“Gerçəklərə qarşı səssiz qalma, kor və kar olma!”.
Hollandiyadakı Türkiyə diasporu ermənilərin bir müddət öncə Almelo şəhərində qondarma soyqırım abidəsi ucaltmasına qarşı etiraz aksiyası keçirib.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, türk ictimai təşkilatlarının təşkil etdiyi və 5 minədək insanın qatıldığı mitinqdə Azərbaycan diaspor nümayəndələri də iştirak edib. Almelo şəhərinin Remrandt Meydanında baş tutan etiraz aksiyasında sözügedən abidənin cəmiyyətdə böyük narahatlıq yaratdığı bildirilib.
Polisin ciddi təhlükəsizlik tədbirləri ilə müşayiət olunan aksiyada iştirakçılar Türkiyə bayraqları ilə yanaşı, Azərbaycan bayrağı da dalğalandırıb, üzərində “Erməni soyqırımı yoxdur!”, “Soyqırım tarixi yalandır!”, “Gerçəklərə qarşı səssiz qalma, kor və kar olma!” yazılan plakatlar tutublar.
Türkiyə İstiqlal Marşının oxunması və Soma kömür mədənində baş verən faciədə ölənlərin xatirəsinə bir dəqiqəlik sükutdan sonra ictimai təşkilatlar adından erməni abidəsinin üzərinə “soyqırım” sözlərinin yazılmasının qarşısının alınmasının vacibliyi vurğulanıb.
Ermənilərin abidəni daha geniş kütlələrə tanıtmaq və üzərinə “soyqırım” ifadəsini əlavə etmək niyyətində olduğunu qeyd edən Hollandiya Türk İslam Dərnəkləri Federasiyasının sədri Arif Yakışır öz etirazlarını Hollandiyanın müvafiq dövlət qurumlarına məhkəmə yolu ilə çatdırmaq niyyətində olduqlarını deyib.
Almelo bələdiyyəsinin sözügedən abidəyə icazə verməsini tənqid edən Hollandiya Türk Federasiyasının sədri Murat Gedik “Hollandiyada toplumun ayrılmaz hissəsi olan türklərin alnıaçıq yaşaması üçün belə yalanlarla hər zaman mübarizə aparacaqlarını” vurğulayıb.
Türk tarixinin heç bir dönəmində soyqırım olmadığını, bu gerçəyi bəyan etmək üçün bir araya gəldiklərini vurğulayan Avropalı Türk Demokratlar Birliyinin sədri Mehmet Salih Kaya erməni diasporunun fərqli niyyətdə olduğunu dilə gətirib.
Əsas soyqırımın ermənilər tərəfindən gerçəkləşdirildiyini bildirən Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın isə “soyqırımı görmək istəyən İğdıra, Qarsa, Ərzuruma, Azərbaycana gəlsin. Anadoluda hər yerdən sümük çıxır” – deyə bildirib.
Almelo Bələdiyyə Məclisinin üzvü Uğur Çete də bələdiyyə rəhbərliyinin türk toplumunun bu həssaslığını nəzərə alacaqlarına ümid etdiyini deyib.
Təxminən iki saat yarım sürən aksiya hər hansı insident baş vermədən sona çatıb.