Doğulduğu ilk günlərdən Birmingem şəhərindəki xəstəxanada çarpayısına məhkum olmuş 10 aylıq Oskar Tasker barədə danışan həkimlər əsl möcüzə baş verdiyini deyirlər.
Oskarı valideynləri Ceyson və Lois evə aparıblar.
Evdə balacanı 4 qardaşı və bacısı gözləyirdilər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həkimlərin "sağ qalması üçün mütləq şəkildə ürək transplantasiyasına ehtiyacı var" dedikləri Oskar Tasker faktiki olaraq öz-özünü müalicə edərək ölümcül bəladan qurtarıb.
Oskarın atası, 33 yaşlı Ceyson Tasker deyir: "Əgər bir neçə ay əvvəl mənə kimsə desəydi ki, Oskarı bir günlük də olsa, evə apara biləcəyik - inanmazdım. Çox qorxulu aylar yaşadıq. Oskarın öləcəyini düşünürdük. Amma şükür Tanrıya, oğlum Əzrayılı aldada bildi".
Oskar kəskin ürək çatışmazlığı ilə doğulmuşdu və onun ürək arteriyası yanlış mövqedə idi. Həkimlər deyirdilər ki, uşağın yeganə xilas vasitəsi ürək transplantasiyasıdır.
Balaca Oskar "süni ürək" aparatı vasitəsilə həyatda qalmışdı.
Valideynlər isə kritik 100 günü yaşayırdılar.
Bu 100 gün ərzində Oskar Tasker ürək transplantasiyasına ehtiyac duyanların siyahısına daxil edilməliydi.
Ancaq həkimlər təəccübləndilər: çünki balaca oğlanın ürəyi öz-özünü müalicə etməyə başlayıb.
Oskarı müayinə və müşahidə edən uşaq kardioloqu Riçard Kirkin dediyinə görə, balaca oğlan "süni ürək" aparatına qoşulmuş vəziyyətdə olduğu zaman onun ürəyi dincəlib və özünü bərpa edib.
"Yəqin, Tanrı Oskarı görüb və balacanın ürəyi işləməyə başlayıb. Oskarı transplantasiyaya ehtiyac duyanlar siyahısından çıxardıq və normal müalicəyə başladıq".
5 uşaq anası, 28 yaşlı Lois Taskerin dediyinə görə, Oskarın durumu indi yaxşıdır.