Rövşən Tağıyev: "Sui-qəsd şəxsi zəmində baş verib"
Ukraynanın paytaxtı Kiyev şəhərində naməlum şəxslər tərəfindən güllələnən azərbaycanlıdan yeni xəbər var.
Çiynindən güllə yarası alan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyev ANS PRESS-ə bildirib ki, o, hazırda xəstəxanadan evə buraxılıb.
"Ancaq yaxın günlərdə yenə də xəstəxanaya gedəcəyəm, çünki çiynimin sümükləri dağıldığından ola bilsin ki, əməliyyat təkrar olunsun", - deyə diaspor sədri bildirib.
Rövşən Tağıyev bu kriminal hadisənin yeni təfərrüatlarını da açıqladı: "Aptekdən çıxanda gördüm ki, məndən təxminən 3 metr aralıda dayanan və arxa şüşəsi plyonkalı olan maşının şüşəsi aşağı salınıb və ordan ucunda səs boğucusu olan tapança mənə qarşı tuşlanıb. O an vəziyyətin nə yerdə olduğunu anladım və əyildim. Elə bu an güllə atıldı. İlk güllə yan keçsə də ikinci güllə çiynimdən dəydi və yerə yıxıldım. 3-cü güllə isə məndən yan keçdi. Həmin an maşının yerindən tərpənərək getdiyini eşitdim. Sonradan hadisəni yenidən kino lenti kimi xatırlayanda bildim ki, mənə qarşı sui-qəsd edənlər maşında 3 nəfər idilər".
"Sizə qarşı edilən sui-qəsdin açılması istiqamətində istintaq orqanları kimlərisə tutub və yaxud dindiribmi?" sualına Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri belə cavab verdi: "Mənə çatan məlumata görə, hələlik tutulan və ya dindirilən yoxdur. Bəlkə də müstəntiqlərdə hansısa informasiya var, ancaq mən o informasiyaya malik deyiləm".
Diaspor sədri mediada sui-qəsdin biznes fəaliyyətilə əlaqədar olduğunu inkar edərək bildirdi ki, bu, şəxsi zəmində olan məsələdir.
Qeyd edək ki, sui-qəsd hadisəsi Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi Padol rayonunda baş verib. Naməlum şəxslər nömrəsiz maşından Rövşən Tağıyevə tapançadan 3 güllə ataraq hadisə yerindən qaçıblar. Yaxınları tərəfindən xəstəxanaya aparılan diaspor sədri əməliyyat olunub.