Ötən gün Bakının Qaradağ rayonu ərazisində ailə cinayəti baş verib.
Saat 13:00 radələrində Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində yaşayan Rüstəmovlar ailəsi ev bölgüsü üstündə bir-birinin qanını töküb. Hadisə qayınata, 76 yaşlı Mehdi Heydər oğlu Rüstəmov ilə gəlini 32 yaşlı Cəmilə Rüstəmova ilə mübahisə zamanı yaranıb. Belə ki, Cəmilə Rüstəmova şikayətində bildirib ki, qayınatası tərəfindən bıçaqlanıb. Gəlin onu da əlavə edib ki, evdə onu yola vermirlər. Baldızı, qaynı və qayınatası mütəmadi olaraq onu döyür. Mehdi Rüstəmov isə gəlininin yalan danışdığını deyib.
Qayınata əlavə edib ki, mübahisə zamanı gəlin əlinə bıçaq götürərək onun üstünə hücum çəkib. Bu zaman onun barmağı kəsilib. Gəlinin əlindən bıçağı almaq istəyən zaman isə gəlinin qolu sıyrılıb.
Məsələ ilə bağlı rayon prokurorluğu ilə əlaqə saxladıq. Müstəntiq Anar Şahverdiyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, Rüstəmovlar ailəsindəki problem 4 ildən çoxdur davam edir. Narazılıq isə ailədə ev bölgüsü üstündədir. Bu səbəbdən həmin ailədə demək olar ki, hər gün insident baş verir.
“Hələlik nə gəlinin, nə də qayınatanın bıçaqlanma iddiası öz təsdiqini tapmayıb. Hazırda məsələni araşdırırıq”, - deyə Anar Şahverdiyev bildirib.