Rusiyanın Tümen şəhərində biri Azərbaycan vətəndaşı olmaqla iki nəfərin bıçaqlanaraq öldürülməsi ilə nəticələnən cinayət geniş ictimai rezonans doğurub.
Virtualaz.org saytıxəbər verir ki, bu səs-küylü cinayət hadisəsinin araşdırılması üçün Tümen vilayətinin qubernatoru hüquq-mühafizə orqanlarına xüsusi göstəriş verib. İşə Azərbaycan diasporunun lideri və ictimai xadimlər də qarışıb.
Xəbər verdiyimiz kimi, Tümendəki “Bakı” kafesində dava-dalaşdan sonra bıçaqlanan Azərbaycan vətəndaşı, əslən Şəmkir rayonundan olan Ataş Qurbanov şəhərdəki 2 saylı xəstəxanaya aparılıb. Lakin A.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.
Onun ölümündən az sonra təcili yardım maşını davanın ikinci iştirakçısını yaralı halda xəstəxanaya gətirib. Qurbanovun yaxınları yaralını görən kimi ona hücum edərək döyüblər və elə xərəkdəcə bıçaqlayaraq öldürüblər. Bu şəxsin kimliyi məlum deyil, ancaq onun Gürcüstan mənşəli çeçen olduğu məlum olub.
Azərbaycanlıların xəstəxanada yaralını bu cür amansızlıqla öldürməsi yerli mediada geniş rezonans doğurub. Ura.ru portalı hadisənin necə baş verdiyinə dair təfərrüatları öyrənib.
Məlum olub ki, Tümendəki bazarda yerləşən və şəmkirlilərə məxsus olan “Bakı” kafesinə gələn üçü inquş, biri Gürcüstan əsilli çeçen (kistin) olmaqla dörd gənc yeyib-içməyə başlayıblar. Onların Tümenə ya Yuqradan, ya da Yamal-Nen vilayətindən gəldiyi təxmin edilir.
Qafqazlı gənclər möhkəm yeyib-içdikdən və sərxoş olduqdan sonra hesabı ödəməkdən imtina ediblər. Onlarla ofisiant arasında mübahisə düşüb. Bu zaman kafe sahibinin qohumu Ataş Qurbanov köməyə gəlib. O, hesabı ödəməkdən imtina edən müştəriləri söyüb və dönüb getmək istəyərkən kürəyindən bıçaq zərbəsi alıb.
“Dərhal ara qarışdı, nə baş verdiyini ayrıd etmək mümkün olmadı. Yaralı azərbaycanlının dostları onu əllərində çölə çıxardılar və öz maşınlarında xəstəxanaya apardılar. Mən bir qədər kənara çəkildim və nə baş verdiyini dərhal başa düşmədim. Sən demə, hücum edənlərdən biri də cavab zərbəsi ilə bıçaqlanıb. Təcili yardım çağırdılar və onu da xəstəxanaya apardılar” - deyə hadisənin şahidlərindən biri bildirib.
Təsadüfdən təcili yardım həmin yaralını da A.Qurbanovun aparıldığı xəstəxanaya aparıb. Həmin vaxt həkimlər azərbaycanlının kürəyinə saplanmış bıçağı çıxarmaqla və onu əməliyyat etməklə məşğul idilər. Ancaq həkimlər yaralının həyatını xilas edə bilməyiblər və çölə çıxaraq A.Qurrbanovun öldüyünü yaxınlarına bildiriblər.
“Xəstəxananın qəbul şöbəsində təxminən 35 adam toplaşmışdı. Onların bir hissəsi çöldə dayanmışdı, bir hissəsi içəridə sakit oturmuşdu. Hamı əməliyyatın nəticəsini gözləyirdi. Həkim çıxıb dedi ki, yaralının həyatını xilas etmək mümkün olmadı. Kütlə çölə çıxdı, heç kim heç nəyi vurub dağıtmadı, şüşələri sındırmadı” - deyə xəstəxanadakı mənbə bildirib.
Şəhər səhiyyə departamenti və hüquq-mühafizə orqanları da azərbaycanlıların A.Qurbanovun ölümündən sonra xəstəxananın şüşələrini sındırdığı haqda məlumatların doğru olmadığını deyiblər.
“Xəstəxananın çıxışında kütlə dava-dalaşın ikinci iştirakçısını gətirən təcili yardım maşını ilə qarşılaşdı. Onlar yaralını dərhal tanımadılar. Tanıyandan sonra onu xərəkdən düşürdülər, xəstəxananın girişindəki skamyanı sındırıb taxtalarla onu döyməyə başladılar, sonra sinəsindən bıçaqlayaraq öldürdülər. Xəstəxananı mühafizə edən polis dərhal köməyə əlavə qüvvə çağırdı, ancaq yaralı artıq ölmüşdü” - deyə xəstəxananın həkimlərindən biri bildirib.
Kütlə yaralını öldürdükdən sonra xəstəxananı tərk edib, hadisə yerinə gələn müstəntiqlər müşahidə kameralarından görüntüləri və digər dəlilləri götürüblər.
Rusiya prezidenti yanında İctimai Palatanın Tümen vilayətindən olan üzvü Vladimir Şqulya hadisəni şərh edərkən deyib ki, bu cür hadisənin baş verməsinə aparıb çıxaran səbəblər yerli hüquq-mühafiz orqanlarının işindəki nöqsanlar, laqeydlik və dialoq mühitinin olmamasıdır.
V.Şqulya Tümen vilayəti üzrə Millətlərarası Münasibətlər Şurasının bu hadisə ilə bağlı iclas keçirdiyini, həmin iclasda azərbaycanlı diasporunun liderinin “Bakı” kafesinin bağlanması barədə neçə vaxtdır məsələ qaldırdığı haqda danışdığını deyib.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Tümen təşkilatının rəhbəri Füzuli Burcuyev bu deyilənləri təsdiqləyib: “Bu, düzgün deyil, vəhşilikdir. Bizim mədəniyyətimizdə belə şey yoxdur. Xuliqanlığın milləti olmur. Birinci dəfə deyil ki, belə hadisə baş verir. Bir neçə ay əvvəl azərbaycanlılar onları saxlamağa cəhd edən polisləri bıçaqlamışdı. Həm o hadisədə, həm də indikində biz heç kimi himayə etmək fikrində deyilik”.
F.Burcuyev deyib ki, “Bakı” kafesinin bağlanması barədə hüquq-mühafizə orqanlarına bir neçə dəfə müraciət edib, ancaq onu eşidən olmayıb: “Mən bu gün o kafedə oldum. Onlara dedim ki, bizim paytaxtımızın adını batırırsınız. Hələ bir neçə həftə əvvəl də orada olmuşdum. Orada bizim azərbaycanlılar yığışmışdı. Onlara dedim ki, biz Rusiyada yaşayırıq, bu ölkənin öz qaydaları, adət-ənənələri var, bunlara hörmət etmək lazımdır”.
F.Burcuyev deyib ki, bu hadisədən, xəstəxanadakı linçdən sonra azərbaycanlılara hücumun yeni dalğası başlayacaq. Çünki Tümendə çoxsaylı çeçen diasporu yaşayır.
Tümen vilayəti hökumətindəki mənbə isə deyib ki, hələlik sakitlik hökm sürür və milli zəmində toqquşmalar yoxdur.
“Bu hadisədə günahı olan bütün şəxslər - xəstəxanada növbə çəkən polislərdən tutmuş yaralını linç edənlərə və kafedəki dava-dalaşın iştirakçılarına qədər hamı aşkar edilib cəzalandırılmalıdır. Özü də bunu qubernator seçkilərinə qədər etmək lazımdır ki, cəmiyyətdə gərginlik azalsın” - deyə hökumətdəki mənbə bildirib.
[media=http://www.youtube.com/watch?v=zPIWYTBHb0s]