“Duzlu gölə qoyulan qadağa builki yay mövsümündə də götürülməyəcək. Müalicəvi əhəmiyyətli Duzlu göldə çimmək təhlükəlidir”.
Bunu virtualaz.org saytına Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri Ziyəddin Kazımov bildirib.
Onun sözlərinə görə, Duzlu gölün fəaliyyətinin dayandırılması ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə, eləcə də ərazi polis bölməsinə rəsmi müraciət edilib. Müraciətdə ərazidə antisanitariya şəraiti nəticəsində yoluxucu xəstəliklərin yayılma ehtimalı da qeyd olunub.
“Duzlu göldə primitiv müalicə aparılır, hər yan çirkab içindədir. Belə olduğu halda necə müalicəvi təsiri ola bilər?” - deyə Z.Kazımov sual edir.
RGEM ərazinin çimərlik kimi istifadə edilməsində Suraxanı Rayon İcra Hakimiyyətini günahlandırır.
Qeyd edək ki, qadağanlara baxmayaraq Duzlu göldən çimərlik kimi istifadə edilir. Hətta göldən götürülmüş palçıqlar torbalara doldurularaq satışa çıxarılıb. Səhiyyə qurumu tərəfindən rəsmən qadağan edilmiş çimərliyə gediş-gəliş üçün hər il iyunun 1-dən avtobus xətti ayrılır.
Digər çimərliklərdəki vəziyyətə gəldikdə isə Z.Kazımov araşdırmaların yekunlaşdığını, götürülmüş nümunələrin müayinə edildiyini dedi: “Müayinələrin nəticələrindən asılı olaraq çimərlik ərazilərində dəniz suyunun vəziyyətini müəyyənləşdirəcəyik. Nəticələr yaxın günlərdə bəlli olacaq”.
Xatırladaq ki, ötən il Səbayel rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərində bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olub. Buna görə də həmin ərazilərdən istifadə qadağan edilmişdi.