"Əgər Amerikaya inanırsan, Amerika ədalətinə güvənməlisən".
Bu sözləri ABŞ Dövlət katibi Con Kerri Amerika kəşfiyyatının sirlərini ifşa edən, Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə ünvanlayıb. Dövlət katibi Snoudeni mərd davranaraq ölkəsinə dönməyə çağırıb.
Kerri bu açıqlamanı Snoudenin NBC telekanalına verdiyi müsahibədən sonra verib. Snouden müsahibəsində ABŞ-ın onun pasportunu ləğv ediyinə görə Rusiyaya sığınmaq məcburiyyətində qaldığını bildirmişdi.
Con Kerri isə "Qaçmaq bir vətənpərvərə yaraşmaz. Əgər Snouden həqiqətən ABŞ-a gəlmək istəyirsə, onu elə bu gün təyyarəyə ilə gətirə bilərik”, - deyə cavab verib.
Qeyd edək ki, 2013-cü il mayın 30-da ABŞ-dan qaçan Snouden Rusiyada müvəqqəti mühacir olaraq yaşayır. Snouden keçən il Milli Təhlükəsizlik Agentliyinin çox sayda gizli sənədlərini “Vaşinqton Post” və “Qardian” kimi qəzetlərə yaymışdı. Bu sənədlər MTA-nın ABŞ-da və dünyada milyonlarla insanların və dünya liderlərinin telefon danışıqlarını izlədiyini aşkara çıxarmışdı.