlərindəki su hovuzuna düşərək boğulub.
Aprelin 16-da Ağsuda azyaşlı qız nohura düşərək boğulub. Rayon sakini Xədicə Məmmədova yaşadığı evin həyətindəki su nohuruna düşərək ölüb.
Mayın 7-də Abşeron rayonu Novxanı kəndində azyaşlı Mahir Abdullayev yaşadığı evin həyətində hovuza yıxılaraq ölüb.
Ağcabədi rayonunda azyaşlı uşağın əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb və o, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər ətçəkən maşını kəsərək uşağın əlini detalın içindən çıxarıb.
Lənkəran rayonu Ballabur kənd sakini olan azyaşlının əli ətçəkən maşının içində qalıb.
Aprelin 6-da Sumqayıt şəhərində azyaşlı çirkab su kanalına düşərək boğulub.
Ucara işləməyə gedən Bakı şəhər sakini, 46 yaşlı Gülnarə Qurbanova özü ilə 3 yaşlı nəvəsi Qurbanov Şahin Rasim oğlunu gətirib. Kirayə qaldıqları evdə bir anlıq azyaşlını nəzarətsiz qoyan nənə onun yoxa çıxdığını görüb. Təxminən 20-25 dəqiqə qonşuları ilə birlikdə uşağı axtardıqdan sonra onun meyitini həyətdəki 1 metr dərinlikdə olan su hovuzundan tapıb.
Ötən il Lənkəranda 2 yaşlı Orucov Yunus Pərviz oğlu həyətlərindəki izafi suların axdığı gölməçədə boğulub. Qonşuların bildirdiyinə görə, valideynləri bağda işləyən
zaman uşaq nəzarətsiz qalaraq suya düşüb.
Bu ilin martında Gəncədə nəzarətsiz qalan 2 yaşlı uşaq elektrik ət maşınını hərəkətə gətirib. Nəticədə uşağın sağ əli elektrik ət maşınında qalıb.
Bu il aprelin 21-də Şamaxı rayonunda bədbəxt hadisə baş verib. 5 yaşlı qızın əli kəsilib. 2009-cu il təvəllüdlü Nəzrin Davud qızı Əliyeva mətbəxdə əlini elektriklə işləyən ət maşınına salıb. Maşın qızcığazın sol əlini doğrayıb. Hadisə qızın anası mətbəxdə ət çəkərkən baş verib.
Bu ilin yanvarında Bakının Qaradağ rayonunda 1 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub. Valideynlərinin diqqətsizliyi nəticəsində 1 yaşlı C.Sərxanovun üstünə qaynar su tökülüb. Diqqətdən kənar qalan uşaq qaynayan çaydanı üstünə aşırıb. Qaynar suda yanan körpə həkimə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Xəzər rayonunun Türkan qəsəbəsində də azyaşlının üstünə qaynar su tökülüb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş 4 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb...
Qeyd edək ki, bu siyahını hündürlükdən yıxılaraq ölən, evdə tək qalması nəticəsində üzərinə ağır əşya aşıran uşaqlarla davam etdirmək olar.
Azərbaycan Uşaqlar Birliyinin monitorinqinə əsasən, valideyn nəzarətsizliyi nəticəsində təkcə bir ayda 10-30 uşaq həlak olur, yaxud xəsarət alır. Orta statistik rəqəmlə hər ay 150-180 uşaq bu və ya digər formada nəzarətsizliyin qurbanına çevrilir. Biz hələ bağlı qapı arxasında köməksiz qalan uşaqların statistikasından danışmırıq. Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində hər gün ən azı 1-3 uşağın bağlı qapı arxasında qaldığına dair məlumatlarına rast gəlirik.
Nə baş verir? Valideynlər niyə bu qədər məsuliyyətsiz, uşaqlara qarşı diqqətsiz olublar?
Birbaşa mövzumuzla bağlı olmasa da son 1 ildə nikahdankənar dünyaya gələn uşaqların sayı artıb. Küçə uşaqlarının statistikası dəyişmir, hər il milyonlarla manatlıq layihələr haqqında məlumat alsaq da azyaşlıların ərə verilməsi sahəsində müsbət dəyişikliklər müşahidə etmirik. Bura azyaşlı uşaqlara maşın etibar edən valideynləri də əlavə edək.
Uşaqların diqqətdən kənarda qalması təkcə ailələrin maddi problemləri ilə bağlı deyil. Əksinə, bədbəxt hadisələrin baş verdiyi ailələr arasında maddi imkanı yaxşı olanlar da var.
Ekspertlər internetə, sosial şəbəkəyə, seriallara, şou proqramlara aludəçiliyin də uşaqların nəzarətsiz qalmasına səbəb olduğunu düşünürlər.
Psixoloq Nərmin Hacıyevanın dedikləri: “Azyaşlı övladı 7-ci mərtəbədən yıxılan ananın vəziyyəti pis idi. Bizim klinikaya yaxınları tərəfindən gətirilmişdi. İnternetdə dostları ilə danışırmış. Başı qarışıb. Uşaq isə pəncərəyə çıxaraq oradan yıxılıb. Ana özünü bağışlamırdı”.
Mütəxəssis virtualaz.org saytına digər bir hadisəni nəql edir: “4 yaşlı uşağı ilə gələn ana uşağın aktiv olmamasından, danışmamasından gileylənir. Təsəvvür edin, uşağın əlindən telefon düşmür, daim oyun oynayır. Uşağın oyuna aludə olması ananın işini asanlaşdırıb. Nəticədə uşaq yaşıdlarından geri qalıb, aktiv həyata qoşula bilmir”.
Qeyd edək ki, valideyn məsuliyyətsizliyi nəticəsində zərər çəkən uşaqların say çoxluğu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini də hərəkətə gətirib. Komitə valideyn məsuliyyətini artıran qanunvericiliyin sərtləşdirilməsi üçün təkliflər hazırlayıb.
Komitənin açıqlamasında qeyd olunur ki, valideyn məsuliyyəti ilə bağlı qanun hazırlanır: “Hər uşaq diqqət mərkəzində olmalı və qayğı ilə əhatə olunmalıdır. 35 yaşında qadın kömək üçün komitəyə müraciət edib. Onun nə evi, nə işi var, həyat yoldaşı da işləmir, amma 5 uşağı var. 5 uşağı dünyaya gətirəndə düşünmürlər ki, bunları necə dolandıracağıq? Buna görə atılmış uşaqlar bir problem olaraq qarşımızda dayanıb”.
Komitə məsuliyyətsizliyin qarşısınının ya cərimə, ya da həbs cəzası ilə almağın mümkünlüyünü düşünür. Belə ki, indiyədək azyaşlıların açıq-aşkar məsuliyyətsizlik və laqeydlik üzündən həlak olması hallarına görə cəzalanan demək olar yoxdur. Belə hallar bədbəxt hadisə kimi qeydə alınır və valideynlər barədə cinayət işi qaldırılmır.
Doğrudur, çoxları deyə bilər ki, heç bir valideyn övladının ölümünü istəməzdi. Ancaq 2 yaşlı körpəni nəzarətsiz qoyub qaynar su qazanına düşməsinə, yaxud 3 yaşlı uşağı başlı-başına buraxıb su quysuna düşməsinə və boğulmasına səbəb olmaq cinayət deyil, bəs nədir?