Xırdalanda 1 milyonluq oğurluğun – Şok təfərrüatı

1-06-2014, 16:17   
Xırdalanda 1 milyonluq oğurluğun – Şok təfərrüatı
Bu ilin aprelinin 11-də "Karmen" MMC un məmulatları şirkətinin Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 23 ünvanında yerləşən baş ofisindən külli miqdarda pul oğurlanıb. Hazırda polis 450 min manat məbləğində olan bu böyük oğurluq faktının üstünü açıb.

Abşeron RPŞ-dən Axar.az-a verilən məlumata görə, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində mayın 23-də bir nəfər saxlanılıb. O, Abşeron rayon Qobu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Ramiz Salman oğlu İmaməliyevdir. Səməd Vurğun küçəsi-41-də yaşayan R.İmaməliyev artıq 2 dəfə oğurluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. "Karmen"də törətdiyi talan isə onun üçüncü dəfə həbs olunmasına səbəb olacaq.

Faktın üstünün açılması nəticəsində daha bir maraqlı fakt da ortaya çıxıb. Belə ki, saxlanılan şəxs şirkətdən 450 min manat deyil, 1 milyon manat apardığını etiraf edib. Qısa müddət ərzində oğurladığı vəsaitin 600 min manatını əyləncə və qızlara xərclədiyini deyən R.İmaməliyev qalan 400 min manatın yerini də göstərib. Əməliyyatçılar pulun 200 min manatının qəbiristanlıqda basdırıldığını öyrənib və R.İmaməliyevin nişan verdiyi yeri qazaraq gizlədilən pulu çıxarıblar. Hazırda məbləğin digər hissəsi və xərclənən pullarla bağlı araşdırmalar davam edir.

“Karmen” məbləği niyə gizlədi?

Maraqlı məqamlardan biri isə R.İmaməliyevin oğurlanan vəsaitin 1 milyon manat olması barədə ifadəsinə baxmayaraq, “Karmen” şirkətinin 450 min manatda israr etməsidir. Bildirilir ki, “Karmen” saxlanılan şəxsin 1 milyon oğurladığı etirafını qəbul etməyib və istintaqa təkrar izahatında oğurlanan məbləğin 450 min manat olduğunu bildirib. Hazırda istintaq həm də bu faktı aydınlaşdırmağa çalışır.

Ehtimallardan biri isə budur ki, "Karmen" MMC-nin bu israrına səbəb “gözə gəlməməkdir”. Oğurlanan vəsaitin böyük hissəsinin xərcləndiyini və saxlanılan şəxsin maddi vəziyyətinin bu pulu qaytarmağa imkan vermədiyini nəzərə alan və pulun yarısından əlini üzən şirkət heç olmasa adının milyonluq oğurluqda hallanmamasının qayğısına qalır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.