Ağcabədidə su uğrunda ölüm-dirim savaşı

5-06-2014, 11:49   
Ağcabədidə su uğrunda ölüm-dirim savaşı
Rayonun Subartezian Quyularının İstismarı İdarəsinin rəisi əhaliyə qan uddurur

Ağcabədi rayonunda subartezian quyuları uğrunda əsl savaş gedir. Torpaqların suvarmaya ehtiyac olması əkinçiləri üz-üzə qoyub. Səbəb isə çox sadədədir.

Məsələ belədir ki, Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinin balansında 822 subartezian quyusu, 8 artezian vardır. Həmin quyulardan 90-ı içməli, 732-i isə suvarma məqsədi ilə istifadə edilir. Amma bu quyuların işləməsi elə bir sistemdə həyata keçirilir ki, sanki hamısı özəlləşdirilib.

Demokratiya.info-ya rayondan verilən xəbərlərə görə, Ağcabədidə artıq su üstündə ciddi mübahisələr var. Belə ki, Subartezian Quyularının İstismarı İdarəsinin rəhbəri Fəxrəddin müəllim vəzifə başına keçdikdən sonra qaydaları tamamilə dəyişib. Həmin qaydalara əsasən pulu olan şəxs öz əkin sahələrini suvara bilər. Əks təqdirdə, fermerin məhsulunun yanması onun üçün elə də əhəmiyyət daşımır. Xəbərlərdə vurğulanır ki, Fəxrəddin müəllim quyuların bir çoxunu artıq satıb. Belə ki, o, pulu olanlara subartezian quyularını təklif edir və aralarında anlaşmaya əsasən istifadəyə verir. Bu zaman hər quyunun 100 manatdan başlayaraq qiyməti müəyyən edilir. Bir də ki, bu fermerin istifadə etdiyi əksin sahəsinin miqdarına bağlıdır. Əgər torpaq sahələri çoxdursa, qiymət də dəyişməyə başlayır. Təbii ki, bu zaman alınan pullar qanuni qaydada sənədləşdirilmir. Əksinə, bu pulun böyük qismini cibinə qoyan idarə müdiri az bir qismini köçürmə etməklə gözə kül üfürür.

Məlumatlar da o da deyilir ki, Fəxrəddin müəllim təkcə su quyularını deyil, transfomatorları və nasosları da satışa çıxarıb. Belə ki, o, su quyuları üçün nəzərdə tutulmuş tansformatorlara yaxın evlərin sakinlərinə elektrik enerjisi təklif edir. Məlumatlara görə, bu zaman ucuz elektrik əldə etmək istəyən sakinlər də onunla razılaşırlar. Nəticədə, su quyuları üçün nəzərdə tutulmuş transfomatorlar təyinatından kənar işləyir. Amma qazancı da Fəxrəddin müəllim götürür.

Qeyd edək ki, Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinin yarıtmaz fəaliyyəti nəticəsində artıq rayonda fermerlər arasında bir neçə dəfə dava-dalaş düşüb. Hələ bir müddət əvvəl bununla bağlı mətbuatda gedən məlumatlardan da aydın olur ki, Fəxrəddin müəllim yeni təyinat aldığı vəzifəsindən maksimum yararlanmaq istəyir. Yuxarıda qeyd etdiyimiz kimi, quyuları satışa çıxarmış idarə müdiri bunun nəticəsində insanları üz-üzə qoyub. Çünki quyunun pulunu verən vətəndaş başqasının bu imkandan yararlanmasına imkan vermir. Nəticədə, tərəflər arasında narızılıq baş qaldırır və ortalıq qarışır. Ancaq bütün bunlara baxmayaraq, Fəxrəddin müəllim hər dəfə vəziyyətdən çıxmağa nail olur. Hətta bəzən icra başçısına ciddi yalanlar satan idarə müdiri, yaranmış insidentləri başqa məsələlərlə yozmlayır.

Nəzərinizə çatdıraq ki, Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinin keçmiş müdiri bir müddət əvvəl işdən azad edilib. Onun işdən çıxarılmasının səbəbi də məhz qanunsuzluqlara yol verməsi üzündən olub. Onun yerinə təyinat almış Fəxrəddin müəllimin də fəaliyyəti əvvəlki rəisdən qəti fərqlənmir. Əksinə, Fəxrəddin müəllimin fəaliyyəti köhnə rəisi kölgədə qoyub desək qəti yanılmarıq.

Rayon sakinləri isə susuzluq üzündən əksin sahələrinin yandıqlarını deyirlər. Onlar bildirirlər ki, hal hazırda rayonda yalnız imkanı olanlar subartezian quyularından istifadə edə bilirlər. Yerdə qalanlar isə imkan düşdükdə torpaqlarını suvarmaq imkanı əldə edirlər.

Onlar bildirirlər ki, hal hazırda vəziyyət o qədər pisdir ki, insanlar nə edəcəklərini bilmirlər. Amma bəziləri deyir ki, bu şəkildə davam edərsə, Fəxrəddin müəllimə qarşı ayğa qalxmalı olacaqlar. Köhnə rəisin işdən çıxarılmasından sonra düşündük ki, vəziyyət dəyişər. Amma rəis Fəxrəddin müəllim lap ağını çıxarıb. İşi o yerə çatdırıb ki, açıq şəkildə hamıdan pul tələb edir. Və tələb etdiyi pul da istifadəyə görə deyil, özünün cibinə qoyması üçündür».

Fermerlərdən birinin dediyinə görə, bir neçə dəfə məsələni Fəxrəddin müəllimin qarşısında qaldırıblar. Amma hər dəfəsində onları başından edən idarə rəisi yeni «qaydalar»la işləməyi məsləhət bilib. «Hələlik düşünürük ki, icra başçısı ilə bu məsələni müzakirə edək. Əgər bu da bir nəticə verməsə, fermerlər Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinin binası qarşısında aksiya keçirəcəklər. Bu aksiya o vaxta kimi davam edəcək ki, Fəxrəddin müəllim istefaya getsin».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.