Bu ilin aprel ayının 19-da Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən qaçan seksual manyak nəhayət tutulub. Bölmədən Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində qadınlara qarşı seksual xarakterli hərəkətlər edən Sabunçu rayon Bakıxanov qəsəbə sakini, 1984-cü il təvəllüdlü İlkin Qasımov yenidən yaxalanıb. Onun gənc qızlara qarşı artıq 5 dəfə seksual xarakterli zorakılıq hərəkətləri etdiyi məlum olub.
Bildirilir ki, 30 yaşlı İ.Qasımov Xətai və Nizami rayonlarında da qadınlara hücum edirmiş. O, əsasən binaların liftində və dəhlizində qadınlara qarşı zorakılıq edib, onları yerə yıxaraq soyundurmağa çalışırmış. İ.Qasımovun bir neçə belə əməli binaların təhlükəsizlik kameralarına da düşüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, seksual manyak özünə məxsus olan “Mercedes” markalı avtomobilə qurbanlarını güdürmüş və onları xeyli müddət izləyirmiş. O, ilkin ifadəsində qadınlara qarşı seksual xarakterli hərəkətlər etdiyini qismən etiraf edib.
Qeyd edək ki, keçən ay 28-ci Polis Bölməsinə gətirilən İ.Qasımov sonra polislərin gözündən yayınaraq qaçmışdı. Bölmədən bildiriblər ki, bu dəfə onun qaçmaq şansı yoxdur və bu şəxsin əməlindən zərər çəkənlər polisə müraciət edə bilərlər.