Lerikin icra başçısı üçün vida mərasimini Bakıdan təşkil etdilər – Rövşən Bağırov çətin durumda

4-06-2014, 15:36   
Lerikin icra başçısı üçün vida mərasimini Bakıdan təşkil etdilər – Rövşən Bağırov çətin durumda
Məlum olduğu kimi, 2014-cü il iyunun 2-də Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib. Rəsmi yayılan məlumatlara görə, iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdir müavini İsrafil Qurbanov, şöbənin dəftərxananın müdiri İsmayıl Yaqubov, Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinin rəis müavini – Vətəndaşların qəbulu şöbəsinin rəisi Mübariz Əhmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ərazi vahidləri sərhədlərinin müəyyən edilməsi sektorunun müdiri İslam Ələkbərov, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri və ərazi icra nümayəndələri iştirak ediblər.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, Şuranın toplantısı icra başçısı Rövşən Bağırov üçün heç də uğurlu olmayıb. Rayondakı qaynaqlardan DİA.AZ-a daxil olan məlumatlarda deyilir: “Ümumiyyətlə, Lerikə belə bir heyətin göndərilməsi son zamanlar bu rayonla bağlı şikayətlərin artması ilə əlaqədardır. Belə ki, Rövşən Bağırovun rəhbəri olduğu rayon bu ilin son 5 ayı ərzində ən çox şikayətlərin ünvanlandığı ünvan kimi hakimiyyətin də diqqətini cəlb edib”.

Lerikin icra başçısı üçün vida mərasimini Bakıdan təşkil etdilər

Mənbə iddia edir ki, bu məsələ Şuranın toplantısında xüsusi olaraq vurğulanıb və hətta toplantı zamanı icra başçısı bir neçə dəfə “tədbir görərik”, “nəticə çıxararıq” kimi təlaşlı ifadələr işlədərək, vəziyyətdən çıxmağa da çalışıb: “Bu toplantı əslində, Rövşən Bağırovun vida mərasimi kimi də qəbul oluna bilər. Çünki Bakıdan gedən heyət heç də razı şəkildə geri qayıtmayıb və nəticələrə uyğun olaraq Lerik RİH başçısı postunda dəyişiklik gözlənilir”.

Toplantıya gəlincə isə, rəsmi məlumatlarda deyilir ki, Şura iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin tapşırığı əsasında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən aprel ayının 22-dən 26-dək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdir müavini İsrafil Qurbanovun, şöbənin dəftərxana müdiri İsmayıl Yaqubovun, Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinin rəis müavini – Vətəndaşların qəbulu şöbəsinin rəisi Mübariz Əhmədovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ərazi vahidləri sərhədlərinin müəyyən edilməsi sektorunun müdiri İslam Ələkbərovun iştirakı ilə “Lerik Rayon İcra Hakimiyyətində, dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu və sənədlərlə işin vəziyyətinin öyrənilməsi haqqında arayış” müzakirə edilib.

Prezident Administrasiyası Komissiyasının arayışını Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin sektor müdiri İsmayıl Yaqubov təqdim edib.

Daha sonra rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdir müavini İsrafil Qurbanov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov çıxış edərək arayışda qeyd edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdilər.

Yəni anlaşılanı odur ki, açıq toplantıda belə Rövşən Bağırova “ənənəvi güzəştlər” tanınmayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.