Oteldə bir gecəsi 3 minə qalan, “Azərbaycanda istirahət qarın yekəltəməkdir” deyən millət vəkilləri: Deputatlar harda dincəlir?

5-06-2014, 10:15   

İstirahət mövsümü başlayır. Tezliklə Azərbaycanın səfalı guşələrinə və xaricə yollanan turistlər arasında Milli Məclis üzvləri də olacaq. Bəs Azərbaycanın millət vəkilləri daha çox hansı ölkəyə səfərlər edib, hardakı qiymətlər onları daha çox təəcübləndirib?
Modern.az saytı deputatlarla olan sorğunu təqdim edir:

Hadi Rəcəbli: “23 ildir ki, dünyanı gəzirəm. Ümumilikdə isə təxminən 50-yə yaxın ölkədə olmuşam. Lakin bir neçə ölkə var ki, orada dəfələrlə olmuşam. Daha çox isə Avropa ölkələrinə üstünlük verirəm, nəinki Şərq ölkələri. Cenevrə, Karlove Varı, Yesuntuki şəhərlərində, Türkiyə də istirahət etmişəm. Lakin gəldiyim qənaət budur ki, istirahətə görə, mənim üçün ən gözəl məkanlar Azərbaycandadır. Ən çox da Lənkəranda “Palıdlı sahil” istirahət mərkəzində. Bəziləri 10 min manat verib Çexiyada arıqlamağa gedir, mən deyərdim öz məkanlarımız hamısından yaxşıdır. Ruslar bütün insanları Krıma yönəldir, biz isə bunu etmirik. Bu gün Qəbələdə, Lənkəranda olan xidmətlər heç Çexiyada yoxdur.
Bir çox ölkələr gəzmişəm, Dubayda gecəsi 3 min dollar olan koteclərdə qalmışam, çox bahadır, amma məni orda qonaq etmişdilər. Vətəndaşlarımıza tövsiyyəm odur ki, pulunuzu ora-bura dağıtmayın. Bir dəfə xaricə gedəndə bir dəfə də öz məkanlarımıza gedin”.

Məlahət İbrahimqızı: “Ayda ən azı 1-2 dəfə xarici səfərlərdə oluram. 2000-ci ildən bu yana demək olar ki, dünyanın bütün ölkələrində olmuşam, lakin bunlar sırf işlə bağlı olub. Parlamentin, YAP-ın xəttilə olan səfərlər olub. Amerika, Sinqapur, Portuqaliya, Cənubi Afrika, Yaponiya, Madera və s. yerlərdə olmuşam. İstirahət üçün bir neçə dəfə Türkiyəyə getmişəm, bu da övladlarımın istəyi üzərinə olub. Ümumiyyətlə, mənim qüsurlarımdan biri də istirahət mədəniyyətimin kamil olmamasıdır. İstirahətə görə heç yerə getməmişəm. Özümə söz verirəm növbəti illərdən, əgər ömür vəfa etsə, vaxt ayırıb istirahətə gedəcəm”.

Fazil Mustafa: “Ən azı 30 ölkədə olmuşam. Bu ölkələrə istiarəhət üçün getməmişəm, ancaq işgüzar səfərlər olub. Cəmi bir dəfə Yesuntukidə müalicə, həm də istirahət üçün olmuşam. Zövq, gözəllik baxımından ən çox xoşuma gələn yer Çexiyanın Praqa şəhəri olub. Orada qiymətlər o qədər də baha deyil.
Azərbaycanda isə ən çox İsmayıllıda istirahət etməyə üstünlük verirəm. Qiymətlərə gəldikdə, respublikamızdakı istirahət mərkəzlərində ödənilən məbləğin müqabilində göstərilən xidmət məni qane etmir”.

Jalə Əliyeva: “Millət vəkili olaraq Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvüyüəm. Quruma 12 ölkə daxil olduğu üçün həmin ölkələrdə demək olar ki, tez-tez oluram. Türkiyə, Yunanıstan, Gürcüstan, Belçika, Almaniya, Moldova, Rusiya, Ukrayna və s. Hətta inişil Ermənistana da səfər etdik. İstirahəti daha çox ölkəmizdə etməyə üstünlük verirəm. Yeni ildə səfərlərimiz çərçivəsində Baden-Badendə olduq. Otel qiymətlərini deyə bilmərəm, çünki, dövlət xəttilə getmişdik. Amma adi mallar baxımından çox bahalıq idi. Biz orada vitrinlərin bağlı vaxtı otelə qayıdırdıq. Demək olar vitrinlədəki qiymətlərə baxa-baxa qalırdıq. Məsələn, kişi üçün bir qalstukun qiyməti 1400 avro, bir cüt corab 600 avro idi. O zaman bütün millət vəkilləri olaraq çox təəccüblənmişdik. Azərbaycanda tez-tez getdiyim yerlərdən biri Lənkəran, o biri isə Nabrandır. Bizdə ucqar bir yerə havasına görə istirahətə gedirsən, amma, göstərilən xidmət müqabilində Avropa standartlarına uyğun ödəniş tələb edirlər. Düşünürəm ki, respublikamızda istirahət mərkəzlərində qiymətləri tənzimləməyə ehtiyac var. Mədəniyyət və Turizm Nazirliyi bu işlə məşğul olmalıdır. İstirahət yerlərinin, otellərin ulduzlara görə müəyyənləşdirilməsi həyata keçirilməlidir. Əks halda, orta statistik azərbaycanlının Nabranda, ya da başqa bir istirahət mərkəzində bir gecəsi 100-120 manata dincəlməsi real olmayacaq. Ötən ilə qədər vəziyyət belə idi. Bu il nə yeniliklər olacaq, onu da görəcəyik”.

Bəxtiyar Sadıqov: “Son 15 ildə Milli Məclin xəttilə yalnız bir dəfə Brüsselə səfərə getmişəm. Əvvəla, müxtəlif qurupların üzvü deyiləm. Ən əsası da səfər sevən adam deyiləm. Səfərə gedəndə işdən ayrılıram, sonra qayıdıb özümü formaya sala bilmirəm. Həm də müdir gedəndə işçilər biraz boş qalır. Bu proselərin baş verməməsi üçün çalışıram ki, qəzetin üstündə olam. Səfərlər var nümayəndə heyətini qarşılayırlar, aparıralr otelə, iclasa mən bunları sevmirəm. Lakin ildə bir dəfə həm müayinə, həm də istirahət üçün harasa gedirəm. Bunu öz hesabıma edirəm. Çatan kimi düşürəm küçələrin canına. Orada məni heç kim tanımır, mən də heç kimi. Küçənin bu başından o başına gedirəm, sonra yavaş-yavaş sola-sağa dönməyi öyrənirəm. İstədiyimi geyinib, istədyim yerə də baxıram. Tam sərbəst. Mənim üçün əsl istirahət budur.
Təxminən 10-dan çox ölkədə olmuşam. Son dövrdə ən çox Sloveniyada, Çexiyada Karlove Varı şəhərində, Ukraynada olmuşam, əvvəllər isə Yesuntikiyə gedirdim. Sloveniyada son vaxtlar bahalıq olduğundan ora getməkdən imtina etdim. Çünki, həmin qiymətə Karlove Varıda istirahət etmək olarsa, ora niyə gedirəm? Sovet dövründən Brejnev də orada istirahət edib. İstirahətə həmişə külfətlə getdiyimə görə, bizə 8-10 min manata başa gəlib. Azərbaycanda istirahət etməyi xoşlamıram. Burda istirahət qarın yekəltməkdir. Getdin yeməkdən yeyəcəksən, bir-iki dost-tanışa da rast gəldin vəssalam. Turist gəzintisi yox, turist cığırları yox, darıxanda ekskursiya yox. Ancaq ye, sonra da yıxıl yat. Mən də ye-yatı istəmirəm. Çünki, ilin 12 ayı yeyib, oturub yazı redaktə edib, yatıram.
Bağımda 80-ə yaxın qızılgül kolu var. Hər bazar tər tökə-tökə gedib onlara qulluq edirəm. Tikanları qolumu cırır, bu da mənim üçün ən yaxşısıdır. Həm stressi götürür, həm də başım dincəlir. Ümumiyyətlə, 60 yaşdan sonra torpağa yaxınlaşmaq lazımdır. Ona görə də, elə bağımda istirahət edirəm”.

Aqil Abbas: “Təxminən 10-a yaxın ölkədə olmuşam. İstirahət etmək istəyəndə, darıxanda, sadəcə gəzmək istəyəndə də Türkiyəyə gedirəm. Ora gedəndə elə bilirəm ki, Ağdama gedirəm, Bakıdayam. Hər şənbə-bazar ən ucqar yerlərə-Lerikdən tutmuş Gəncə, Şəmkirədək hər yerə gedirəm. Fəslin fəqi yoxdur, istər yay olsun, istər qış. Bircə Şuşaya gedə bilmirəm. Mən getdiyim yerlərdə pul xərcləmirəm. Aqil Abbas olduğum üçün məni qonaq edirlər.
Lakin sadə vətəndaşlar üçün turizm qiymətləri bahadır. Bizdə Türkiyədən də bahadır. Xaricdə çox da bahalı yerlərə getməmişəm. Çernoqoriyaya getmişəm, qiymətlər münasibdir. Azərbaycanda otellər yaxşıdır. Məsələn Lənkəranda, Lerkidə 20 manata da otellər var. Amma bizdə yeməklər bahadır. Bildiyiniz kimi, azərbaycanlılar forsludur, qonşudan qalma dala prinsipilə çıxış edib, bahalı yerə gedirik”.

Vahid Əhmədov: “Elə ölkə yoxdur ki, mən orada olmayım. Deputat olmazdan əvvəl də belə idi. Ən çox istirahət etdiyim ölkə Azərbaycan və Türkiyədir. Turizm baxımından ən baha qiymətlər İspaniyadadir. Azərbaycanda Şimal zonasındadır. Mən hesab edirəm ki, bizdəki qiymətlər hətta, Türkiyədəkindən də bahadır”.

Zahid Oruc: “Yəqin ki, 25-30 ölkədə olmuşam. Bunlar işgüzar səfərlər olub. İstirahətə 14 illik millət vəkiliyi zamanımda cəmi 2 dəfə getmişəm ki, bu da Yesuntiki şəhəri olub. Əksər xarici ölkələrdə qiymətlər bahadır. Lakin düşünürəm ki, istənilən şəxs, istənilən ölkədə özünə münasib, istənilən bir şey tapa bilər. Sadəcə, axtarmaq lazımdır. İlk səfərlərdə çətin olsa da, sonralar buna alışırsan. Mən fəsillərdən asılı olaraq Zaqatala və Balakəndə istirahətə üstünlük verirəm. Bəzi ölkələr sıravi, aztəminatlı vətəndaşlar üçün əlçatmaz məkan olduğu kimi, respublikamız da belə istirahət yerləri çoxdur. Qiymətlərə yenidən baxmaları vacibdir. Sual doğur, nə üçün Antalyaya qədər geniş bir məkana gedən ruslar Azərbaycana gəlmir. Həm də keçmiş sovet məkanında qonşu olan ölkələr kimi. Təyyarə ilə 50 dəqiqəyə çata biləcəkləri Azərbaycana gəlməkdən imtina edirlər. Elə bizim elitamız olan deputatlarımız da xaricə üz tutur, xeyri özümüzə vermir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.