DİN sabiq deputat Rza İbadovun adını axtarış siyahısından çıxarıb

30-05-2014, 11:15   
DİN sabiq deputat Rza İbadovun adını axtarış siyahısından çıxarıb
Bakı Şəhər Baş Polis İdarəsi Milli Məclisin keçmiş deputatı Rza İbadovun adını axtarış siyahısından çıxarıb.

Qurumun rəsmi saytında eks-deputatın axtarılması ilə bağlı elan artıq yoxdur.

Eks-deputat barədə axtarış elan olunmasından doqquz ilə yaxın vaxt keçsə də, bir nəticə əldə olunmayıb. Rza İbadovun hazırda İngiltərə paytaxtı Londonda yaşadığı bəlli olsa da, Azərbaycanın Daxili İşlər Nazirliyi səviyyəsində Londonun hüquq-mühafizə orqanlarına heç bir müraciət göndərilməyib. Rza İbadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinir. Bu maddələr üzrə hüquq pozuntularında iştirakı ilə əlaqədar ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırdığına görə onun barəsində axtarış elan edilib.

Rza İbadov 1995-ci ildə 1-ci çağırış Milli Məclisə keçirilən seçkilərdə mandat qazanaraq deputat seçilib. O, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının rəhbəri olub.

Milli Məclisdə deputat olduğu dönəmdə eks-spiker Rəsul Quliyevə qarşı sərt tənqidləri ilə fərqlənib. 2005-ci ildə parlament seçkilərinə qatılan Rza İbadov qalmaqallı kampaniyası ilə yadda qalıb. Rəqibi olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə yarışan eks-deputat seçki kampaniyasının pozulduğunu əsas gətirərək, seçkini yarımçıq qoymuşdu. Bundan sonra R.İbadov Azərbaycanı tərk edib. Sonralar onun Böyük Britaniyada yaşadığı bəlli oldu. Rza İbadov mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub.

R.İbadovun sözlərinə görə, o, Londonda əmlak məsələləri ilə bağlı biznes sahəsində çalışır. Hərdən futbolçu transferləri ilə bağlı işlərlə də məşğul olur.

Yeri gəlmişkən, o, 2012-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanlarını şəklini “qara siyahı”dan çıxarmağa çağırmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.