“Adıma bir məzar-təpə ucalt, matəm saxla ona”.
Söhbət qədim yunan adətlərindən biri olan Kenatafdan gedir. Qədim yunanlar itkin düşən və ya hər hansısa səbəbdən cənazəsi ələ gəlməyən döyüşçülər üçün təpəcik, boş məzar düzəldərək onun xatirəsini əbədiləşdirərmişlər. Bundan sonra cənazəsi ələ gəlməyən döyüşçünün yaxınları həmin boş məzarın qarşısında yaxınlarının qisasını almayana kimi rahatlıq tapmayacaqları ilə bağlı and içərmişlər...
Antik sivilizasiyanın məhvindən sonra qədim yunanlara məxsus digər adətlər kimi bu adət də tədricən unuduldu və cənazəsi ələ gəlməyən insanlar haqda boş məzar qurmaq da tarixin arxivinə atıldı. Ancaq yunanlara məxsus bu adət-ənənənin hazırkı dövrdə, özü də müsəlman ölkəsi, müsəlman şəhəri olan Bakıda aktuallaşması adama bir az qəribə gəlir. Ancaq nəzərə alsaq ki, kapitalizm cəmiyyətində hər şey pulla alınıb satıldığı kimi, qəbiristanlıqlar da pulludur, o zaman yəqin ki, insanları azacıq da olsa başa düşmək olar... Müvəqqəti olan bu dünyada insanlar yaşayışlarını təmin etmək üçün torpaq alıb ev tikdikləri kimi o dünya üçün də tədarüklərini görürlər.
Müsəlman qanunlarına, islam dininin şərtlərinə əsasən qəbirlər dirilər üçün deyil, ölülər üçün qazılır. İslamı qəbul etmiş hər bir müsəlmanın borcu da islamın irəli sürdüyü bu şərtlərə əməl etməkdir. Ancaq deyəsən hər şeyin tərsinə olduğu bir cəmiyyətdə qəbirlər də ölülər üçün deyil, dirilər üçün qazılır. Heç də uzağa getmədən paytaxtın Yasamal qəbiristanlığına getməklə bunu öz gözlərinizlə görə bilərsiz. Adıçəkilən qəbiristanlıqda hal-hazırda demək olar ki, boş yer qalmayıb. Şəhərdə olduğu kimi onun qəbiristanlığında da boş yer, sahibsiz yer tapmaq müşkül məsələyə çevrilib. Boş məzar tapmaqda bizə bələdçilik edən qəbiristanlığın xidməti işçisinin sözlərinə görə, hazırda qəbiristanlıqdan yer almaq bir adətə çevrilib. Haqq dünyasına qovuşarkən cisimlərini dəfn etmək üçün yer tapılmayacağından qorxan insanlar diri ikən özlərinə qəbir qazdırır, yaxud aldıqları ərazini daş və ya dəmir hasarla bağlayırlar:
“Camaat elə vəziyyətdədir ki, diri ikən özlərinə məzar qazdırırlar. Bəziləri isə burada yer alaraq kiçik ailə məzarlığı yaradırlar. İmkanlı insanlar həyatda dəbdəbəli yaşadıqları kimi o dünyaya da dəbdəbəli hazırlaşırlar. Xaricdən ağac və gül kolları gətirib əkirlər, bağban tuturlar, ona aylıq maaş verirlər. Hətta qəbirə işıqlandırma sistemi qoşanlar da var. Bütün bunları görəndə adam dəhşətə gəlir. Bilmək olmur ki, bu insanlar hansı dinə qulluq edirlər. İslam dinində, müsəlmanlıqda məgər belə şeylər var? Bu gündən sabaha da ümid yoxdur. Bu insanlar nə bilirlər ki, nə vaxt və hansı şəraitdə öləcəklər”.
Bələdçimiz deyir ki, hətta Rusiyada yaşayan insanlar da qəbiristanlıqdan öz dilləri ilə desək, “mülk alaraq” onu hasara alırlar. Ona görə də hazırda adıçəkilən qəbiristanlıqda boş yer tapmaq mümkün deyil. On illərdir ölülər tərəfindən dolmayan qəbiristanlığı indi dirilər doldurub. Belə ki, qəbiristanlıqda olan boş yerlər ayrı-ayrı insanlar tərəfindən alınaraq hasara alınıb:
“Rusiyada yaşayan elə insanlar var ki, özləri orda ola-ola burdan yer alıblar. Ona görə də bu qəbiristanlıqda daha boş yer tapmaq mümkün deyil. Bütün qəbiristanlıq dirilər tərəfindən zəbt olunub. Ancaq bir tərəfdən baxanda insanları qınamaq da olmur. İndi ölüm adiləşib və hamı gec- tez son mənzilinin bura olacağını bilir. Bir tərəfdən də hamımız yaxşı bilirik ki, indi qəbiristanlıqlar pulludur. Pulu olan özü üçün bəri başdan yer alır ki, öləndə onun meyiti ortalıqda qalmasın”.
Dəbdəbəli qəbirlər və ya o dünyadan gələn səs...
Burada bələdçimizdən ayrılıb qəbiristanlığı təkbaşına dolaşmağa başlayırıq. Qara mərmərdən hazırlanan dəbdəbəli qəbirləri gördükcə “İnsanları o dünyada da rahat buraxmırlar. Hətta qəbiristanlıqda da dünyanın ədalətsizliyi özünü göstərir”, - deyə düşünürdüm. Doğrudan da mənzərə belədir, bir tərəfdə qara mərmərdən hazırlanan dəbdəbəli qəbirlər, digər tərəfdə isə adi daşlardan yonulmuş kasıb və kimsəsiz məzarlar. Başa düşürük, onsuz da ədalətsiz dünyada yaşayırıq.
Müsəlmanın qəbri sadə olmalıdır...
Qəbiristanlıqda beynimdə dolaşan bu suallara cavab tapmaq üçün adıçəkilən ünvanda olan qəbiristanlıq mollalarına üz tuturam. Kimliyimi və gəlişimin səbəbini mollaya bildirdikdən sonra bizə “müştəri” gözü ilə baxan molla verdiyim suallara öz üslubunda və öz bildiyi tərzdə cavab verir. Onun sözlərinə görə, qəbiristanlıqda dəbdəbəli qəbirlərin olması haramdır:
“Qəbirin üzərində hər hansısa bir işarə olmalıdır ki, qəbir itməsin. Ancaq belə dəbdəbəli qəbirlərə ehtiyac yoxdur. Bundan əlavə, islam canlıların təsvirini qadağan etdiyi halda biz qəbir daşları üzərində qadın-kişi şəkilləri çəkirik, dəbdəbəli heykəllər düzəldirik. Bu islama, müsəlmançiliğa ziddir və haramdır”.
İnsanların sağ ikən özlərinə qəbir yerləri götürməsinə gəlincə isə, molla bunun normal bir hal olduğunu bildirdi. Onun sözlərinə görə, hətta islam tarixində özlərinə qəbir yeri götürən şeyxlər olub, ancaq: “Ölümü xatırlamaq üçün özlərinə qəbir qazdıranlar kifayət qədərdir. Ancaq bunun bir növ dəbə çevrilməsi və böyük məbləğdə xərc çəkilməsi günahdır. Hansı ki, islam dini israfçılığın əleyhinə olan bir dindir. Bu islam dinində ən böyük günahlardan biri sayılır. Müsəlmanın qəbri sadə olmalıdır, digərlərindən fərqlənməməli və zamanla itməlidir. Ancaq islam tarixində şeyxlər olub ki, onlar sağlığında özlərinə qəbir yeri götürüblər və hərdən gedib o yeri ziyarət ediblər. Qəbiristanlığa bir növ ibadət yeri kimi baxıblar. Ancaq o dövrdə belə dəbdəbə və pullu qəbiristanlıqlar olmayıb. Müsəlmanın son ünvanı qəbiristanlıqdır. Yaxşı olar ki, qəbiristanlıqlar pullu olmasın. Bundan əlavə diri ikən özünə başdaşı qoydurmaq da düzgün deyil...”
Sonda mollaya Yasin surəsinin ölü üçün hansı faydası olması ilə bağlı sual verirəm. O isə sualımı belə cavablandırır: “Bir ölüyə Yasin oxumaq onu xatırlamaq, yad etmək deməkdir. Yasin oxunarkən ruhlar bizi eşidir. Onlara Yasin oxudanda ruhlar şad olur. Amma əslində Quran dirilər üçündür”.
Qiymətlərə gəlincə isə, molla bu haqda heç kimə qiymət demədiyini söylədi:
“Mən heç kimə qiymət demirəm. Kim nə verir, onu da alıram”.
“Yasin” surəsinin pulla oxumağın haram olub, olmadığına gəlincə isə molla bu haqda heç nə danışmaq istəmədiyini bildirdi. Mən də inad etməyin mənasız olduğunu başa düşdüyüm üçün ölülərə rəhmət diləyərək hər birimizin son mənzili olan qəbiristanlıqdan uzaqlaşıram...