Bəzi çayxanalarda müştərilərə narkotikli sulu qəlyan təklif edildiyi iddiaları var
Hüquq-mühafizə orqanları əməkdaşlarının bəzi çayxanalarda qəlyanlarla bağlı reydlər keçirməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub. İnformasiyada bildirilir ki, polis əməkdaşları çayxanalara gələrək, müştərilərə təklif olunun sulu qəlyanları yığışdırırlar.Ancaq bunu nə üçün etdiklərinin izahı verilməyib və səbəbi rəsmi şəkildə açıqlanmayıb. Ancaq ehtimal edilir ki, sulu qəlyan vasitəsilə narkotik qəbulu ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Bəzi məlumatlara görə, dükanlardan da İrandan və digər ölkələrdən gətirilən sulu qəlyanlar müsadirə edilir.
Bu məlumatların nə dərəcədə doğru olduğunu müəyyən etmək üçün qəlyan satışı ilə məşğul olan bir neçə mağazaya və çay evlərinə baş çəkdik.
Metronun “Nizami” stansiyası yaxınlığında “İran nemətləri” adlanan bir neçə mağaza var ki, orada həm də sulu qəlyan satılır.
Mağazalardan birinin satıcısı qəlyan satışı ilə bağlı onlara heç bir göstəriş verilmədiyini, yəni buna qadağa qoyulmadığını dedi. O bildirdi ki, hətta mağazada olan bütün qəlyanları satılıb qurtarıb, yaxın bir neçə günə İrandan yeni qəlyanlar gətirəcəklər: “Ən çox İran və Dubaydan qəlyan gətiririk. İçliklərini də əsasən İrandan gətiririk”.
Satıcı dedi ki, qəlyanların qiyməti ölçüsündən asılı olaraq 10-250 manat civarında dəyişir.
Digər bir mağazanın satıcısı da qəlyanların satışdan yığışdırılması ilə bağlı onlara heç bir xəbərdarlıq edilmədiyini söylədi. Onun sözlərinə görə, ölkəmizdə xeyli qəlyan həvəskarı var. Hədiyyə kimi də qəlyan alanların sayı az deyil: “Daha çox satılan isə Dubay qəlyanlarıdır. Çünki həm formaları, bəzəkləri qəşəngdir, həm də tüstüləri çox olur. Ən ucuz qəlyan 10 manatdır, onun tüstüsü az olur, həm də 2 adam üçündür. Əsasən hədiyyə kimi alınan qəlyanlar 50 manata başa gəlir. Onu azı 5-6 nəfər istifadə edə bilər”.
Daha sonra “Karanelli” adlanan çay evinə yaxınlaşaraq onlara polislər tərəfindən qəlyan qadağasının qoyulub-qoyulmamasını soruşduq.
Çay evinin eneceri Məhəmməd Muradov qəlyan satışının davam etdiyini və müştərilərin də qəlyan sevdiklərini söylədi: “Bizdə əsasən alma və qreyfurt içərisində hazırlanan qəlyanlar satılır. Almanın qiyməti 12, qreyfurtl qəlyanın qiyməti 15 manatdır. Hər dəfə qəlyan hazırlananda suyu dəyişilir, dəmirləri yuyulur. Müştük də xüsusi qablarda olur”.
- Bəziləri deyir ki, çay evlərində bir qəlyanı bir neçə müştəriyə satırlar…
- Xeyr, bizdə elə deyil. Çünki istifadə olunmuş qəlyan dərhal bilinir, almalı qəlyan sifariş edən adama daha öncə digər meyvə ilə quraşdırılmış qəlyan versən, əvvəlki meyvənin tamı gələr. Həm də ikinci dəfə çəkilən qəlyan acı dadır. Çəkənlər bunu dərhal bilir. Ən çox satılan qəlyanlarımızın içliyi isə saqqız, vanildir. 15 müştəridən 10-u bunu istəyir.
- Sulu qəlyan vasitəsilə narkotik qəbul edildiyi də bildirilir. Bu barədə nə deyə bilərsiniz?
- Vallah, bizdə elə şey mümkün deyil. Başqa da nəsə deyə bilmərəm.
Yekunda qeyd edək ki, çəkdiyiniz qəlyanlar sizin həyatınızı əlinizdən ala bilər. Belə ki, Misirdə aparılan son təcrübələr göstərir ki, daim qəlyan çəkənlərin ağız boşluğundakı selikli qişasındakı xromosomlar ilə siqaret çəkənlərin xromosomları arasında heç bir fərq yoxdu. Bu da həmin nahiyədə bədxasiyyətli şişlərin yaranmasına səbəb ola bilir.