İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Təbrizdə jurnalistlərə açıqlama verib və Azərbaycanla bağlı bəzi məqamlara toxunub.
Səfirin ölkədəki son seçkilərlə bağlı səsləndirdiyi fikirlərə ekspertlər cavab verdi və səfirin fikirlərinin reallığı əks etdirmədiyi ortaya çıxdı.
ncaq səfir açıqlamasında başqa maraqlı məqama da toxunub. O bildirib ki, Azərbaycanla İran dərsliklərdəki bəzi tarixi təhriflərin araşdırılması üçün ortaq komitə formalaşdırıb: “Hələlik bu komitənin iclası keçirilməyib. Amma biz şübhəli məqamların aradan qaldırılması üçün komitənin yığıncağının keçirilməsinə çalışırıq”.
Belə bir komitənin yaradılması təsadüfi ola bilməz. Səfirin də fikirlərindən görünür ki, Azərbaycan dərsliklərində İranı razı salmayan məqamlar var və rəsmi Tehran bu məqamların aradan qaldırılmasını istəyir.
Ancaq İranın təzyiqi ilə Azərbaycan dərsliklərinin dəyişdirilməsi və bu ölkənin istədiyi şəkildə yazılması da yanlış olardı.
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, həmin komitə yazılanları obyektiv araşdırsa, İran tərəfi faktlar qarşısında uduzacaq: “Farslar gəlməzdən öncə İranda türk dövləti olub. İranda türklərin 5-6 min illik tarixi var. Türklərin bütün mənəvi sərvətləri bu gün İranın adına çıxıb. Azərbaycan iki hissəyə bölünəndə, güneydə Qacarlar sülaləsi hakimiyyətdə idi. Bu gün bizim dövlətimizi farslaşdırırlar və biz buna qarşı etiraz etməliyik. Bu gün xeyli ensiklopediyalarda, xəritələrdə Azərbaycan məxsus olanlar, Persiyanın adına yazılıb. Xalçalar, qədim əşyalar, mədəniyyət abidələri, ədəbiyyatımızın bir parçası da Persiyan adı ilə bağlanıb. Ona görə də obyektiv araşdırma aparılsa, bütün parametrlər üzrə İranın haqsız olduğu üzə çıxar. Dərsliklərimizdə Azərbaycanın tarixi xəritələri var, Səfəvi, Atabəylər, Qacarlar dövləti haqqında məlumatlar var. İran həmin dövrü öz tarixi kimi qələmə vermək istəyir. Amma bu dövlətlər türk dövləti olub və bunu danmaq da mümkün deyil. İranın xoşuna gəlmədiyi üçün öz tariximizdən imtina etməli deyilik. İrana daxil olan xalqların hamısı bölünmüş vəziyyətdədir və İran bu xalqlar üçün bir bəladır. Ona görə də belə bir komitənin yaradılması İran üçün maraqlı olmamalıdır”.