Putin Qərbə qarşı ən böyük ittifaqı yaratdı; Rusiya, Belarus və Qazaxıstan Avrasiya İqtisadi Birliyini rəsmən elan etdi; Ermənistan iyunun 15-də bu ittifaqa qoşulacaq; İlham Əliyevin məktubu Sərkisyana soyuq duş effekti verdi; Qərblə Rusiya arasında uçurum daha da dərinləşir...
Mayın 29-da Qazaxıstan paytaxtı Astanada Qərbin SSRİ-nin bərpası kimi təqdim etdiyi Avrasiya İqtisadi Birliyi(AİB) rəsmən elan olundu. Ali Avrasiya İqtisadi Şurasının toplantısında iştirak edən Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarabayev və Belarus prezidenti Aleksandr Lukaşenko yeni birliyin yaradılmasını öz imzaları ilə təsdiq ediblər. Bu, Avropa Birliyindən sonra dünyada ikinci böyük iqtisadi birlik olacaq.
Bu birlik 170 milyondan çox insanı özündə birləşdirəcək. Birliyin 900 səhifəlik sənədləri üzərində 3 ildən artıq idi ki, iş gedirdi. Sənədlərdə üzv ölkələr arasında miqrasiya və gömrük maneələrinin aradan qaldırılması əsas şərt kimi göstərilib. Rusiya, Qazaxıstan və Belarus əhalisi ittifaq daxilində rahatlıqla hərəkət edə biləcəklər. Onlar harda oxuyacaqlarını, yaşayacaqlarını və işləyəcəklərini özləri seçəcəklər. İqtisadiyyatın mühüm sahələri olan energetika, sənaye, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrlə bağlı dövlətlər razılaşdırılmış siyasət yeridəcəklər. Bu da üç ölkənin gəlirlərini 15 faizədək artıracaq. Avrasiya İttifaqının əsas mərkəzi qərargahı, gözlənildiyi kimi, Moskvada, məhkəməsi Minskdə, maliyyə mərkəzi isə Alma-Atada yerləşəcək. Mayın 29-da imzalanan müqavilə 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Rusiya Avrasiya İttifaqının sırf iqtisadi inteqrasiya məqsədi daşıdığını təbliğ etsə də, əksəriyyət belə düşünür ki, bu layihə Kremlin keçmiş sovet məkanı üzərində hökmranlığını yenidən bərpa etmək cəhdlərindən biridir və onun arxasında Moskvanın siyasi ambisiyaları dayanır. Avrasiya İttifaqı Putinin ideyası kimi qəbul olunsa da, keçmiş sovet respublikalarının yeni inteqrasiya modelinin - Gömrük İttifaqının “əsas beyni” kimi Nursultan Nazarbayev tanınır. Siyasi müşahidəçilərə görə, məhz bu səbəbdən “yeni SSRİ”nin təsis olunmasını Moskvaya deyil, Astanaya təyin ediblər.
Əsas ideoloqu Putin olan bu ittifaqın yaradılması prosesi ortaya çıxdığı ilk gündən Qərbin siyasi və iqtisadi güc mərkəzlərində ciddi narahatlıqla izlənilirdi. Putinin bu ideyası əslində dünyanın yenidən bölüşdürülməsi istiqamətində atılmış addım idi. Rusiya ətrafında olan keçmiş SSRİ ölkələrinin Qərblə iqtisadi və siyasi əlaqələrinin artmasından narahat idi və bunu özünə qarşı qurulmuş oyun hesab edirdi. Kreml hələ 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsini başlatmaqla dünyaya bu bölünmənin olacağı ilə bağlı ciddi mesaj vermişdi. Özünün Şərqi Avropa, Cənubi Qafqaz, habelə Orta Asiya regionundan sıxışdırılması ilə heç cürə barışmayacağını elan edən Putin bu dəfə yeni və müasir Avrasiya İttifaqı ideyası ilə bəzi MDB dövlətlərini yenidən Rusiyanın çətiri altına toplamaqda israrlı olduğunu göstərdi.
Avropa Birliyi də hərəkətə keçərək keçmiş sovet respublikaları ilə “Şərq Tərəfdaşlığı” proqramında əməkdaşlığın əsas şərti kimi Putinin ittifaqlarına-Gömrük və Avrasiya birliklərinə qoşulmamağı irəli sürdü.
Avropa Birliyi “Putin ittifaqlarına” daxil olmaq istəyənlər qarşısında konkret şərt qoydu. “Ya Avropa, ya Rusiya...” Beləliklə, hər iki tərəfin təzyiqləri qarşısında qalan Ermənistan Avropa Birliyi ilə danışıqları yarımçıq qoydu və seçimini Moskvadan yana etdi. Ukrayna da ciddi təzyiqlər qarşısında Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqdan son anda imtina etdi. Azərbaycan “ya və ya” seçimi qarşısında olmadığı üçün manevr imkanlarını saxladı və nə Avropa Birliyi ilə geniş əməkdaşlığı nəzərdə tutan sənədi imzaladı, nə də Avrasiya İttifaqına qoşuldu.
Qeyd edək ki, dünən imzalanan sənədlərin razılaşması asan olmayıb. Qazaxıstan ciddi şəkildə israr edib ki, qurum siyasi deyil, iqtisadi təşkilat olmalıdır və bu, imzalanacaq sazişdə öz əksini tapmalıdır. Yəni üzv ölkələr yalnız iqtisadi məsələləri birgə razılaşdırmalıdır. Toplantı ərəfəsi Qazaxıstan mətbuatı iddia edib ki, Rusiya bu ölkənin suveren hüquqlarına da müdaxilə etmək niyyətindədir. Qurumun sənədlərinin hazırlanmasında iştirak edən Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov deyib ki, AİB iqtisadi ittifaqdır və sənədlərdə hər hansı siyasi məsələlərin həllində ortaq mövqe tələb edən bənd yoxdur.
Rusiya prezidenti Putin də çıxışında vurğulayıb ki, Avrasiya iqtisadi ittifaqdır və Ümumdünya Ticarət Təşkilatı prinsipləri əsasında fəaliyyət göstərəcək.
Prezident deyib ki, Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə Rusiya, Belarus və Qazaxıstan hökumətinin birgə sıx işinin nəticəsidir. Rusiya prezidenti əlavə edib ki, ümumi konstruktiv əhval, hər bir tərəfin güzəştə getməsi sayəsində sənədi razılaşdırmaq mümkün olub. Rusiya prezidenti müqaviləni “ilin hadisəsi” adlandırıb.
“Bu sənəd ölkələrimizi inteqrasiyanın tamamilə yeni səviyyəsinə çıxarır” deyən, Putin bildirib ki, bununla da 170 milyonluq regional bazar yaradılacaq. “Bu bazarda dünyanın qaz ehtiyatının beşdə bir hissəsi və neft ehtiyatının 15 faizi cəmlənəcək”.
Putin bildirib ki, Avrasiya İttifaqı şəffaf prinsiplər əsasında işləyəcək. Qeyd edək ki, bu günlər Putin onsuz da ciddi münaqişədə olduğu Qərbi daha da qıcıqlandırmamaq üçün Avrasiya İttifaqının SSRİ-nin bərpası olmadığını bəyan edib. O deyib ki, Rusiyanın keçmiş sovet məkanında öz nüfuzunu bərpa etməyə cəhd göstərməsi və imperiya yaratmaq istəyi ilə bağlı deyilənlər əsassızdır.
Mayın 29-da keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistan və Qırğızıstan prezidentləri müşahidəçi statusunda iştirak etsələr də, bu ölkələrin ittifaqa qoşulması istiqamətində ciddi addımlar atıblar.
Rusiya prezidenti çıxışında Ermənistana tam dəstəyini ifadə edib. “Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı müqaviləni ən yaxın zamanda imzalaması lazımdır. Ermənistan tərəfi bunu iyun ayında etmək istəyir, biz bütövlükdə razılığa gəlmişik. Ümid edirik ki, Ermənistan tezliklə ittifaqın tamhüquqlu üzvü ola bilər” - deyə, Putin bildirib.
Putin sammitdə digər xarici tərəfdaşlarla, o cümlədən Qırğızıstanla da əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu vurğulayıb: “Qırğızıstanın bizim ittifaqa qoşulmaq şansı var”.
Ermənistan prezidenti Serj Sərkisyan bəyan edib ki, ölkəsi iyunun 15-də Avrasiya İqtisadi İttifaqına qoşulacaq. Qırğızıstan prezidenti Almazbek Atambayev də Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında çıxış edərək ölkəsinin 2014-cü ilin sonuna qədər Avrasiya İqtisadi İttifaqına qoşulacağını deyib.
Toplantıya yekun vuran Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev Ermənistanın ittifaqa daxil olması məsələsindən danışarkən deyib ki, Azərbaycan prezidenti ona məktub göndərib. İ.Əliyev Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü zamanı beynəlxalq təşkilatların tanıdığı sərhəd məsələsinə diqqət yetirməyə çağırıb.
“Azərbaycan hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına Beynəlxalq Ticarət Təşkilatına üzv olduğu sərhədlər daxilində qəbul olunmalıdır” - deyə, Nazarbayev bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti Gömrük İttifaqı rəhbərliyinə göndərdiyi məktubunda Ermənistanın Beynəlxalq Ticarət Təşkilatına üzv olarkən yalnız BMT tərəfindən tanınan sərhədləri daxilində üzv olacağını qeyd edib.
Nazarbayev “bu məsələ müzakirə üçündür” deyəndən sonra toplantında iştirak edən Sərkisyan və onun yanında oturmuş Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın ciddi narahat olduqları diqqətdən qaçmayıb. Sərkisyan hətta Rusiya nümayəndəsini yanına çağıraraq onunla qısa mükalimə edib. Amma Ermənistan tərəfi Nazarbayevin dediklərinə reaksiya verməyiblər.
“Tamamilə aydındır ki, bu, siyasi layihədir. İqtisadiyyat burada tamamilə dumanlıdır” - deyə Avropa Təhlükəsizlik İnstitutunun baş analitiki Nik Popesku deyib. “Rusiya özünü qlobal miqyasda siyasi və geosiyasi qütblərdən biri kimi görür və onun keçmiş sovet məkanında özünə müttəfiqlər axtarması təkcə iqtisadiyyatla bağlı deyil. Rusiya şübhəsiz ki, bu ölkələr üzərində iqtisadi təsirə malik olmaq istəyir. Ancaq bu baş verəndən sonra Rusiyanın strateji və siyasi səyləri bu ittifaqın iqtisadi tərəflərini kölgədə qoyacaq” -deyə, Nik Popesku əlavə edib.
Azərbaycan Avrasiya və Gömrük ittifaqlarına üzvlüklə bağlı mövqeyini dəfələrlə bildirib. Rəsmi Bakı bəyan edib ki, Avrasiya və Gömrük ittifaqlarına qoşulmaq niyyətində deyil. Əslində bir çox analitiklərin fikrinə görə də bu birliklərə qoşulmaq heç cür Azərbaycana sərf etmir. Bu birlik Azərbaycanın nə iqtisadi, nə də siyasi maraqlarını təmin edir. Amma son vaxtlar belə iddialar da səslənir ki, Rusiyanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın maraqlarından çıxış etsə, qısası işğaldakı torpaqların azad edilməsinə yardımçı olsa, Azərbaycan bu ittifaqlara qoşula bilər...