Avtoş xanım: “Qadından istifadə eləyən kişi deyil”

31-05-2014, 21:28   
Avtoş xanım: “Qadından istifadə eləyən kişi deyil”
Adətən xarici ölkədən fərqli olaraq bizdə qadınların sürücülük etməsi heç də normal qəbul olunmur və elə də çox rast gəlinmir. Bəzən də qadına xas olmayan peşə ilə məşğul olan xanımlarımızı görəndə ona təəccüblə baxırıq. Bəzilərimiz isə heç tanımadan, haqqında heç nə bilmədən qarasınca danışırıq. Ancaq elə peşələr var ki, sözün əsl mənasında qadınların “ifa”sında qəribə görünür. Məsələn, taksi sürücülüyü. Hər halda, o qədər də alışdığımız durum deyil.

45 yaşlı taksi sürücüsü Zərdanə xanımı Cəza Çəkmə Müəssisələrinin birinin qarşısında müştəri yolu gözlərkən gördüm. İlgimi çəkdi, yaxınlaşıb taksiyə əyləşdim və gedəcəyimiz ünvanı dedim.
Özü də təəccübləndiyimi hiss etdi və mənimlə qız-qıza dərdləşməyə başladı. “07” markalı maşının sükanında qadın sürücünün olması adamda daha da maraq və həvəs oyadır. Amma Zərdanə xanım bütün “07” sürücüləri kimi heç də xoşbəxt adama bənzəmir. Saçları pırtlaşıq, əlləri qırış-qırış, qapqara, uzun dırnaqları toz və çirklə dolu, üzü də əlləri kimi qaradır. Əynindəki paltarlar isə sürdüyü maşın kimi illərin nimdaşı. Dərhal çox səliqəsiz və özünə baxmayan bir xanım təəssüratı yaradır. Bütün davranışlarından hiss olunur ki, Zəriş maşın həvəskarıdır, yəni “avtoş”dur. Özü də mənimlə söhbət etdiyi zaman etiraf edir ki, “bu, qadın işi deyil”, ancaq naşükürlük də etmir:

“Şükür, bu təkərlər məni çörəyə çatdırır. Bu, təkərlərin sayəsində balalarımı firavan dolandıra bilirəm”.

Neçə ildir sükan arxasında olduğunu, niyə məhz bu peşəni seçdiyini soruşuram.

Məcburam

- Əslən Maştağa əhlindənəm, on iki yaşımdan maşın sürməyi öyrənmişəm. O vaxt atam məni oğlan kimi böyüdürdü, elə ondan öyrənmişdim maşın sürməyi. Otuz üç ildir sürücüyəm, ancaq taksiçiliklə iki ildir məşğulam. Əslində, bu peşəni istəyərək seçməmişəm. Bəzən utanıram taksi sürücüsü işlədiyim üçün. Amma elə bir ölkədə yaşayırıq ki, məcburam işləyəm, başqa əlacım yoxdur. Uşaqların ehtiyaclarını ödəmək üçün bu işi seçmişəm, həm də uşaq vaxtından maşın sürməyin həvəskarı olmuşam. Ancaq məcburiyyət qarşısında qalıb həm çörək pulumu qazanıram, həm də bu türmənin qapısından gələn-gedəni yolda qoymayıb taksiçilik edirəm. Az da olsa, çox da olsa, balalarımı saxlayıram.

Hər kəs öz həyatını yaşayır

- Sürücülük etdiyinizə görə qınayan olmur?
- Olub. Anacaq heç kəsə fikir verməmişəm, çünki mən ac qalanda heç kəs mənə bir tikə çörək verməyib. Hər kəs öz həyatını yaşayır. Həm də mən hazırda Maştağada yox, Kürdəxanıda yaşayıram.


Yadımdan çıxartmamışdım maşın sürməyi

O özünü sözün əsil mənasında sürücü hesab edir:

- Həmişə sükan arxasında rahat olmuşam. Ancaq ailə qurandan sonra həyat yoldaşım icazə vermədi sürməyə. Sonra taleyin işi yenə hərlədib-fırlatdı, mənə sürücülüyü nəsib etdi.

Susur, elə bil əzizi kimi sükana sarılır.

Qara günlər məni həbs etdi

- İki qızım var, həyat yoldaşım isə dünyasını dəyişib. Heç rəhmətlik sağ olanda da günüm yaxşı deyildi. Çox keşməkeşli həyat yaşamışam. Ailə qurandan sonra da üzüm gülmədi, ağ gün məndən uzaq oldu, qara günlər isə ömrümə yazılaraq məni dustaq kimi həbs etdi. Yalnız iki qızım məni xoşbəxt edır. Məni yaşadan həm də bu maşındır, bəlkə də bu olmasaydı, küçələrdə sərgəndar qalardım. Elə günlərim olub ki, həftələrlə çörək tapmamışıq yeməyə, kiflənmiş çörək yemişik. Ancaq indi Allah ruzimi verir…

Həyat yoldaşım elə maşınımdır

- Bəs, nə yaxşı ərə getmədiniz?

- İstəmədim, düzü sevməmişdim həyat yoldaşımı, ancaq istəmədim kimsə balalarıma atalıq etsin və onun yerini doldursun. Həyat yoldaşım elə maşınımdır, çünki hər zaman yanımdadır.

Söhbət etdikcə gözlərindən yaş muncuq tək gilə-gilə köynəyinə düşür. Bir əli ilə sükanı sıxaraq elə bil acığını və yaşadığı pis günlərin acısını sükandan çıxır. Yenə də əzizi kimi…

Zabratlı dindar bir şəxs verib

- Maşın özünüzündür?
- Yox... Bundan əvvəlki maşınım “06” idi, onu sürücü yoldaşım, əslən zabratlı dindar bir şəxs verib. Sonra bu maşını qızım sosial şəbəkədə görüb mənə demişdi. O birini satıb, bir az pul topladım, bunu aldıq. Bu da ruzili maşındır, heç vaxt məni darda qoymayıb.

O, bəzi kişilər kimi qadından istifadə edən deyil

- Bəs nə yaxşı bir sürücü tanış sizə maşın hədiyyə etdi?
- Mən onu taksi sürücüsü kimi tanımışdım. Sonra təmiz adam olduğuna əmin olub vəziyyətmi danışmışdım. O da mənim acı taleyimə pis olduğuna görə maşın hədiyyə etdi. Özüm də görürdüm ki, o insan bəzi kişilər kimi qadından istifadə edən deyil. Hələ bu günə kimi də əlaqələrimiz var. O da taksiçiliklə məşğuldur. Tək mən deyiləm, çox adama əl tutub. Özü də ara-bir mən dayandığım yerə gəlir, orada dayanır.

- Yalnız türmənin qarşısında taksiçilik edirsiniz?
- Elə orada dayanıram. Çünki ordakı sürücü yoldaşlarımla bir-birimizi tanıyırıq, çox vaxt onlar öz müştərilərini mənə verirlər. Mənə çox hörmət edirlər, o yer mənə daha doğmadır.

Bir-birimizə üzümüz-gözümüz öyrəşib

- Bəs onlar qınamır sizi?
- Təzə-təzə gələndə bir az birtəhər baxırdılar. İndi isə tam fərqlidir, bir-birimizə üzümüz-gözümüz öyrəşib. Artıq oradan kənarda işləmək də istəmirəm, həm evimə ə yaxındır.

Allah rızası üçün yaxşılığımı edirəm

Xanım sürücü məhərrəmlik vaxtı türmədəki müştərilərini pulsuz aparmağından da danışır:

- Məhərrəmlik vaxtı türməyə gəlib-gedənlərə yardım edirəm. Çünki o vaxt vəziyyətim pis olanda niyyət etmişdim ki, imkanım olsun, bacardığım qədər hər kəsə kömək edəcəyəm. İndi hər il matəm ayında heç kəsdən pul almıram, pulsuz fəaliyyət göstərirəm. Hətta bəzən sürücü yoldaşlarım mənim bu hərəkətimə görə məni qınayırlar.


Arxadan biri qayışı boğazıma atdı

- Adətən, sürücülərimizin həyatı tez-tez təhlükədə olur…
- Olub, o qədər olub ki... Hamı elə bilir sürücülük asan peşədir. O qədər təhlükəli hadisələrlə üz-üzə qalmışam! Allah elə bil məni özü qoruyub. Düzünü deyim, həmişə özümü qorumaq üçün üstümdə soyuq silah gəzdirirəm. Deməli, bir dəfə qış aylarıdır, dəhşət soyuqdur, qaranlıq da düşüb. Yolun qırağında dayanmışam, 3-4 cavan oğlan maşına oturub bunları dəniz kənarına aparmağımı istədi. Dənizə çatmışdım ki, arxadan biri qayışı boğazıma atıb məni boğmaq istədi. Arifə bir işarə lazımdır, necə deyərlər, mən də bunlara dedim ki, mənə əl vurmayın, ancaq üstümdə nə varsa, lap maşını da verəcəyəm. Bunların əllərindən çıxmaq üçün deyirdim. Qayışı boğazımdan buraxandan sonra əlimi atıb maşını kilidlədim və bıçağı çıxardıb yanımdakı oğlanın boğazına dirədim. Uzaqdan maşın işığı göründü, elə bil məndə arxayınlıq yarandı, qapıları açıb bunları düşürtmüşəm. Bir neçə gün özümə gəlməmişəm. O hadisədən sona gecələr işləmirəm daha.

Bu, səkkizinci maşınımdır

Söhbəti dəyişir:

- Mən maşın həvəskarıyam, bu da səkkizinci maşınımdır. Sürətlə sürməyi də çox sevirəm. Yalnız bir mahnıya qulaq asıram sürətlə sürəndə. O da Faiq Ağayevin “Kim arar səni, kim arar” mahnısıdı. (Həmin mahnını qoşur, yüksək səslə mənə də qulaq asdırır. - G.K.)


Dəvədəlləyi kimi səhnədə özlərinə əl qatırlar

- Ancaq indiki müğənnilərə elə də qulaq asa bilmirəm. Hərəsi əlinə bir mikrofon alıb, düşür səhnənin canına ki, mən xoş gəlmişəm, səsim yoxdur, ancaq guruldayıb oxumalıyam. O dövrlər getdi e. Firuzə İbadova, Şövkət Ələkbərova, Sara Qədimova, heç onların səsinə çatan səs var indi? Dəvədəlləyi kimi səhnədə özlərinə əl qatırlar. Bu gün səhnəyə çıxır, səhər fonoqramın hesabına populyarlaşır.

Yaman tez-tez darıxıram

- Bəzən yaman tez-tez darıxıram. Əlimi tez krossvorda atıram, o krossvord olmasa, ürəyim partlayar. Yaxşı ki, darıxmağımı ağlımdan çəkib aparır. Fikrim çoxdur, dərdimi bununla aldadıram, qadan alım. Mən də hamı kimi istəmişəm ki, evimin xanımı olum, bir qazan küftə-bozbaşımı bişirim. Əsil xanım xanım olmalıdır. Qismət deyilmiş də. Mənə də ancaq əzab-əziyyət yazıldı.

Zəriş xanım mahnıya qulaq asır, mənim diqqətimi isə siqaret kötüyü ilə dolu külqabı çəkir..
[media=https://www.youtube.com/watch?v=VmLSshNRlNg]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.