“Rusiyadakı varlılarımızın istəkləri yalnız ticarətdə zirvədə qalmaqdır”
Diaspora hərəkatının tanınmış simalarından olan, Dünya Azəraycanlıları Konqresinin sabiq sədri Cavad Derəxtinin AzNews.az-a müsahibəsi
-Dünya azərbaycanlılarının birliyi və təşkilatlanması istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?
-Dünənə baxdıqdan, bu gün görülən işləri irəliyə doğru atılan addımlar kimi dəyərləndirmək olar. Ancaq bu işləri yetərli hesab etmək də düzgün olmazdı. Daha çox çalışmalıyıq. Əsasən də Avropada diasporanın güclənməsi üçün çox böyük işlər görməliyik. Məsələn, Rusiyanı da qərb ölkəsi hesab etsək, bu ölkədə, xüsusən Moskvada Heydər Əliyev Fondunun fəaliyyətini təqdir etmək lazımdır. Ancaq Avropada Fondun işi genişmiqyaslı deyil. Bildiyim qədər Fondun Rumınyada ofisi mövcuddur. Təklif edirəm ki, Fond Londonda, Parisdə, Stokholmda, Berlində də nümayəndəliyini yaratsın. Özü də bu fəaliyyət koordinasiya olunmuş şəkildə olmalıdır. Məncə, Avropaya çox diqqət ayırmalıyıq.
-Sözlərinizdən belə nəticə çıxartmaq olarmı ki, diaspora işinin təşkilində əsas çətinlik maliyyə qıtlığı ilə bağlıdır. Bu məsələni isə bir mərkəzdən istiqamətləndirən quruma ehtiyac var.
- Bir də burada maliyyə məsələsi ən öndə gəlir. Səmimi olaraq bir etiraf etmək istəyirəm. Elə işlər var ki, diaspora üzvlərimiz həmin prosesi aparmaq iqtidarında deyillər. Bunu xüsusi qeyd edilməsini xahiş edirəm ki, yuxarıdakılar da eşitsin. Bizim diaspora ilə bağlı işlərimizi aparanlar sadə soydaşlarımızdır. Avropadakı zənginlərimizin gündəmində bu məsələ - Azərbaycan məsələsi yoxdur.
- Bu zəngin soydaşlarımızın diaspora işinə diqqət ayırmasına mane olan nədir? Belə varlı azərbaycanlılarla görüşləriniz olubmu?
- Zəngin soydaşlarımızla əlaqəm yoxdur. Əslində varlı azərbaycanlıların bir çoxu Rusiyada yaşayırlar. Avropadakılar da öz işləri ilə məşğuldur. Azərbaycan məsələsi haqda onlara danışanda yayınırlar. Hətta birbaşa “Bu bizim məsələ deyil” deyərək, əməkdaşlıqdan çəkinirlər. Ancaq sadə soydaşlarımız, xüsusən də gənclərimiz bu işə çox həvəslidirlər. Gördüyünüz kimi bütün aksiyalarda bayrağımızı öndə dalğalandıranlar da gənclərdir. Bayrağımızı başlarının üstündə aparan bu gənclərimizə böyüklərin diqqət ayırması lazımdır.
- Varlı soydaşlarımızın əsasən Rusiyada yaşadığını dediniz. Dünya azərbaycanlılarının diaspora hərəkatında uzun illərdir fəaliyyət göstərən şəxs kimi bu ölkədəki azərbaycanlı zənginlərin milli məsələ ilə bağlı işini necə dəyərləndirirsiniz?
- Onlara ciddi iradlarım var. Bu günə kimi Rusiyanın mərkəzi şəhərlərində Azərbaycan məsələsi ilə bağlı həmin zəngin soydaşlarımızın diqqət yaradacaq aksiyasına dəstək verdiklərinin şahidi olmamışam. Məncə, onların işləri ancaq ticarət sferası ilə yekunlaşır. İstəkləri də ticarət işində zirvədə qalmaqdır. Yəni daha çox kommersiya maraqlarından çıxış edilər. Rusiyadakı soydaşlarımızın fəaliyyətini izləyirəm. Son 100 ildə Azərbaycanın başına gətirilən soyqırım, faciə və digər milli birlik yaradan günlərlə bağlı Moskvada aksiya keçirdiklərinin şahidi olmamışam. Əlbəttə, toplaşırlar. Hansısa zala yığışaraq, özləri deyib, özləri də eşidir. Bu da bizim diaspora işimizə yaramaz. Biz əcnəbiləri – Rusiyanın deputatlarını, vətəndaş cəmiyyəti təşkilatlarının üzlərini bu işə cəlb etməliyik. Məsələn, yeni yaratdığımız “Bütöv Azərbaycan” televiziya kanalının məqsədi bu istiqamətdə fəaliyyət göstərməkdir. Burada Azərbaycanın haqq səsini dünyaya yaymağa çalışırıq. Ancaq bizim də bir çox çətinliklərimiz mövcuddur. Maliyyə və kadr problemini həll edə bilmirik. Maraqlı burasındadır ki, bu günə qədər Türkiyə cəmiyyətinə də dərdimizi anlada bilməmişik. Bu gün Azərbaycanın problemləri haqqında məlumatlı olmayan çoxlu sayda türkiyəli var.
- Belə olan təqdirdə “Bütün bu problemlərin əsasını yetərincə təşkilatlanmamağımız durur” fikri ilə razılaşa bilərsinizmi? Yəni hələ də təşkilatlana bilməmək problemimiz qalmaqdadır?
- Problemin əsasında duran ən vacib məqamlardan biri də dünyada yaşayan türk millətinin vahid birlik – ittifaq şəklində fəaliyyət göstərə bilməməsidir. Məsələn, Avropada yaşayan türkiyəli qardaşlarımızın təşkilatları arasında ixtilaf var. Son zamanlar Türkiyənin daxili siyasi gündəmini zəbt edən konflikt, xaricdə yaşayan türkiyəliləri də parçalayıb. Bu məsələləri danışmalıyıq. Lakin cəhdlər boşa çıxır. Sadəcə biz, türklər anlamalıyıq ki, xaricdə yaşadığımızdan iqtidar-müxalifət məsələlərinə deyil, ümumi mənafeyimizi diqqətdə saxlamalıyıq. Bu gün bizim əsas problemimiz Qarabağın azad olunması və Ermənistanın işğalçılıq siyasətinin durdurulmasıdır. Məsələn, birlikdə ermənilərin soyqırım iddialarının qondarma olduğunu dünyaya çatdırmalıyıq.
- Türkiyəli soydaşlarımızın Avropadakı fəaliyyətini tənqid etdiniz, parçalandırlarını, ölkədaxili siyasi məsələlərə kökləndirklərini dediniz. Azərbaycanlıların da Avropada belə problemləri mövcuddurmu?
-Təəssüf ki, azərbaycanlılar da onlardan fərqli deyil. Məsələn, Şimalı Azərbaycandan gələn soydaşlarımız müxalifət-iqtdar cəbhələrinə bölünüblər. Güney Azərbaycandan gələnlərin bir çoxu isə bu məsələdə özlərini prosesdən kənarda görürlər. Əlbəttə, özlərini tam azərbaycanlı bilənlər də az deyil. Hətta deyərdim ki, belələri çoxluq təşkil edir, onlar Azərbaycan Respublikasının nəaliyyətlərini öz uğurları bilirlər. Tədbirlərdə də vahid mövqedən çıxış edən soydaşlarımız həyata keçirir.
- Xaricdə yaşayan soydaşlarımızın diaspora işinə də Azərbaycandakı iqtidar-müxalifət çəkişməsindən yanaşması nə qədər doğrudur?
- Bəziləri xaricə gəlməmişdən əvvəl partiya mənsubiyyətləri olub. Ona görə də xaricdə həmin partiyanın xeyrinə çalışmaq istəyirlər. Ancaq bu səhvdir. Məncə əvvəl vətən, sonra siyasi partiya...Təəssüf doğuran məqamlardan biri də odur ki, məsələlərə Azərbaycandakı daxili siyasi proseslər kontekstindən yanaşanların bəziləri hazırda yaşadıqları ölkənin vətəndaşıdırlar. Misal olaraq, mən İsveç vətəndaşıyam. Azərbaycan Respublikasına viza ilə gəlirəm. Yəni Azərbaycanın daxili siyasi prosesləri birbaşa olaraq, məni maraqlandırmır və qarışmamalıyam. Mən belə düşünürəm. Əlbəttə, geniş bir narahatlıq yaradan və ya baş verən hadisələri
çıxmaqla, digər məsələlərə mən qarışa bilmərəm.
- Cavad bəy, Dünya Azərbaycanlıları Konqresinin üzvü olaraq qalmısınızmı?
- Mən mənəvi cəhətdən konqresin həm üzvüyəm, həm də bu təşkilatı özümə doğma qurum olaraq bilirəm. Ancaq DAK-da baş vermiş hadisələrdən də çox narahatam. İstəməzdim ki, azərbaycanlıların xaricdə fəaliyyət göstərən bir təşkilatı bu vəziyyətə düşsün. İki il əvvəl DAK-da yaranan parçalanmaların qarşısını almaq üçün bir razılıq əldə olunsa da, nəhayətdə bu alınmadı. Təəssüf ki, bəziləri bunu istəmədi. Sonda isə gerçək birlik yaranmadı. Mən bu proseslərdən kənardayam.
- Niyə kənarda dayanmağa üstünlük vermisiniz?
- Çünki birlik və bərabərlik tərəfdarıyam. Bilirsiniz, təəssüf ki, milli maraqlara üstünlük verilmədi.
- Baş verənlərdə siz də ittiham obyektisiniz. DAK-da baş verənlərdə özünüzü günahkar hesab edirsinizmi?
- Qətiyyən özümü günahkar hiss etmirəm. Mən indi də birləşdirici mövqeydəyəm. Görürəm ki, bu baş tutmayacaq. Bu səbəbdən də mən və mənim kimi düşünən bir neçə həmfikirmizlə Dünya Azərbaycanlılarının Milli Birliyi təşkilatını yaratmışıq. Bu təşkilatının nəzdində isə “Bütöv Azərbaycan” televiziya kanalını qeydiyyatdan keçirtmişik. Bu gün də bu televiziya kanalı fəaliyyət göstərir. Yəni çalışırıq. Düşünürəm ki, yaxın gələcəkdə bir qurultay təşkil edərək, dünya azərbaycanlılarını Milli Birlik təşkilatında birləşməyə dəvət edəcəyik. Çünki nicatımız milli birlikdədir. DAK-dakı çəkişmələrdə isə yoxam, olmayacağam da...Bu gün həmin təşkilatda fəaliyyət göstərənlərə də uğurlar diləyirəm. Lakin bunu xüsusi olaraq, qeyd etmək istəyirəm ki, diaspor təşkilatı xaricdə olmalıdır. Azərbaycanda isə diaspora ilə məşğul olan komitə, Prezident Administrasiyasında sektor, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, həmçinin Gənclər və İdman Nazirliyi var. Adını sadaladığım qurumların hər biri bu və ya digər şəkildə diaspora işi ilə məşğul olurlar. Mən belə düşünürəm. Ola bilər dostlarımız başqa cür düşünə bilərlər. Onların da fikrinə hörmətlə yanaşıram.
- Bir müddət əvvəl Güney Azərbaycan Mühacir Parlamenti adlı qurumun təsis olunduğu haqda informasiyalar oxuduq. Sizin bu məsələ ilə bağlı da mövqeyinizi bilmək istərdik.
- Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə ilə DAK-da birlikdə fəaliyyətimiz olmuşdu. Bir neçə il əvvəl isə mən Bakıda olan zaman soydaşlarımızın diaspora işi ilə bağlı birgə fəaliyyət haqda müzakirələrimiz olmuşdu. Ancaq o zaman həmin qurumun adı və konkret istiqaməti müəyyənləşməmişdi. Hətta bu məsələ ilə bağlı Ankaradakı dostlarımızdan biri Bakıda görüşəcəyimizi desə də bu baş tutmadı. Həmin toplantı keçirilməmişdən bir müddət əvvəl İqbal Ağazadə mənə zəng etdi və dedi ki, Malmo şəhərində konfrans zalı və mehmanxanada 30 nəfərlik yer icarələyim. Mən 4 otellə danışdım və qiymətlərini İqbal bəyə göndərdim. İqal Ağazadənin vəziyyətlə bağlı məlumat vermədiyindən, məcbir qalaraq, özüm proseslə maraqlandım. Sonra mənə dedi ki, onlar Danimarkanın paytaxtı Kopenhagendə toplanacaqlar. Bron etdiyim otellərdəki nömrələri geri qaytardım. Lakin bu proses gec olduğundan 10 faiz ödədim. Nə isə...Tədbirin Malmoda keçirilməsi məsələsi alınmadı. Ancaq həmin yığıncaqda kimin iştirak edəcəyindən məlumatsız olmuşam. Dost kimi İqbal bəyin xahişini yerinə yetirsəm də, yığıncağın əsas məqsəd və məramından xəbərsiz idim. Həmin tədbirə dəvətli olsam da, iştirak edə bilmədim. Çünki televiziyanın işlərini nəzarətsiz buraxa bilməzdim. Bir də onu deyim ki, ora gələnlərin kim olduğunu bilmədiyimdən iştirakda da israrlı olmadım. Sonradan mediadan öyrəndim ki, orada qeyd olunan toplantı olub. Orada iştirak edən dostların çoxunu yaxından tanıyıram. Dəyərli insanlardır. Əgər həqiqətən bu işi bacara biləcəklərsə, buna sevinərəm.
- Sizcə, Mühacir Parlamenti soydaşlarımızın haqlarının bərpasına nail olmaq və ya bunu dünyaya çatdırmaq iqtidarındadırmı?
- Xeyir. Çünki oradakı dostlarımızın sayları çox azdır. Yığıncaqda bütün tərəflər iştirak etsəydi, daha yaxşı olardı. Deyirlər ki, yaxın vaxtlarda növbəti yığıncaqları olacaq. Uğurlar diləyirəm, ancaq bu məsələdə nikbin deyiləm. Etirazlar da var. Deyəsən, bu xəmir çox su aparacaq.
- Siyasi mənsubiyyəti olan şəxsin diasporada uğur qazanması mümkündürmü?
- Aydındır. Məncə İqbal bəy bu prosesdə kənardadır. Toplantıya qatılsa da cari məsələlərə qarışmır. O, yalnız bu işin baş tutması üçün qabağa düşüb. İqbal bəylə də bununla bağlı əlavə söhbətimiz olmayıb və onun fikrini bilmirəm. Əslində mən də sizinlə həmin məsələdə həmfikirəm. Diaspor məsələlərində siyasi mənsubiyyəti olan şəxsin iştiakı heç də həmişə uğur qazandırmır. Avropada belədir. Yəni partiyanın xətti burada yürüdülə bilməz. İkinci tərəfdən bu təşkilata Parlament adı qoymamaqda olardı. Yəni adın çəkisi çox böyükdür. Sonrasının isə necə olacağı hələ bilinmir. Həm də inanmıram o insanlar həmin yükü daşıya bilsinlər.
- Səbəb nədir?
- Həmin təşkilata qoşulan insanların bəzilər bir-birinin əleyhinə danışan və fəaliyyət göstərənlərdir. Onların bir qurumda olacağı da inandırıcı deyil. Əlbəttə, iki gün ərzində bir masada oturmaqları uğurdur.