Ermənistan hökumətində böhran: Sərkisyan XİN rəhbərliyini tələsik Qarabağa göndərdi

2-06-2014, 10:56   
Ermənistan hökumətində böhran: Sərkisyan XİN rəhbərliyini tələsik Qarabağa göndərdi
Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin ötən həftə Astanada Rusiya, Qazaxıstan və Belarus tərəfindən təsis olunan Avrasiya İttifaqına Dağlıq Qarabağsız qoşulacağına dair bəyanatının ardınca XİN-in bütün rəhbər heyəti tələsik Xankəndinə göndərilib.

Xarici işlər naziri Edvard Nalbəndyan, Ermənistan XİN-in mərkəzi aparatının bütün rəhbər heyəti, habelə diplomatik korpusun nümayəndələri bu gün səhər Qarabağa gəliblər. Onları Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyan qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət, Ermənistanla Dağlıq Qarabağın “xarici siyasət idarələri” arasında əməkdaşlıq məsələləri və s. müzakirə olunub. Daha sonra Bako Saakyanla Eduard Nalbəndyan təkbətək görüşə keçiblər.

Serj Sərkisyanın XİN-in rəhbər heyətini Qarabağa göndərməsinin Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ətrafında yaranmış vəziyyətlə bağlı olduğu şübhəsizdir. Belə ki, bu ittifaqın təsis olunması zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev Sərkisyanı açıq-aşkar pərt edərək Azərbaycan prezidenti İlham Əliyevin göndərdiyi məktubun məzmununu çatdırıb. Həmin məktubda deyilirdi ki, Ermənistan Avrasiya İtttifaqına ancaq indiki sərhədləri çərçivəsində daxil ola bilər. Nazarbayev Azərbaycan prezidentini qəzəbləndirməmək üçün bu şərtin nəzərə alınmalı olduğunu deyib, Sərkisyanın isə pərtlikdən sifəti əyilib və o, İrəvana olduqca dilxor vəziyyətdə qayıdıb.

Adınca Ermənistan baş naziri Ovik Abramyan, hakim partiyanın parlament fraksiyasının rəhbəri, vitse-spiker Eduard Şarmazanov və digər rəsmilər Ermənistanın Avrasiya İttifaqına Qarabağla birlikdə girəcəyini, sərhəddə gömrük postununun qoyulmasının istisna edildiyini deyiblər. Lakin Sərkisyan şənbə günü axşam hakim partiyanın gənclər təşkilatının toplantısında deyib ki, Ermənistan Avrasiya İttifaqına Qarabağsız girəcək. “Kim demişdi ki, biz Gömrük İttifaqına (Avrasiya İttifaqı Gömrük İittifaqının əsasında yaradılır.-red) Qarabağla birlikdə girəcəyik? Bu mümkün deyil, ən azından bizim qanunvericiliyə görə Dağlıq Qarabağ Ermənistan ərazisi hesab edilmir” deyə Sərkisyan bildirib.

Sərkisyanın bu bəyanatı erməni siyasi dairələrində narahatlıqla qarşılanıb. Ehtimal olunur ki, yaranmış vəziyyətdə Sərkisyan Azərbaycandan aldığı diplomatik-siyasi zərbəni kompensasiya etməyin yollarını axtarır. Mümkündür ki, XİN-in rəhbər heyətini Qarabağa göndərməkdə məqsəd qondarma “DQR”in “müstəqilliyinin tanınması” yönündə fəaliyyətləri gücləndirmək planlarını müzakirə etmək məqsədi daşıyır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.