Azərbaycanlı qadın gecələr Facebook-da olursa...

2-06-2014, 11:10   
Azərbaycanlı qadın gecələr Facebook-da olursa...
Üzüm ayağınızın altına, demək də pis çıxmasın, hamınızdan üzr istəyirəm ifadəmə görə, - mən hərdən gecələr Facebook-a girirəm axı... Bu prosesə indi lap maraqlı ad veriblər - “Facebook-da oturmaq”. Bəlkə də, elə bu adı veriblər deyə gecələr Face-ə girən qadınlara pis baxırlar. O qadın ərsizdirsə, boşanmışdırsa, - bu heç. Xalqımı heç kim inandıra bilməz ki, o qadın Face-də pis-pis işlərlə məşğul olmur. Yəni, bu, bizim camaatın fikrincə, aksiomdur deyə, onun sualını qoymurlar. Amma söhbət ərli qadınlardan gedəndə məsələ bir az da qəlizləşir.

Millət psixoloji olaraq, elə bilir ki, bu arvadlar ərlərini mışıl-mışıl yatan yerdə qoyub, yavaşca ev şəp-şəplərini soyunub, girib otururlar Facebook deyilən, itin yiyəsini tanımadığı, Şamaxı bazarına oxşayan bir yerdə. Özü də gecə paltarında. Vay-vaaaayyy... O baxır, bu baxır, o söz atır, bu bir çimdik qopardır...

Olmaz! Doğurdan olmaz, pisdir belə şeylər eləmək. Ən yaxşısı Face-ə onlayn girməkdir. Elə bil ki, “Kot Leopold” cizgi filmindəki siçansan. Cövhər içib, gözəgörünməz olursan, özünçün şellənirsən Face-də. Daha ər mışıl-mışıl yatdı, uşaq yerinə “çiş” elədi, sən bu basabasda kiməsə ilişdin, kimsə sənə dəyib kəlləmayallaq oldu, bunu səndən başqa görən olmayacaq.

Mən həmişə demişəm ki, pis işi görmək bir ayıbdırsa, onu aşkarda eləmək iki ayıbdır. Bunu elə-belə, havadan götürüb demirəm - xalqım da mənim kimi düşünür. Buyurun, baxın, gecələr Face-də oturan qadınların neçəsi onlayn olur? Əlbəttə ki, çox az bir hissəsi. Niyə? Çünki camaat gecələr Facebook-da oturan qadına pis baxır. Söylü demiş, o arvadın əri, utandığından çayçıya da çıxa bilməz.

Biz, ümumiyyətlə, hər şeyə əvvəl-əvvəl pis baxırıq. Amma sonra pis baxdığımız şeylərin sonra heç də pis olmadığını görüb, özümüz başlayırıq nə başlayırıq. İntəhası, bəzi şeylər var ki, onları eləsək də, yenə pis baxırıq. Pis baxdığımız üçün də onu gizli edirik. Eynilə bu gecələr Face-də oturmaq məsələsi kimi.

Əvvəl-əvvəl arvadların Facebook-da profil açmasına necə baxırdıq? Şəxsən öz adıma deyirəm, mən işlədiyim redaksiyada yan-yörəmdə oturan xanımların Face-də yazışmaqlarına bir müddət qaşlarımı düyünləyib, yanakı baxırdım. Amma sonra gördüm ki, yox, canım, “akazıvaetsya” Facebook jurnalist üçün əvəzedilməz bir məkan imiş. Allahın yəhudi əsilli amerikalının vasitəsilə bizə göndərdiyi lütfü imiş.

Bunu biləndən sonra oturub hesablayıb gördüm ki, Face-də olmamağım mənə bir ildə təxminən elə illik qazancım qədər ziyan vurub. Mən də ki, kasıb adamam, belə şeyləri özümə bağışlaya bilmirəm.

Amma bu onlayn məsələsi ki var, ondan əl çəkəsi deyiləm. Nə qədər ki, Mark bu ikiüzlülüyə də bir əncam qılmayıb, yararlanacam. Yoxsa zalım oğlu elə şeylər icad edir ki, adama heç əl yeri qoymur. Məsələn, elə inboksumuza gələn məktublar. Oxudunmu, vəssalam, məktubun qarşısında bir “quş” işarəsi çıxır, göndərən də bilir ki, oxumusan. Heç bizim millətin xasiyyəti ilə düz gəlmir bu “quş” məsələsi. Ay zalım oğlu Mark, bəlkə, biri məndən təcili əlborcu 50 manat istəyəcək, mən də özümü görməməzliyə vurub deyəcəm ki, məktubunu oxumamışam.

Hələ son vaxtlar da belə bir fason çıxarıb. Sənin Face-dəki bütün hərəkətlərini dostlar yandakı lövhədə görür. Heç gör dəxli var? Bax mən özüm bir-birindən zəhləsi gedən bir neçə adamla Face-də dostluq edirəm. Onlardan biri o birini söyəndə inciməsin deyə like edirəm. Bir də görürsən o birisi girdi inboksuma yazdı ki, ayıb olsun sənə, filankəsi nöş dəstəkləmisən? Təmiz qanqaraçılıqdı.

Allaha şükür ki, Mark dünyanın o başında, inkişaf etmiş ölkədə yaşasa da, əsil yəhudi uzaqgörənliyi işlədib. Bilir ki, dünyada hələ Mozambik kimi, Misir kimi, İran kimi və nəhayət, anam Azərbaycan kimi ölkələr var ki, oralarda zənən xeylağının gecələr ərinin yanında uzanmaması böyük ayıb sayılır. Yeri gəlmişkən, bizim millət elə bu gecələr Face-də olmaq məsələsinə təxminən ərinə xəyanət eləmək kimi baxır.

Bir-iki dəfə saatı unudub, Face-də gecə vaxtı status-filan paylaşmışam. Dərhal təxminən bu məzmunda məktub almışam. “Nə əcəb burdasınız?” Mən dostluğuma tanımadığım, təsadüfi adamları qəbul etmirəm deyə, başqa məzmunlu məktublar gəlmir bu gecə statusundan sonra. Amma ən yaxşı halda dostlarımdam bir necəsinin ciddi şübhələrinə yol açdığımı hiss edirəm.

Fikirləşirəm ki, bu “Face” məsələsiylə maraqlanan çoxsaylı insanların hamısının sualını birdən cavablandıram ki, o birilər də nagüman qalıb gecə yuxuları ərşə çəkilməsin.

Deməli, mən filankəsova filankəs filankəs qızı uca və dərin diqqətinizə ərz edirəm. Gecələr Face-də ona görə oluram ki, həyat yoldaşım filankəsov filankəs filankəs oğlu da gecələr Face-də olur. Necə deyərlər ər harda arvad da orada. Bəs biz niyə yatmırıq? Biz filankəsovlar ailəsi ona görə yatmırıq ki, gecələr hərəmiz öz kompüterimizdə yazı yazırıq. Hərəmiz öz kompüterimizdə yazı yazırıq ona görə ki, ikimiz də pul qazanmaq istəyirik. Pul qazanmaq istəyirik ona görə ki, “u nas çolpa-çolpa balalar est”. Bütün bunların Face-ə nə dəxli var? Bütün bunların Face-ə o dəxli var ki, biz ayrı-ayrı otaqlarda otururuq ki, bir-birimizə mane olmayaq. Bizim cəmi bir otağımız var, ərim mətbəxdə oturur ki, mən yazı yaza-yaza həm də uşaqlarımızı yatızdırım. Nəhayət, bizim gecə vaxtı Face-də olmamığımız ondan ötrüdür ki, ərim çay istəyəndə mənə yazsın: “Uşaqlar yatıbsa, gəl maa çay süz, aazzz...” Yanında da göz vuran smaylik. (Belə - Burada smaylik qoyarsınız). Mən də yavaşca şəp-şəplərimi soyunub, barmaqlarımın ucunda durub gedirəm çay süzməyə...

Ta rahatladınızmı? Ürəyiniz yerinə gəldimi? Ürəyinizdə qaraltı-quraltı qalmadı ki? Nəsə narahatlığınız varsa, deyim ki, elə qadınların çoxu belə “tuxta” səbəblərə görə gecələr Face-ə girirlər. Yox, əgər, Face-də başqa bir şey yapmağın mümkünlüyünü ağla gətirəcək qədər manyaklaşmısınza, öz işinizdir. Gözünüzü yumun və istədiyiniz, könlünüzə yaxın hansı səhnəni quraşdırırsınız-quraşdırın. O qalır sizin əxlaq və vicdanınıza...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.