Paytaxtda qalmaqallı villanın sahibi axtarılır;Qanunsuz tikildiyi bildirilən yol ötürücüsünü inşa etdirənlər arasında Bakının sabiq prokuroru ilə “Lider Kola”nın sahibinin adları çəkilir; hadisədə adı hallandırılan deputat isə “bu işin mənə aidiyyəti yoxdur” dedi; qalmaqallı olaya dair bütün təfsilatlar bu yazıda
İyunun 2-də axşam saat 18:40 radələrində Səbayel rayonu ərazisində, Bakı-Salyan şossesində “MAZ” markalı yükqaldırıcı kranın yerüstü piyada keçidinə dəyməsi nəticəsində keçid uçdu. Nəticədə əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı yük avtomobilinin sürücüsü, Bakı şəhər sakini İlkin Həsən oğlu Hüseynov yaralandı.
Hadisə nəticəsində Bakı-Salyan yolu saatlarla bağlı qaldı. Keçid isə tamamilə yararsız hala düşdü. Qəza nəticəsində yoldan keçən “Niva” markalı avtomobilin sürücüsü də xəsarət aldı. Bakı-Salyan şossesində uzun tıxac yarandığından hadisə yerinə Səbayel Rayon Polis İdarəsinin və “Azəryolservis”in əməkdaşları cəlb olunublar. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “Trend”ə açıqlamasında bildirib ki, gecədən səhər saatlarınadək hadisə yerində olub: “Ərazidə dörd qaldırıcı kran var idi. Bunlardan ikisi 70 ton yükgötürmə qabiliyyətinə malik idi, biri 50 ton, digəri isə 25 tonluq idi.
Bu dörd kranın olmasına baxmayaraq, həmin o piyada keçidini yolun hərəkət hissəsindən kənarlaşdırmaq çox çətin oldu. Ona görə də piyada keçidi qaynaq aparatı ilə dörd hissəyə bölündü və təzədən hadisə yerinə 130 ton yükgötürmə qabiliyyətinə malik olan kran gətirildi. Bu kranların hesabına keçidin hər bir hissəsi ərazidən kənarlaşdırıldı. Bundan sonra əraziyə başqa texnikalar, yükləyicilər cəlb olundu və yolun hərəkət hissəsində olan metal və beton qalıqların hamısı yükləyicilər vasitəsilə maşınlara doldurularaq götürüldü, ərazi təmizləndi. Əgər 130 ton yükgötürmə qabiliyyətinə malik kran olmasaydı, onu kənarlaşdırmaq mümkün olmazdı”.
Mətbuat xidmətinin rəhbəri ona da əlavə edib ki, piyada keçidi “Azəryolservis” ASC-nin balansında olmayıb. Keçid ərazidəki istirahət mərkəzlərindən birini dəniz sahili ilə birləşdirib.