Əhməd dayı köhnəlmiş televizorunu yenisi ilə dəyişmək qərarına gəlir. Əlindəki nəğd pulla elektronik mallar satan mağazalardan birinə yollanır. Satıcı Əhməd dayını böyük hörmətlə qarşılayır və ona növbənöv televizorları göstərir. Satıcı Əhməd dayı ilə söhbət edərkən ona maraqlı bir təklif verir. "Dayı gəl bu televizora görə sənə əlavə zəmanət verək ki, sabah biri gün aldığın cihaza nəsə olsa ondan sığortalana biləsən. Sadəcə 50 manat artıq pul ödəməklə sən bu televizora 1 il yox 3 illik zəmanət əldə edəcəksən. Nə problem olsa da gətirərsən bizə həll edərik”,-deyə satıcı bildirir.
Əhməd dayı isə bu təklifdən razı qalır. Almaq istədiyi televizorun markasını müəyyənləşdirdikdən sonra isə kassaya yaxınlaşır və pulu ödəyir, daha sonra isə televizoru zəmanəti ilə birlikdə alaraq evinə yollanır. Üstündən heç bir ay keçməmiş Əhməd dayının təzəcə televizoru qısa qapanma səbəbindən yanır. Kişi zəmanətə əmin olaraq ürəkli şəkildə mağazaya yollanır. Dükana girəndə isə ona gözləmədiyi cavab verilir. Mağazadakı məsul şəxs Əhməd dayının zəmanət talonunundakı balaca hərflərlə yazılan bəndləri göstərir. Dayı nə qədər and-aman etsə də mağaza həmin bəndləri əsas gətirərək Əhməd dayıya dəymiş ziyanı qarşılamaqdan boyun qaçırır.
Təəssüfki bu gün Əhməd dayı kimi zəmanət adı ilə aldananların sayı az deyil. Hüquqşünas Ələsgər Məmmədli ANS PRESS-ə açıqlamasında qeyd edir ki, bəzi mağazalar bu yolla istehlakçıları aldadır və qazanc əldə edirlər. Mütəxəssisin fikrincə alınan istənilən cihaza müəyyən bir müddətə də olsa zəmanət verilməlidir və burada hər hansı bir əlavə ödəniş olmamalıdır:
“Avadanlıqda yaranan nöqsan istehsalçı şirkətin verdiyi qarantiya müddətində həmin şirkət vəya onun rəsmi dillerləri tərəfindən qarşılanmalıdır. Əks halda istehlakçı məhkəməyə müraciət etməlidir. Bizdə isə insanlar məhkəmələrə müraciət etməkdə elə də maraqlı olmadıqları üçün adətən həmin şirkətlər bu cür məsələlərdən asanlıqla yaxa qurtara bilirlər. Əgər mağaza sizə istehsalçı şirkətdən fərqli olaraq 2 il daha artıq qarantiya təklif edirsə o zaman öz imkanları ilə bunu qarşılamalıdır. Həmin mağaza sizə əlavə müqavilə təklif etməli və bu müqavilədə bütün şərtlər əks olunmalıdır".
Hüquqşünas bildirir ki, bəzi hallarda dükandan 5 il zəmanətlə avadanlıq alırsız amma 3 ildən sonra o mağaza fəaliyyətini dayandırır: "Bu zamanda ciddi problemlər meydana gələ bilər. Mağaza sahibi hüquqi şəxs kimi qarantiya müqaviləsini şəxsən imzalamalıdır. Əgər bu zəmanəti verən mağaza vəya şəxs sonradan boyun qaçırırsa bu dələduzluq sayılır və qanuna uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır. İstehlakçının aldanılması halları “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir".
Zəmanət adı ilə aldanan şəxslərdən biri ANS PRESS-ə açıqlamasında bu prosesin məcburi yollarla aparıldığını deyir. Alıcı söyləyir ki, mağazadan avadanlıq alarkən ondan əlavə pulun ödənilməsinin şərt olduğunu bildirib. Bu isə alıcının cibinə zərər vurur və sonda qazanan mağaza və şirkətlər olur.
Ekspert Vüqar Bayramov isə ANS PRESS-ə açıqlamasında bildirir ki, vətəndaşlardan mala zəmanət verilərkən əlavə ödənişlər istənilməsi qanunvericiliyə ziddir: "Zəmanət verən mağaza vəya şirkət verdiyi qarantiyaya əməl etmirsə, öhdəlikləri qismən yerinə yetirmirsə o zaman müəyyən problemlər yaranır. Bəzi hallarda müştərilər öz hüquqlarını bilmir vəya onlara verilən talonlarda lazımi şərtlər açıq-aydın göstərilmir. Hələlik Azərbaycanda zəmanətlərin qorunması üçün real imkanlar da yoxdur. Hüquqi bazanın möhkəmləndirilməsinə birmənalı şəkildə ehtiyac var. Vətəndaşlardan bəzi hallarda zəmanətlərin verilməsi üçün əlavə ödənişlər istənilir. Bu isə qanunvericiliyə ziddir. Əslində zəmanətin verilməsi üçün əlavə ödənişin edilməsinə ehtiyac yoxdur. Bu yolla mağaza vəya şirkətlər müştəridən əlavə vəsaitlər cəlb edirlər".
İqtisadçının sözlərinə görə, digər bir problem istehlakçıya hüquqları ilə bağlı ətraflı məlumatın verilməməsi ilə əlaqədardır: "Müştəriyə ətraflı məlumat verilmədiyi üçün o da öz hüquqlarını müdafiə edə bilmir. Hətta bəzi hallarda mağazalar istehsalçı şirkətin verdiyi qarantiyadan daha çox zəmanət verir. Cihazda hər hansı bir nasazlıq yarandığı təqdirdə zəmanət verən tərəf bildirir ki, bu onun verdiyi zəmanət fəaliyyətinə daxil deyil. Bu yolla şirkət ödənişdən boyun qaçırır. Zəmanət verilən sənəddə şərtlər aydın göstərilməli və bütün nüanslar aydın bildirilməlidir. Daha aydın və standart müqavilələrin yazılmasına ehtiyac var. Yalnız bu yolla zəmanətlərin qorunması prosesi mümkün ola bilər".
Avadanlıqlara qızıl qarantiya verən mağazalar isə verilən zəmanətin hüquqi prosesə tam uyğun olduğunu iddia edirlər. Bildirirlər ki, verilən pul müqabilində müəyyən bir müdddətə satılan mala tam zəmanət verilir. Məsələn: Əgər sizin aldığınız mala 50 manatlıq qızıl zəmanət verilirsə həmin qarantiyaya əsasən cihazınız yararsız hala düşsə belə mağaza cavabdehlik daşıyır. Bir neçə mağaza və şirkət bu prosesi sığorta şirkətləri vasitəsi ilə həyata keçirir. Yəni aldığınız mal sığorta olunur və buna görə sizdən əlavə pul alınaraq qızıl zəmanət verilir. Ancaq əksər şirkətlər bu prosesi mağaza daxilində apardıqları üçün nöqsan yaranarkən alıcı ciddi problemlərlə qarşılaşmalı olur. Sonda isə uduzan yenə istehlakçı olur.