İyunun 26-da Silahlı Qüvvələrdə müəyyən kadr yerdəyişmələri gözlənilir.
Bu barədə informasiya “Axar.az”a etibarlı mənbədən daxil olub.
Mənbə 26 iyun - Milli Ordu günündə hərbçilərin maaşlarının artırılması məsələsi ilə bağlı yeni qərarın qəbul ediləcəyini bildirib. O, Silahlı Qüvvələrdə xeyli sayda şəxsə prezident tərəfindən general rütbəsinin veriləcəyini də qeyd edib.
Artıq Müdafiə Nazirliyində bununla bağlı xüsusi siyahının hazırlandığını bildirib. Müdafiə naziri Zakir Həsənovun general rütbəsi veriləcək şəxslərin siyahısını nəzərdən keçirdiyi və Ali Baş Komandana təqdim etdiyi vurğulanır.
Mənbənin sözlərinə görə, Ali Baş Komandan 7 nəfərin general rütbəsi verməklə, orduda aparılan islahatların məntiqi davamına dəstək olacaq. Bildirilir ki, korrupsiyanın aradan qaldırılması və yeni nazirin komandasının formalaşmasında bu yeni mərhələ olacaq.
Xatırladaq ki, general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin edilməsindən sonra bir neçə general Silahlı Qüvvələrdə xidmətdən uzaqlaşdırılıb və ciddi kadr islahatları həyata keçirilib. Ekspertlərin fikrincə, peşəkar kadrlara üstünlük verilməsi Azərbaycanın hərbi imkanlarını real müstəviyə keçirməyə xidmət edir.