Bakıda tapançadan atəş açan şəxs həbs edilib.
APA verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün əvvəl Nərimanov rayonu ərazisində bir qrup şəxslə birlikdə xuliqanlıq hərəkətləri törədərək, tapançadan atəş açan Füzuli rayon sakini Vüsal Azadov tutulub. Ondan nömrəsiz “Makarov” markalı tapança götürülüb.
Qeyd edək ki, hadisə mayın 30-da Nərimanov rayonu “Çermet” qəsəbəsi ərazisində, 93 saylı orta məktəbin qarşısında baş verib. “BMW X6” markalı avtomobilin sürücüsü yolda avtoxuliqanlıq edib. Buna etiraz edən qəsəbə sakinləri ilə avtomobildəki sərnişinlər arasında əlbəyaxa dava düşüb. Dava zamanı havaya tapançadan atəş açılıb. Hadisə yerinə polis əməkdaşlarından ibarət əməliyyat qrupu gəlib.
Hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Oqtay Muradovu, Nüşabə Hüseynovanı, Şəmistan Əhmədovu, İlqar Əhmədovu və Asif Qəniyevi xuliqanlıq zəminində döymüş Bakı şəhər sakinləri Ülvi Hüseynov, Tural Səfərov, Ağdam rayon sakini Elçin İbrahimov və Gəncə şəhər sakini Məmməd Əsgərov tutulub, digər iştirakçılar - “BMW” markalı avtomobilin sürücüsü Anar Əhmədov, “Mercedes” markalı avtomobilin sürücüsü Samir İsmayılov və sərnişini İlqar Səfərov müəyyən ediliblər.