“Fateh-N” MTK-nın rəhbəri Mahir Kərimov yarımçıq binanın tikintisini hələ də başa çatdırmır
İyunun 2-si gecə saatlarında Bakının Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan çoxmərtəbəli binanın sakinləri yolu bağlayaraq aksiya keçirmişdilər. Sakinlərin etiraz aksiyası keçirməsinə səbəb isə 2005-ci ildə ev aldıqları “Fateh-N” MTK şirkətinin rəhbərliyinin binanı yarımçıq qoyaraq ölkədən qaçması idi.
Binanın təxminən 50-yə yaxın sakini yaxınlıqdakı yolu bağlayıb, tikinti şirkətinin rəhbərliyində təmsil olunan şəxslərin əraziyə gələrək onlarla görüşməsini tələb etmişdi. Sakinlər “Yeni Müsavat”a bildirmişdilər ki, telefonla binanı tikən şirkətin rəhbəri Mahir Kərimovla əlaqə saxlayıblar. Ancaq şirkətin rəhbəri əraziyə gəlməkdən imtina edib. O bunu xaricdə olması ilə əsaslandırıb.
Yeni məlumat isə tikinti şirkətinə rəhbərlik edən Mahir Kərimovun iyunun 2-də tikinti ərazisində görünməsidir. Onu görən bina sakinlərinin verdiyi məlumata görə, M. Kərimov yenə vəd verərək bildirib ki, yaxın aylarda 296 ailənin yaşadığı yarımçıq bina tamamlanaraq tam istifadəyə veriləcək.
Sakinlər isə bundan sonra “Fateh-N” MTK rəhbərinin quru vədlərinə inanmayacaqlarını bildiriblər. Bina sakini Rasim Şirinovun sözlərinə görə, keçirdikləri aksiya nəticə verib: “Neçə ildir biz mütəmadi olaraq dövlət orqanlarına müraciət edirdik. Sonuncu keçirdiyimiz aksiyadan sonra Prezident Administrasiyasından bir neçə nümayəndə əraziyə gələrək binaların şəkillərini çəkib, sakinlərlə söhbət etdilər. Onlar bizim şəraitimizlə tanış olduqdan sonra müvafiq fotoşəkillər çəkib, qeydlər apardılar. Binanı tikən şirkətin əsas səhmdarlarından olan Mahir Kərimov ən nəhayət üzə çıxdı. Yenə də sakinlərə vəd verib. Amma biz ona inanmırıq. 9 il bundan öncə də eyni sözləri eşitmişdik”.
Qeyd edək ki, “Yeni Müsavat” qəzeti bu problemə bir dəfə toxunub. Araşdırmalarımız nəticəsində məlum olmuşdu ki, “Fateh-N” adı ilə qeydiyyatdan keçən tikinti şirkətinin payçıları sırasında İctimai Televiziyanın (İTV) keçmiş rəhbəri İsmayıl Ömərovun da adı hallanır. Məlumatda bildirilirdi ki, İ.Ömərov tikinti biznesi ilə məşğul olan mərhum qardaşının 12 milyon manat həcmində yaranmış borcunu ödəyib. İTV-nin keçmiş rəhbərinin qardaşı, mərhum Ələsgər Ömərov böyük tikinti şirkətlərindən birinin sahibi imiş. Sözügedən şirkət Bakının bir neçə yerində çoxmərtəbəli yaşayış binası tikib. Sonuncu dəfə Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan çoxmərtəbəli bina maliyyə çatışmazlığı ucbatında yarımçıq dayandırılıb.
2012-ci ildə Ələsgər Ömərovun vəfat etməsi problemlərlə üzləşən “Fateh-N” tikinti şirkətinin iflasını daha da sürətləndirib. Mənzillərin satılması hesabına yığılan maliyyə fondunun xərclənməsi payçıların bu məbləği İsmayıl Ömərovdan tələb etməsi ilə nəticələnib. İ.Ömərov İTV-dən ayrılmadan öncə şirkətin payçılarına 12 milyon manat ödəyib. Amma Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan binada tikinti işlərinə başlanılmayıb.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.