Afiyəddin Cəlilov küçəsində Cavanşir körpüsü istiqamətində hərəkət edən sürücülər işıqforla tənzimlənən kəsişmədə çətinliklə üzləşirlər. İşıqforun yaşıl işığı yandığı müddətdə yalnız 4-5 maşın keçə bilir. Çünki yaşıl işıq cəmi 10-15 saniyə yanır. Qırmızı işıq isə 30-40 saniyə yanır.
Day.Az saytına məktub yazan oxucu qeyd edir ki, işıqforun iş qrafiki ucbatından böyük tıxac yaranır.
"Yaşıl işığın yanma müddətini uzatmaq olmazmı?" - oxucu soruşur.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı ilə əlaqə saxlayıb.
"Qeyd olunan kəsişmədə yaşıl işığın yanma müddəti 20-26 saniyədir. Pik vaxtlarında bu müddət 26 saniyə olur", - o qeyd edib.
Məsələ burasındadır ki, A.Cəlilov küçəsindəki nəqliyyat axını Yusif Səfərov küçəsindəki nəqliyyat axınından az olur. Bu səbəbdən də A.Cəlilov küçəsində yaşıl işığın yanma müddəti Y.Səfərov küçəsindəkindən qısadır. Yaşıl işığın yanma müddətinin artırılması isə hazırda gündəmdə deyil.