Ədalət Babayevin ölümünə səbəb olan hadisə onun üzəri tez-tələsik taxta və torpaqla örtülmüş köhnə mazut çəninə düşməsi olub
Xəbər verildiyi kimi, iyunun 3-də Astarada bədbəxt hadisə baş verib. JAM.AZ-ın məlumatına görə, rayon Mərkəzi Xəstəxanasının həyətində gəzişən azyaşlı uşaq oradakı su quyusuna düşərək boğulub.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, dünyasını dəyişən azyaşlı Astara rayonu Səncərədil kənd sakini Ədalət Babayevdir.
JAM.AZ-ın əldə etdiyi məlumata görə, hadisə heç də bu qədər bəsit bir olay deyil. Belə ki, Ə.Babayev xəstəxananın həytindəki su quyusuna deyil, mazut çəninə düşərək boğulub. Həmin mazut çəni isə xeyli əvvəldən xəstəxananın həyətində olub və son təmir zamanı onun içi doldurulmayıb. Əksinə, həmin çətin yerləşdiyi ərazini bütünlüklə «Dikt» deyilən ağac yonqarından hazırlanmış məmulatla örtüblər. Açılışa qədər işləri çatdıra bilməyən icraçılar Astara rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən həmin çənin üzərini bütünlüklə torpaqlayıb, sonra da ora yaşıl ot örtüyü döşəyiblər.
Məlumatda qeyd olunur ki, ağac qırıntılarından hazırlanmış olan «Dikt» isə yağış və qar sularından islanaraq, çürüməyə başlayıb. Nəticədə, tamamilə yararsız hala düşən ərazi balaca Ədalət orada gəzərkən çöküb və bədbəxt hadisə baş verib.
Xatırladaq ki, Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı başlanmış əsaslı təmir işlərinin davam etdirilməsi, əlavə tibbi avadanlıq və inventarla təchiz olunması üçün prezident İlham Əliyev 2012-ci ildə sərəncam imzalayıb. Həmin sərəncama əsasən yuxarıda qeyd olunan işlərin görülməsinə dövlət büdcəsindən ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.