İsrailin Baş naziri Benyamin Netanyahu Fələstində qurulacaq hökumətin tanınmaması üçün çaırış edib.
Netanyahu Nazirlər Kabinetinin iclasından əvvəl mətbuata verdiyi açıqlamada qurulacaq yeni Fələstin hökumətinin tanınmamasını istədiyini söyləyib:
"Beynəlxalq birliyin bütün məsul qüvvələrini Həmasın iştirak etdiyi və söykəndiyi Fələstin hökumətini tanımamağa çağırırıq. Həmas İsraili məhv etməyə çalışan terror təşkilatıdır. Beynəlxalq birlik bunu dərk etməlidir. Bu, sülhü yox, terroru gücləndirəcək".
Xatırladaq ki, aprelin 23-də Həmas və “Əl-Fətih“ arasında razılıq əldə edilmiş və milli hökumətin qurulması üçün görüşlərə başlanmışdı. Ancaq görüşlərin uzanması səbəbindən hökümətin elanı təxirə salınmışdı.