Rabitə və Yüksək Texnologiyalar Nazirliyi region ölkələrinə mobil telefonların qeyri-qanuni idxalına qarşı mübarizədə birləşməyi təklif edib. Bunu şənbə günü Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.
Qeyd edilən təşəbbüs rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən mayın 29-30-da İstanbulda keçirilmiş Telekommunikasiya sahəsinin tənzimlənməsi üzrə IX Beynəlxalq konfransda irəli sürülüb.
Ə.Abbasov çıxışında mobil telefonların IMEI kodlarının qeydiyyat sisteminin regional inteqrasiyası məsələsinə toxunub: "Bu, mobil telefonların qeyri-leqal idxalının azalmasına müsbət təsir edə bilər".
Qeyd edək ki, Azərbaycanın mobil telefonların IMEI kodlarının məlumat bazasında 13,4 milyondan çox mobil telefon qeydiyyata alınıb. Nazirliyin məlumatına görə, mobil telefonlardan başqa, sistemə GSM standartlı qurğular (planşet kompüterlər, naviqatorlar, məişət texnikası və s.) daxil edilib.
Nazirlikdən bildiriblər ki, sistem istismara verildiyi dövrdən mobil telefonların itməsi barədə müraciətlərin sayı təqribən 2,2 min olub və onların işi şəbəkədə dayandırılıb.
Azərbaycanda IMEI kodların qeydiyyat sistemi 2013-cü il mayın 1-də işə salınıb.