German Zaxaryayev: “Azərbaycanda antisemitizm yoxdur və heç vaxt olmayıb, bu xalqın və onun torpağının bizlərə verdiyi hər şeyə görə minnətdarıq...”
Bu günlərdə Amerikanın hüquq müdafiə təşkilatı olan Antidiffamsiya Liqası (ADL) dünya ölkələrində “antisemitizm indeksləri”nə dair hesabat yayıb. Hesabata görə, Azərbaycan guya postsovet ölkələr arasında 37%-lik “antisemitizm”lə Ermənistan (58), Ukrayna və Belarusdan (hər biri 38%) dördüncü yeri tutub, Latviya, Litva kimi ölkələr isə 28 və 22 faizlik “reytinq”lə siyahını tamamlayıb.
Heç vaxt ərazisində antisemit faktları qeydə alınmamış Azərbaycanın adının siyahıya salınması, üstəlik, ən yuxarı yerlərdən birində qoyulması yəhudi icmasında, o cümlədən Azərbaycandakı dağ yəhudiləri arasında ciddi etiraza səbəb olub.
Musavat.com-un İsrailin izrus.co.il portalına istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı Azərbaycandakı Dağ Yəhudilərinin Müdafiəsi Fondunun prezidenti, hazırda Moskvada yaşayan tanınmış iş adamı və ictimai xadim, əslən Qubadan olan German Zaxaryayevin portalda dərc edilən yazısında deyilir: “Belə bir indeksi yalnız absurd adlandırmaq olar. Ukraynalılarla yəhudilərin tarixi münasibətlərini bilə-bilə bu məsələdə Ukrayna ilə Azərbaycanı yanaşı qoymaq gülməli və savadsızlıqdır. Və yaxud nasistlərə “yəhudi məsələsi”nin həllində həvəslə kömək eləmiş litvalı və latviyalılar qəfildən dönüb yudofil olublar. Hətta adi gözlə baxanda görürsən ki, bu sorğu süni rəqəmlərlə zəngindir və Azərbaycan haqda heç nə bilməyənlərin əlinə işləyir”.
Müəllif ardınca yazır: “Bu günlərdə biz Azərbaycan Demokratik Respublikasının ildönümünü qeyd elədik. O respublikanın ki, cəmi iki il mövcud oldu və sonra ölkədə hakimiyyət kommunistlərin əlinə keçdi. O respublika ki, müxtəlif zamanlarda ləzgilərə, tatarlara, yəhudilərə, almanlara, bolqarlara və bir çox başqalarına – Günəş işığı ilə, təmiz Xəzər havası ilə, yerli insanların istiliyi ilə zəngin belə bir diyarda müxtəlif səbəblərdən qalmaq istəyənlərin hamısına sığınacaq verib.
Əlbəttə ki, sovet hökuməti mövcud dayaqları dəyişməyə çalışırdı və bütün dinlərlə mübarizə aparırdı. O zaman islam dini kimi bizim yəhudi dinimiz də güclü ziyan gördü. Sinaqoqlar dağıdıldı, ravvinlər təqib edildilər və s. Tarixi faktlar var: bu işlərlə müxtəlif millətlərin nümayəndələri, sovet quruluşunun mübarizləri məşğul olurdular və onların arasında yəhudilərin özlərinə də rast gəlmək olurdu.
Lakin azərbaycanlılarla yəhudilərin birgə yaşadıqları bütün tarix ərzində münasibətlərin pis və ya gərgin olmasına dair hansısa fakt tapmaq çətindir. Azərbaycanda yəhudilər hər şeyə nail ola bilirdilər və buna dair çoxsaylı faktlar mövcuddur: ölkə yəhudiləri arasında ən nüfuzlu peşələrin daşıyıcıları – həkimlər, hüquqşünaslar, müəllimlər, professorlar, iri dövlət müəssisələrinin rəhbərləri olub”.
Məqalənin sonunda deyilir: “Mənim əcdadlarım bu ölkədə artıq min illərdir yaşayır. Və biz heç vaxt nə məişət, nə də dövlət səviyyəsində antisemitizm müşahidə eləməmişik. Özümüz haqda, dağ yəhudiləri haqda onu deyə bilərəm ki, azərbaycanlılar bizə həmişə qardaş xalq kimi baxıblar. Və biz bu istiliyi həmişə hiss eləmişik. Mən dəfələrlə bəyan etmişəm ki, Azərbaycanda antisemitizm yoxdur və heç vaxt olmayıb. Bunun bir sübutu da postsovet məkanında yeganə olan, dağ yəhudilərin kompakt yaşadıqları “Qırmızı qəsəbə”nin mövcudluğudur. Belə qəsəbələr Ukraynada, Belarusda, Latviyada, Litvada qalmayıb. Ölkə hakimiyyəti bizim qəsəbəyə xüsusi diqqət ayırır, axı bu, təkcə yəhudilərin kompakt yaşadıqları ərazi deyil, eyni zamanda dünyada dağ yəhudilərinin dilinin – cuurinin qorunub saxlandığı yeganə diyardır. Biz, Azərbaycan kökənli yəhudilər Vətənimizlə fəxr edir, gedəndə də Azərbaycan dilini unutmuruq, ortaq ənənələri və dəyərləri qoruyub saxlayırıq. Ən əsası, Azərbaycan xalqının və onun torpağının bizlərə verdiyi hər şeyə görə minnətdarıq”.