Nazirlik işçisinin ailəsi Prezidentdən yardım istəyir

4-06-2014, 19:11   
Nazirlik işçisinin ailəsi Prezidentdən yardım istəyir
Xətai rayonu, General Şıxlinski küçəsi, ev 59, mənzil 3 ünvanda yaşayan Sultan İsrafil qızı Həsənova çarəsiz durumdadır.

Sultan Həsənova redaksiyamıza müraciət edib. Şikayətçinin müraciətinə əsasən onun yaşadığı ünvana yollandıq. Mənzilin qapısından içəri girdik. Qarşımıza qapıların üzərini bağlayan pərdələr çıxdı. Pərdələrdən, yəni qapılardan birini açaraq, S.Həsənovanın yaşadığı otağa daxil olduq. Otağın divarları təmirsiz halda idi. Bu şəraitdə yaşamaq nə qədər çətin olsa da, bir ailənin yaşam ocağı bu otaq idi. Şikayətini soruşmağa çətinlik çəkirdim. Bu otaqda yaşamağın özü böyük problem idi. Keçək, şikayətçimizin danışdıqlarına...

“22 ildir ki, hüquqlarım tapdalanır”

Sultan Həsənovanın sözlərinə görə, əlil həyat yoldaşı və övladları ilə birlikdə 12 kvadratmetrlik evdə yaşayırlar: “22 ildir ki, hüquqlarım tapdalanır. Haraya şikayət etməyimizdən asılı olmayaraq, baxan yoxdur. Həyat yoldaşım Firdovsi Alırza oğlu Həsənov 1981-ci ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Elektron Hesablayıcı Maşınlar Zavodunda işləyir. 1986-cı ildə zavod rəhbərliyi tərəfindən həmin zavodda işləyən və mənzilə ehtiyacı olan 3 gənc mütəxəssisə bir üçotaqlı mənzil verildi. Bizim ailənin 3 üzvü 12 kvadratmetrlik bir otaqda, digər ailələr isə o biri otaqlarda yerləşdilər. İllərdir ki, eyni mətbəxdən, hamam və ayaqyolundan istifadə edirik. 1991-ci ildə otaq qonşularımdan biri olan Eldəniz Məmmədov yaşadığı otağın qapısını bağlayaraq, yeni aldığı mənzilinə köçdü. Bundan sonra digər qonşum Şamil Şükürov onun otağını zorla zəbt etdi”.

“Qanunla bu mənzil bizə verilməlidir”

S.Həsənovanın dediklərinə görə, Şamil Şükürov da 1985-ci ildən 1991-ci ilədək həmin zavodda çalışıb. Lakin 1987-ci ildə saxta sənədlərlə yataqxanada gənc mütəxəssis kimi qeydiyyatdan keçib: “Ş.Şükürov saxta sənəd alıb. O, cəmisi 5 il bu zavodda çalışıb. Amma sənədlərdə saxtakarlıq edərək, bu otağa soxulub. Əlimdə qanuni sənədlər var. Həmin sənədlər onun saxtakarlığını ortaya çıxarır. Onun başqa yerdə də evi var. Həyətdə iki dənə maşını da var. Amma yenə də bu mənzildən əl çəkmir. Bu ev bizim haqqımızdır. Yoldaşım neçə illərdir ki, bu zavodda çalışır. Qanunla bu mənzil bizə verilməlidir. Şikayətlərimizə baxmırlar. Çünki həmin məmurlar çox gözəl yaşayırlar. Bizim şəraitimiz onları maraqlandırmır”.

“Pulumuz yoxdur deyə haqqımız tapdalanır”

S.Həsənova onu da bildirdi ki, həyat yoldaşı epilepsiya xəstəsidir: “Həyat yoldaşım epilepsiya xəstəsidir. İllərdir ki, 200 manat maaşlı işdə yalnız bu mənzil üçün çalışır. Buna baxmayaraq, boşaldılmış otaq zavodda çalışmayan Şamil Şükürova verildi. Onun qızı başqa ünvanda yaşasa da, iki azyaşlı övladını bu mənzilə qeydiyyata salıb. Otağın Ş.Şükürova verilməsində 96 saylı MİS-in böyük “əməyi” var. Hər şeyi rüşvətlə həll edir. Elə olmasaydı, bizim haqqımız yeyilməzdi. Şikayət etmədiyim yer qalmayıb. Bütün şikayətlər Xətai rayon İcra Hakimiyyətinə göndərilir. Oradan da zavoda... Zavod isə heç bir reaksiya vermir. MİS-ə gedirəm. Orada mənə deyirlər ki, məktubla, sənədlə iş həll edilmir. Yəni məndən rüşvət istəyirlər. Amma mənim vəziyyətimi düşünmürlər. O qədər pulum olsaydı, bu şəraitdə yaşamazdım. Xətai rayon Məhkəməsi otağın E.Məmmədovdan alınaraq, Şükürova verilməsinə dair qərar çıxarıb. Zavodun Həmkarlar Təşkilatı da otağın bizə verilməli olduğunu təsdiqləyir. Amma görünür, pul daha güclüdür. Pulumuz yoxdur deyə haqqımız tapdalanır”.

“Yalnız ölkə başçısından kömək gözləyirəm”

S.Həsənova prezidentdən kömək istəyir: “Mən gənclik illərimi bir otaqda, şəraitsiz yola verdim. Bəs övladlarımın taleyi necə olsun? 200 manatla ev almaq, övlad toyu etmək mümkün deyil. Buna görə də, yalnız ölkə başçısından kömək gözləyirəm, bizim pozulmuş hüquqlarımızı bərpa etsinlər. Həyat yoldaşım 2-ci qrup əlildir. Özüm isə bu şəraitdə müxtəlif xəstəliklər tapmışam. 12 kvadratmetrlik bir otaqda şəraitsizlikdən bir övladımı da itirmişəm. Ancaq mənim yoldaşımsa, 32 ildir ki, ailəsi ilə birlikdə 12 kvadratmetrlik bir mənzildə əzab çəkir. Qızım burada yaşaya bilmədiyi üçün könüllü olaraq, kəndlərin birində müəllimə işləyir. Bir qadın kimi, bu haqsızlığa fəryad edirəm. Mən Prezidentdən, digər aidiyyəti qurumlardan bu haqsızlığa “dur” deyilməsini xahiş edirəm. Mənə kömək edin”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.