“Rusiya Azərbaycanla strateji əməkdaşlıq xəttini praktik müstəviyə keçirmək istəyir”.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Dövlət Dumasının sədri Sergey Narışkınin səfərini şərh edərkən deyib.
O, Rusiyanın iqtisadi potensialını getdikcə gücləndirən Azərbaycanla strateji əməkdaşlığın tərəfdarı olduğunu bildirib:
“Rusiya ilə Azərbaycan arasında intensiv danışıqlar gedir. Danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibi çoxsaylı nüfuzlu diplomatlardan təşkil edilib. Proses təxminən bizim proqnozlaşdırdığımız istiqamətdə gedir. Rusiya Azərbaycanla strateji əməkdaşlıq xəttini praktik müstəviyə keçirmək istəyir. Rusiyaya indiki zamanda iqtisadi potensialını getdikcə artıran dövlətlə əməkdaşlıq daha sərfəlidir. Belə bir dövlətin Avrasiya İttifaqında olması onun çəkisini daha da artıracaqdır. Putin düşünür ki, Azərbaycanı cəlb edə bilsə, Türkiyəni də təşkilata gətirəcək. Hələ bu siyahıya Pakistanı da əlavə edə bilərik. Rusiya hazırda təklənib. Bunun üçün o, alternativlər axtarır. Azərbaycan isə onun üçün mühüm rol oynaya bilər. Erməni, rus və hətta özümüzdəki bəzi mənbələr də Azərbaycanla Rusiya arasında müəyyən danışıqlar prosesinin getdiyi təsdiqləyir. Belə hesab edirəm ki, bu danışıqlar yolu ilə Azərbaycan özünün ərazi bütövlüyünün təmin edilməsi üçün ciddi addımlar ata bilər. Yəni yeknəsəq və heç bir nəticə verməyən müzakirələr qısa müddətdə nəticə verə biləcək həll planına çevrilə bilər”.
Politoloq Narışkınin səfəri zamanı gizli qapılar arxasında ciddi danışıqların olacağını söyləyib:
“Mənim fikrimcə, Putinlə İlham Əliyevin görüşündə danışıqların ümumi istiqaməti müəyyənləşib. Narışkinin səfəri zamanı isə bu artıq praktiki müstəviyə yönələcək. Konkret olaraq ciddi siyasi sövdələşmələr həyata keçirilə bilər. İstisna etmirəm ki, burada baş mövzunu Dağlıq Qarabağ məsələsi tutacaq. Azərbaycan üçün bundan əhəmiyyətli məsələ yoxdur. Narışkınin səfəri zamanı aparılacaq danışıqların nəticəsindən Rusiya-Azərbaycan münsasibətlərinin inkişaf meylləri artıq bəlli olacaq”.
Qeyd edək ki, iyunun 28-də Rusiyanın Dövlət Dumasının sədri Sergey Narışkininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Nümayəndə heyətinin tərkibində yüksək vəzifəli şəxslərin olacağı gözlənilir.