Azərbaycan ərazisində yüzlərlə təhlükə potensiallı sənaye və kənd təsərrüfatı obyektləri, strateji əhəmiyyətli neft-qaz kəmərləri, nəqliyyat infrastukturu, su anbarları və digər mühüm iqtisadi obyektlər yerləşir. Bunlar potensial texnogen fəlakətli hadisələrin mənbəyidir. Trend-in məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə "Seysmologiya, Mühəndis Seysmologiyası və Antelope İstifadəçiləri Qrupu"nun VI beynəlxalq elmi konfrasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan üçün daha cox zəlzələlər, torpaq sürüşmələri, subasmalar, quraqlıqlar, dəniz suyunun səviyyəsinin qalxması, meşə yanğınları mühüm əhəmiyyət kəsb edən fövqəladə hadisələr sayılır.
F.Tağızadənin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi AMEA ilə sıx əlaqələr qurmaqdadır. Azərbaycanda təbii və texnogen fəlakətli hadisələrin öyrənilməsi və tədqiqatların aparılması sahəsində Azərbaycan alim və mütəxəssisləri ilə birgə bir sıra mühüm uğurlu nəticələr əldə edilib. FHN və AMEA fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində elmi-texniki əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir: "Bu yaxınlarda nazirlik və AMEA mühüm bir layihə üzərində əməkdaşlıq üçün ilk addım atıb və Azərbaycanın fövqəladə hallar atlasının hazırlanması haqqında müzakirələr başlayıb. Bu atlasda seysmik baxımdan təhlükəli ərazilərin xəritələri də öz yerini tutmalıdır".
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Әlizadə bildirib ki, Yer elmlərinin araşdırılmasında ən mühüm yeri geofizika tədqiqatları tutur. Geofizika təqdqiqatlarında isə seysmologiya sahəsi mühüm yer tutur.
Seysmologiya, mühəndislik seymologiyanın elmin inkişaf edən sahələrindən olduğunu qeyd edən akademiya prezidenti əlavə edib ki, seysmo-tomoqrafiya Yer təkinin dərinlik quruluşlarının öyrənilməsi üçün ən vacib üsullardan biridir.