ABŞ prezidenti Barak Obama mayın 28-də Vest Point Hərbi Akademiyasında çıxış edib.
Prezident bəyan edib ki, dörd il yarımdan sonra dünyanın mənzərəsi tamamilə dəyişib: “Biz qoşunlarımızı İraqdan çıxarmışıq. Biz Əfqanıstandakı müharibəmizin intensivliyini azaldırıq. Əfqanıstan və Pakistan arasındakı sərhəd bölgəsində "əl-Qaidə"nin liderliyi birə on zəifləyib. Və orada artıq Üsamə bin Laden yoxdur”.
Prezident əlavə edib ki, məhz bu, indi başlıca səyləri Amerikanın qüdrət mənbəyi olan iqtisadiyyata yönəltmək imkanı verib. Obama həmçinin Amerikanın tənəzzüldə olduğunu və liderliyin onun əlindən çıxdığını düşünənlərin səhvə yol verdiklərini söyləyib. O deyib ki, Amerika hazırda "soyuq müharibə" zamanı olduğundan daha az təhlükələrə məruz qalır.
ABŞ lideri vurğulayıb ki, Amerika iqtisadiyyatı həmişəki kimi güclüdür, Vaşinqton Avropadan Asiyaya sarsılmaz ittifaqlara rəhbərlik edir, ölkə mühacirət üçün cəlbedici olaraq qalır və onun enerji müstəqilliyi güclənir.
“Filippini fırtına vuranda, Nigeriyada qız uşaqları oğurlananda, Ukraynada maskalılar bir binanı zəbt edəndə bütün dünyanın yardım üçün baxdığı yer Amerikadır. Bu, ötən əsrdə də belə olub və yəqin ki, gələn əsrdə də belə olacaq”.
Bununla belə, Barak Obama vurğulayıb ki, dünya artan sürətlə dəyişir və bu, yeni təhlükələr gətirir: “Rusiyanın keçmiş sovet respublikalarına qarşı təcavüzü Avropa paytaxtlarını ruhdan salır. Çinin iqtisadi yüksəlişi və hərbi qüdrətinin artması isə onun qonşularında narahatlıq yaradır”.
Barak Obama deyib ki, Corc Vaşinqtondan bəri Amerikanın xarici münaqişələrə müdaxiləsinə dair iki bir-birinə zidd mövqe var: özünütəcridçilik tərəfdarları bu münaqişələrə qarışmamağa, müdaxiləçilik tərəfdarları isə bunun əksinə çağırırlar.
Obama qeyd edib ki, hər iki mövqe ayrılıqda kamil deyil. Prezidentin fikrincə, müasir dünyada ABŞ özünütəcridlə məşğul ola bilməz, lakin hər bir problem də hərbi yolla həll edilməməlidir: “Mənim qənaətim budur: Amerika dünya səhnəsində həmişə aparıcı rol oynamalıdır. Bunu biz etməsək, başqa heç kim etməyəcək. Sizin də qoşulduğunuz hərbiyyə bu liderliyin bel sütunudur”.
Bununla belə, cənab Obama əlavə edib ki, hərbiyyə Amerika liderliyinin yeganə və hətta birinci komponenti olmamalıdır: “Çəkicimiz ən yaxşıdır deyə hər problem mismar ola bilməz. ABŞ hərbi qüvvəyə, lazım gələrsə, təməl maraqlarımız bunu tələb edəndə - adamlarımız təhlükə ilə üzləşəndə, söhbət həyatımızdan gedəndə, müttəfiqlərimizin təhlükəsizliyi hədələnəndə - hətta birtərəfli qaydada əl atacaq”.
Beynəlxalq rəyə gəldikdə isə Amerika prezidenti deyib ki, bu amil nəzərə alınacaq, lakin Amerika öz xalqını, vətənini və həyat tərzini müdafiə etmək üçün heç kəsdən icazə almayacaq.
Obama deyib ki, Amerikaya birbaşa təhlükə olmayanda, lakin belə bir təhlükə ümumilikdə dünyaya qarşı olduqda Vaşinqton öz müttəfiqləri ilə birlikdə hərəkət etməlidir.
ABŞ prezidenti bəyan edib ki, terrorizm onun ölkəsi üçün bir nömrəli təhlükə olaraq qalır. Bununla belə terroristlərin sığındığı hər bir ölkəyə müdaxilə sadəlövh bir yanaşma olardı.
Prezident bildirib ki, Amerika əsas səylərini müttəfiqlərinin gücləndirilməsinə yönəltməlidir. O deyib ki, hazırda ABŞ hərbiyyəsi Əfqanıstan hərbçilərinin təlimi ilə məşğul olur.
Barak Obamanın fikrincə, bu, Əfqanıstandakı əsgəri gücün azaldılmasına və diqqətin indi Yaxın Şərq və Şimali Afrikaya yönəldilməsinə imkan verir.
Suriya məsələsinə gəlincə, Barak Obama bu ölkəyə qoşun çıxarılmaması barədə qərarını bir daha müdafiıə edib və bildirib ki, ABŞ məzhəb müharibələrinə müdaxilə edə bilməz: “Lakin bu, o demək deyildir ki, biz Suriya xalqına diktatora qarşı mübarizədə kömək etməməliyik”.
ABŞ prezidenti bildirib ki, Amerika Suriyanın qonşularını - İordaniya və Livanı, Türkiyə və İraqı dəstəkləməkdə davam edəcək.
Prezident bunu xüsusilə vurğulayıb ki, Amerika hərəkət edərkən öz dəyərlərinə uyğun düşünməli və hərəkət etməlidir. Bu isə məsələn, o deməkdir ki, hava zərbələri zamanı dinc əhalinin tələfat verməyəcəyinə tam əminlik təmin edilməlidir: “Bizim hərəkətlərimiz kiçik bir şərtə cavab verməldiir: biz döyüş meydanlarında məhv etdiyimizdən daha çox düşmən yaratmamalıyıq”.
Obama deyib ki, II dünya müharibəsinin ardınca ABŞ sülhü qoruyacaq təsisatlar - NATO, BMT, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi strukturlar yaratmaq müdrikliyinə malik olub, lakin dəyişən dünyada bu təsisatların da təbiəti dəyişməlidir.
Prezident bildirib ki, bəziləri beynəlxalq təsisatlarla işləməyi və ya beynəlxalq qanunlara riayət etməyi zəiflik əlaməti sayırlar və bu səhv yanaşmadır.
Barak Obama misal olaraq Ukraynada baş verənləri göstərib. O deyib ki, Rusiya tanklarının hərəkətə keçməsi gərginlik yaratsa da bu, "soyuq müharibə" deyil.
Prezident bildirib ki, ABŞ müttəfiqlərinin dəstəyi ilə Rusiyanı təcrid etməyi bacarıb. Amerikanın liderliyi sayəsində bütün dünya Rusiyanın hərəkətlərini pisləyib. Avropa və böyük 7-lər sanksiyalara əl atıblar.
Obamanın fikrincə, İranın təcrid olunması da məhz bu cür bəhrə verib. ABŞ lideri bəyan edib ki, Amerika bütün beynəlxalq aləmdə nümunə olmalıdır: “Mən Amerikanın müstəsnalığına inanıram, lakin bu müstəsnalıq bizim beynəlxalq normalardan və qanunun aliliyindən yan keçə bilmək səriştəmizdən yox, onları öz hərəkətimizlə təsdiq etmək istəyimizdən qaynaqlanır”.
Barak Obama bir daha təsdiq edib ki, Amerika liderliyinin mühüm elementlərindən biri də insan ləyaqətinin qorunmasıdır. Onun fikrincə, Amerikanın demokratiya və insan haqlarını dəstəkləməsi idealizimdən daha uzaqlara gedir: “Bu, bizim milli təhlükəsizlyimiz deməkdir”.
Prezident daha sonra deyib: “Yeni əsr zülmə son qoymayıb. Yer kürəsi boyunca paytaxtlarda, Amerikanın bəzi müttəfiqləri də daxil olmaqla vətəndaş cəmiyyəti üzərinə hücumlar olur. Korrupsiya xərçəngi çox sayda hakimiyyətləri və onların aşnalarını varlandıraraq ucqar kəndlərdən məşhur meydanlaradək insanları qəzəbləndirib. Lakin unutnmayın ki, məhz Amerikanın diplomatiya və xarici yardım, həm də hərbi qurbanları bahasına edilən səyləri sayəsində bu gün bəşər tarixinin hər hansı dövründə olduğundan daha çox insan seçilmiş hökumətlərin idarəsi altında yaşayır” (azadliq.org).