Ziya Məmmədovla Hacıbala Abutalıbov “motodromda” üz-üzə gəldi

1-06-2014, 12:18   
Ziya Məmmədovla Hacıbala Abutalıbov “motodromda” üz-üzə gəldi
Nəqliyyat naziri Ziya Məmmədovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov əvvəllər Motodromun yerləşdiyi, hazırda isə şəhərlərarası Avtovağzal Kompleksinin olduğu ərazidə “toqquşub”lar.

Bu haqda “Yeni Müsavat”a etibarlı mənbədən məlumat daxil olub.

Mənbə bildirir ki, iki məmuru üz-üzə gətirən isə Bakı-Sumqayıt və Sumqayıt-Bakı istiqamətində avtomobil magistralında yaranan tıxacların aradan qaldırılması üçün salınan yoldur. Qaynaq deyib ki, layihənin icrasına başlanmazdan öncə prezidentə yolun layihəsi təqdim olunub, bu haqda dövlət başçısına məruzə edilib. Həmçinin nəqliyyat naziri ölkə rəhbərinə salınacaq yolun tikintisi, tikinti zolağına düşən obyektlərin, mühəndis xətlərinin və tikililərin köçürülməsi istiqamətində görüləcək tədbirlər haqda məlumat verib.

Mənbənin iddiasına görə, nazirin məruzəsində tikinti zolağına düşən obyektlər sırasında H.Abutalıbova məxsus 5 hektar torpaq sahəsi də olub. BŞİH rəhbəri məsələdən xəbər tutub və sonradan hərəkətə keçib; nəticədə plan dəyişdirilib. Həmçinin Bakı rəhbərinə bəlli olub ki, ilkin sənədlərdə onun torpaq sahəsi tikinti zolağına düşməli deyilmiş, başqa bir ərazidən keçməli imiş. H.Abutalıbov yolun istiqamətinin dəyişdirilməsinin səbəbi ilə maraqlanıb və öyrənib ki, ilkin sənədlərə görə yol Ziya Məmmədovun yaxınlıqda yerləşən obyektlərinin ərazisindən keçməli imiş. Ona görə də belə bir dəyişiklik baş verib.

Bundan sonra Bakı meri zəruri addımlar atıb və torpaq sahəsini xilas edə bilib. Belə ki, yolun ilkin eskiz üzrə çəkilməsinə nail olub. Qaynaq deyib ki, buna görə BŞİH rəhbəri ilə nəqliyyat naziri arasında ciddi narazılıq olub. Mənbə onu da bildirib ki, əgər yol köhnə layihə üzrə tikilsəydi H.Abutalıbova məxsus torpaq sahəsinə kompensasiya ödəniləcəkdi. Amma H.Abutalıbov bu işin onun üçün nüfuz və prinsip məsələsi olduğunu söyləyib və layihəni dəyişdirməyə müvəffəq olub.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunun 9-cu kilometrliyində paytaxt istiqamətində gələn yolun üzərində 4 aşırımlı yol ötürücüsünün tikintisi artıq başa çatdırılıb. Hazırda dəmir yolu xətti üzərindən keçən həmin yol yeni yol ötürücüsündən Bakıya doğru 3 zolaqlı yeni yol çəkilir. Bu yol vasitəsi ilə həm sağa dönməklə tikilməkdə olan atıcılıq kompleksinə, həm də sol istiqamətdən avtovağzal və mərkəzə doğru hərəkət etmək mümkün olacaq. 9-cu kilometrdən ayrılacaq yeni yol avtovağzalın yaxınlığında Bakı-Sumqayıt magistralına birləşəcək. Bundan başqa, Bakı-Sumqayıt yolunun Sulutəpəyə birləşən hissəsində də genişləndirilmə işləri həyata keçirilir.

Belə ki birtərəfli, ancaq şəhərin mərkəzinə doğru olan yol 2 hərəkət zolağından 8 zolağadək genişləndirilir. Yaxın gələcəkdə Sumqayıt istiqamətindən paytaxta doğru gələn nəqliyyat vasitələri rahat bu yola daxil ola biləcəklər və Bakı-Şamaxı, Xocasən yollarına doğru maneəsiz hərəkət edə biləcəklər. Halbuki daha əvvəl bu yol birtərəfli idi və ancaq Xırdalandan paytaxta tərəf gələn nəqliyyat vasitələrini Bakı Sumqayıt yoluna çıxarırdı. Eyni zamanda Sumqayıt istiqamətində olan hissədə də yeni yol salınır. Belə ki, 9-cu kilometrlikdə 1 aşırımlı yeni yol ötürücüsü inşa olunur. Yol ötürücüsünün davamı olaraq iki zolaqlı yeni yol çəkilir və bu yol Ekologiya postunadək uzanacaq. Nəqliyyat vasitələri 9-cu kilometrlikdə, hərbi hissənin yaxınlığında yaradılacaq dairə vasitəsi ilə həm Biləcəri, həm də Sumqayıt istiqamətində rahat hərəkət edə biləcəklər. Qeyd edək ki, layihələrin həyata keçməsi ilə Sumqayıtdan paytaxta gələn nəqliyyat vasitələri 9-cu kilometrlikdə tikilmiş yeni yol ötürücüsü vasitəsi ilə həm də Biləcəriyə doğru hərəkət edə biləcəklər. Bunun üçün yol ötürücüsünün dördüncü aşırımından Biləcəriyə doğru yeni yol da çəkilir. Ziya Məmmədovla Hacıbala Abutalıbovun toqquşduğu ərazinin də həmin hissədə olduğu bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.