Angela Merkelə yaxın alman şirkəti Azərbaycandan qovula bilər

5-06-2014, 15:51   
Angela Merkelə yaxın alman şirkəti Azərbaycandan qovula bilər
Azərbaycan Dövlət Neft Şirkəti Almaniyanın RWE neft-qaz konsernini Xəzərdəki offşor qaz yatağı “Naxçıvan”dan çıxara bilər.

Bu barədə Bakıda keçirilən ənənəvi beynəlxalq neft-qaz konfransı zamanı jurnalistlərə ARDNŞ-in I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.



X.Yusifzadə deyib ki, RWE şirkəti yataqda kəşfiyyat işlərini ləngidir və əgər şirkət müqavilə öhdəliklərinə uyğun olaraq tezliklə bu işləri yekunlaşdırmasa, “Naxçıvan” yatağının hasilatı və işlənməsinə dair müqavilədən kənarlaşdırılacaq.

“Bizdən bu yatağı almaq və işləri davam etdirmək istəyən başqa şirkətlər var” - deyə X.Yusifzadə bildirib.

RWE şirkətinin Avropa və MDB ölkələri üzrə yeni layihələrinin direktory Martin Vellens isə deyib ki, 2009-cu ilin sonunda Azərbaycanda fəaliyyətə başlayan şirkət hazırda “Naxçıvan” yatağında seysmik məlumatların, təzyiqin və geoloji tərkibin təkrar öyrənilməsini həyata keçirir. Bu işlər 2015-ci ildə başa çatacaq.

“Naxçıvan” yatağına dair RWE konserni ilə ARDNŞ arasında memorandum hələ 2010-cu ilin mayında imzalanıb. Tərəflər arasında imzalanmış memoranduma görə, alman şirkətinə bir il ərzində “Naxçıvan” dəniz strukturunda iş aparmaq şəraiti yaradılmalı idi. Lakin şirkət vaxtı düz 4 il uzadıb.



Alman şirkətindən əvvəl “Naxçıvan” yatağını ABŞ-ın “ExxonMobil” şirkəti almışdı. 1997-ci ildə bağlanmış müqavilə çərçivəsində Amerika şirkəti yataqda xeyli vəsait xərclədi. Amma 2001-2002-ci illərdə 150 milyon dollara başa gəlmiş ilk kəşfiyyat quyusunu qazan “ExxonMobil” layihədən imtina edib. Səbəb yatağın karbohidrogen ehtiyatlarının kommersiya baxımından az cəlbedici olması və kifayət qədər ehtiyatın olmaması ilə əlaqələndirilib.

Lakin vaxtilə Amerika şirkəti ehtiyatların kommersiya baxımından sərfəli olmadığını əsas gətirib layihədən uzaqlaşsa da alman şirkəti yenidən həmin yataqlara maraq göstərməyə başlayıb və uzun danışıqlardan sonra Dövlət Neft Şirkəti buna razı olub.



RWE şirkətinin “Naxçıvan” yatağında işləri ləng aparması risklərin böyük olması və ARDNŞ-in üzərinə heç bir risk götürməməsi ilə izah olunur. Qeyd edək ki, RWE şirkətinin əsas səhmdarları Almaniya kansleri Angela Merkelə yaxın hesab olunurlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.