ABŞ-ın özəl kəşfiyyat şirkəti, Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” kimi tanınan “Stratfor”un direktoru, bu yaxınlarda Bakıda gizli səfərdə olmuş Corc Fridman Rusiya prezidenti Vladimir Putinin keçmiş sovet respublikalarına dair planları barədə danışıb.
Virtualaz.org saytı Corc Fridmanın Polşanın “Gazecie Wyborczej” qəzetinə verdiyi müsahibəni təqdim edir:
-Siz hesab edirsinizmi ki, Krımda olduğu kimi Latviya və Estoniyanın rus azlığı Rusiyaya birləşmək tələbləri qaldıra bilər?
-Bu, ən çox ehtimal olunan ssenaridir. Lakin Putin bunu ən axırda həyata keçirəcək, çünki söhbət NATO üzvü olan ölkələrdən gedir. Ukraynadakı böhran isə bir müddət sonra səngiyəcək. Bunu Rusiya da istəyir, Qərb də Və onda Putin özünə növbəti hədəf seçəcək. İlk növbədə o, Moldova və Gürcüstanda eksperiment keçirməyə başlayacaq. Gürcüstan Azərbaycan neftinin və qazının tranzitinin keçdiyi ölkədir. Əgər Rusiya bu boru kəmərlərini nəzarət altına alsa, Azərbaycan öz neftində və qazında boğulacaq. Lakin Putin ora tankları göndərməyəcək. O, çekist kimi hərəkət edəcək - dezinformasiya yayacaq, şantaj edəcək və loyal siyasətçiləri ələ alacaq, xüsusi təyinatlı bölmələr göndərəcək.
-Siz bu yaxınlarda demisiniz ki, Putin əslində zəifdir...
-Elədir ki var. Onun əlindəki kartlar heç nəyə yaramır, ancaq o, bu kartlarla gözəl oynaya bilir. Putin yaxşı öyrədilmiş çekist kimi blef etməyi əla bacarır. O, daha ağır çəki kateqoriyasında yumruq oynadır. Ancaq heç kim buna diqqət yetirmir, çünki o, indiyədək udub.
-Belə olan halda onu kim dayandırmalıdır?
-Bu müharibənin nüvə silahı enerji resurslarıdır. Həmin resurslara da Amerika malikdir, çünki şist qazı və nefti hasil etmək üçün texnologiya işləyib hazırlayıb. Əgər bura İranda və İraqda hasil oluna bilən faydalı qazıntıları da əlavə etsək, o zaman biz nəhəng gücə malikik. Söhbət təkcə Avropanı Rusiya neftindən və qazından asılılığını aradan qaldırmaqdan getmir. İdeya ondan ibarətdir ki, bazarda neftin və qazın qiymətini öldürmək lazımdır. Bu isə Putin üçün çox ağrılı olacaq.