Gədəbəy rayon Təhsil Şöbəsində 400 min manat müəmması yaşanır. Ötən il ayrılmış həmin pulların sənəd üzərində təyinatları üzrə sərf edildiyi əks edilsə də, rayonun orta məktəblərində durum kritik olaraq qalır. Hətta elə kənd məktəbləri var ki, ötən əsrin əvvəllərindən qalıb və dağılmaq üzrədir. Amma şöbə müdiri ayrılmış pulları həmin məqsədlərə deyil, özünə sərf edib. Demokratiya.info-ya istinadən xəbərə görə, şöbə müdiri iki böyük əməliyyatlarla özünə gün ağlamağa nail olub. Belə ki, o, digər maşın və avadanlıqların satın alınması üçün ayrılmış 112800 manatı və bərk inventarların satın alınmasına ayrılmış 110880 manatla özünə təkcə rayonda deyil, həmçinin Bakıda da mülklər ala bilib. Bundan başqa, digər maşın və avadanlıqların satın alınması adı altında ikinci dəfə ayrılmış 66200 manat da təyinatı üzrə xərclənməyib. Üstəlik, avadanlıqların satın alınması məqsədi ilə ayrılmış 92516 manat da digərlərinin aqibətini yaşayıb.Məlumatlarda deyilir ki, Gədəbəy rayon Təhsil şöbəsinə bərk inventarların satın alınması üçün əlavə olaraq iki dəfə də pul ayrılıb. Bu dəfə 82910 manat və 78700 manat təhsil şöbəsinin müdirinin zavalına gəlib.