Slavyanskda separatçılar tərəfindən vurulan vertolyotlardan birində general və 13 hərbçi həlak olub.
Virtualaz.org saytı bu barədə Ukrayna mənbələrinə istinadən xəbər verir.
“Terrorçular Rusiya daşınan zenit-raket kompleksi ilə bizim vertolyotumuzu vurdular. Vertolyot rotasiya üçün hərbçiləri daşıyırdı. General Kulçitski də daxil olmaqla 14 hərbçimiz həlak oldu” - deyə Ali Radanın spikeri Aleksandr Turçinov parlamentin iclasında elan edib.
Ukraynalı jurnalist Artyom Şevçenko isə facebookda yazıb ki, "Mi-8" vertolyotu ərzaq, içməli su, zirehli jiletlərlə yüklənmişdi və normal şəkildə yerə enib. Daha sonra istirahətə gedən hərbçiləri götürərək havaya qalxıb və bir neçə dəqiqədən sonra raketlə vurulub. Vertolyot yerə düşərək partlayıb, göyərtədədiklərdən heç biri sağ qalmayıb.
* * * 15:18
Bu dəqiqələrdə Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərinə nəzarət edən özünümüdafiə qüvvələrinin qərargahı Ukrayna ordusunun iki vertolyotunu vurduqlarını açıqlayıb.
Virtualaz.org saytı xəbər verir ki, vertolyotun vurulduğunu şahidlər də təsdiqləyir. Hazırda şəhər ətrafında gedən döyüşlərdə Ukrayna ordusunun Mi-24 vertolyotları özünümüdafiə qüvvələrinin mövqelərini atəşə tutub. Lakin yaraqlılar zenith pulemyotunun köməyi ilə dalbadal iki vertolyot vurublar. Birinci maşın şəhərin Çervonnıy Molçar rayonuna, ikincisi Andreyevka qəsəbəsinə düşüb. Pilotların vəziyyəti barədə məlumat yoxdur. Ukrayna tərəfi bir vertolyotun vurulduğunu təsdiqləyir. Bildirilir ki, vertolyot əsgərləri bazaya endirdikdən sonra vurulub. İtkilər açıqlanmır. Hazırda Donetskin özündə və Slaynaskda şiddətli atışmalar gedir.