Bakıda görünən 7 rəngli möcüzə şəhərdə yeraltı təkan olacağı qorxusu yaradıb
Dünən Bakıda yağan yağışdan sonra nadir təbiət hadisələrindən biri yaşanıb. Belə ki, şəhərin üzərində 7 rəngdən ibarət göy qurşağı əmələ gəlib.
JAM.AZ xəbər verir ki, bu əsnada göy qurşağının şəhərin üzərində görünməsindən sonra zəlzələ məsələsi gündəmə gəlib. Qeyd edək ki, bu təbiət hadisəsinin zəlzələ ilə nə kimi bağlı olduğuna dair hələlik elmin təsdiq etdiyi tutarlı bir nəzəriyyə yoxdur. Sadəcə, aparılan bəzi müşahidələrdən sonra gəlinən qənaət var ki, belə hallardan sonra zəlzələ qeydə alınır. Və alimlərin araşdırmalarına görə, adətən göy qurşağı görünəndən sonra zəlzələlərin baş verməsi davamlı şəkil alıb.
Bundan əlavə el arasında da göy qurşağı ilə bağlı deyimlər var. Qədim inanclara söykənən bu deyimlərdə vurğulanır ki, yağışdan sonra yaranan göy qurşağı zəlzələnin xəbərçisi kimi çıxış edir.
Bakının seysmik zonada yerləşməsini, habelə paytaxtda göy qurşağının nadir hallarda müşahidə olunmasını bu tezislərlə uzlaşdırdıqda ortaya qorxunc mənzərə çıxa bilər. Elə buna görədir ki, əksəriyyət Bakıda zəlzələ ola biləcəyi ilə bağlı fikirlər yürüdür. Amma bütün bunlara rəğmən, elm bunu hələ təsdiq etməyib. Və insanlar arasında yayılmış fikir isə sadəcə, sensasiya yaratmaq istəyindən başqa bir şey deyil.