Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin “Report.az” adlı informasiya agentliyi yaradacağı haqda xəbər vermişdik.
ARDNŞ prezidentin media bazarına qoşulması böyük səs-yüklə yadda qaldı. Hətta agentliyin yüksək maaş vəd edərək təcrübəli jurnalistləri ətrafına toplaması digər media qurumlarının narazılığına səbəb oldu.
Agentliyin bu ilin mayında işə başlayacağı gözlənilsə də bu baş tutmadı. Iddia edilirdi ki, R.Abdullayevin media layihəsi iflasa uğrayıb.
Agentliyə işə dəvət edilən jurnalistlərin bildirdiyinə görə, “Report.az” bu ilin sentyabr ayından işə başlayacaq.
Adlarının çəkilməsini istəməyən həmkarlarımız bu barədə rəhbərlik tərəfindən onlara göstəriş verildiyini bildiriblər.
“Sentyarbdan işə başlayırıq. Artıq komandamız da yığılıb. İşçilərimizin kimliyi də məlumdur. Hazırda sınaq müddətidir. Tam hazır olandan sonra işə başlayacağıq”-deyə həmkarlarımız qeyd ediblər.
Qeyd edək ki, mətbuatın yazdığına görə, yeni yaranan agentlikdə müxbirə 1500 manat, xüsusi müxbirə 2500 manat, redaktora 3000 manat, şöbə müdirinə isə 4-5 min manat vəd edilir.