Bu dəqiqələrdə El Hərəkatının sədri politoloq Eldar Namazov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində dindirilir.
Xəbər “Yeni Müsavat”a El Hərəkatındakı qaynaqdan daxil olub.
İyunun 5-də səhər saatlarında Baş Prokurorluğun müstəntiqi Sənan Paşayev Eldar Namazova telefon açaraq onu jurnalist Rauf Mirqədirov haqqında açılan cinayət işinin istintaqına dəvət edib. Müstəntiq istintaqın Eldar Namazova Leyla və Arif Yunusların fəaliyyəti ilə bağlı bir neçə sualı olduğunu da deyib.
Eldar Namazov istintaqa El Hərəkatı sədrinin müavini politoloq Zəfər Quliyevlə bərabər gedib. Z.Quliyev “Yeni Müsavat”a bildirib ki, dindirmə saat 15.00-da başlanıb: “Biz Eldar bəyi gözləyirik. Dindirmənin nə qədər sürəcəyi bilinmir. Eldar Namazov Baş Prokurorluqdan çıxandan sonra mediaya gərəkli açıqlama veriləcək”.
Yada salaq ki, “Ayna-Zerkalo” qəzetini Türkiyə təmsilçisi Rauf Mirqədirov Ankarada həbs edilərək Azərbaycana təslim edilib. O, Ermənistana cəsusluqda ittiham edilir. Leyla və Arif Yunuslar isə Azərbaycandan Dohaya gedərkən hava limanında saxlanıb. Evlərində və ofislərində axtarış aparılsa da onlara heç bir ittiham irəli sürülməyib.