“Mayın 28-də baş verən atışma zamanı yaralanan dörd əsgərimizin vəziyyəti normallaşmağa başlayır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İrəvan Hospitalının rəisi Aram Asaturyan çıxış edib.
O, hazırda yaralılardan yalnız ikisinin vəziyyətinin ağır olduğunu söyləyib:
“Hərbçilər daha çox qəlpə yaraları alıblar. İki hərbçimizdə isə kəllə beyin travması var. Onların vəziyyəti stabil ağır olaraq qalır”.
Qeyd edək ki, mayın 28-də Füzuli istiqamətində erməni hərbi birləşmələrinin diversiya kəşfiyyat qrupunun hücumunun qarşısı ordumuz tərəfindən alınıb. Hücumun qarşısını alan zaman isə bir kapitan və bir gizirimiz şəhid olub, daha bir əsgərimiz yaralanıb.
Onu da xatırladaq ki, dünən Ermənistan Müdafiə Nazirliyi yalnız 19 yaşlı Erik Qasparyanın həlak olduğunu bildirmişdi. Nazirlik heç bir yaralının olmadığını söyləmişdi.
Hazırda verilən açıqlama və 4 yaralının olduğunu bildirməsi isə son diversiya əməliyyatının qarşısının alınması zamanı ermənilərin ciddi itki verdiyi, ancaq bunu gizlətdiyi barədə ehtimalları daha da gücləndirir.